Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 14:01

Günel İmran "Azadlığın üfüq xətti" (Hekayə)


Buludlu bir gündə evdə saxladığı pişik onun bütün əsəblərini yerindən oynadırdı .

Pişik bütün günü gah pəncərə qarşısında, gah da çöl qapısının ağzında dayanıb miyoldayırdı.

Evə gətirdiyi vaxt bu pişik çox sısqa idi. Heç vaxt küçədə olmamışdı.

Süddən təzə ayrılan körpə pişik ilk ət yeməyini onun gözləri önündə dadmış və nə qədər yemək qoymuşdusa hamısını acgözlüklə yemişdi.

O, isə heyvan xüsusiyyətlərindən xəbərsiz bir də baxmışdı ki yazıq pişik partdamaya düşüb .

Bütün gecəni pişiyin döşəkçəsinin yanında oturub onun yaxşılaşmasnı gözləmişdi. Pişik isə səhərə yaxın tərpənməyə başlamışdı.

Keçirdiyi nigaran gecədən sonra pişiyi sağ- salamat görüb yatmışdı.

Beləcə bu balaca pişiyi yedizdirməyin sərhədlərini bilmişdi. İndi isə vaxt çatmışdı, pişiyi evdə saxlamaq artıq imkansız idi, küçəyə çıxmaq istəyirdi.

Küçəyə çıxmaq üçün qapını açanda pişiyin özünü hamıdan qabaq çölə atmaq istəməsi və yalvaran baxışlarla baxmasını görəndə həmin vaxtın gəldiyini dəqiq bilmişdi.

Amma bu çətin bir seçim idi.

Ya onu bir dəfəlik küçəyə buraxmalı ,ya da onun miyoldamağını dinləyə- dinləyə hər dəfə qapı açılanda küçəyə qaçmamasına nəzarət edərək ev dustağı etməli idi.

Çünki başqa cür ola da bilməzdi. Küçədə zibilliklərdə eşələnən pişiyi evə buraxa bilməzdi və beləliklə birincini etməyi qərarlaşdırdı.

Bunu humanist bir qərar hesab etdi.Onu köhnə çantalarından birinə qoydu.

Fikirləşdi ki, evdən bir xeylək aralı aparıb azdırsın .Gedərkən yolda zibilxananın yanından keçəndə tərəddüd etdi.

“Yox onu evə geri götürüm.Yazıqdı, ömrü boyu ət ,balıq, hazır pişik yeməkləri yeməyə öyrəşmiş bu heyvan belə şəraitə çətin dözə”.

Geriyə atacağı ilk addımda pişik vəziyyətdən duyuq düşmüş kimi çantada vurnuxdu.

Bu sanki onun cavabı idi. “Mən azadlıq istəyirəm. Day əslən küçəli olan , ev heyvanı olmaq yox”. O , yolunu davam edirdi.

Harayacan gedəcəyini bilmədən gedirdi və bu onun xoşuna da gəlməyə başlamışdı. Çox xoş bir duyğu idi.

Yerimək, təzəlikcə gəzməyə başlayan körpə kimi...Bəlkə sərhədlər, torpaqları bir –birindən ayıran dənizlər ,okeanlar olmasa idi bütün dünyanı beləcə gəzərdi.

Qarşısına hər tayı yolun bir tərəfinə diyirlənmiş bir cüt ayaqqabı çıxdı.Ətrafına baxdı ki, görsün kimindi.

Kimsə sanki yol getməkdən bezib ayaqqabılarını tullamışdı. Sonra baxdı ki , qabaqda yıxılıb-duran bir əyyaş gedir.

Yalan olmasın spirtin iyi bütün regionu sterilizə etməyə bəs edərdi və bütün bəşəriyyətə ünvanlanan mahnısını oxuyurdu.”Kim ki, yüz il yaşamasa günah onun özündədir”.

Sərxoş halda fəlsəfi baxış... Yolun kənarında dayanan iki nəfər isə bu kişiyə baxıb gülüş qarışıq təəssüfə bənzər üz ifadəsi ilə “Özünü bədbəxt elədi də .

İçki bunu məhv elədi”. Ayaqqabıdan yiyəsinin ayağının istisi getməmışdi ki, 5- 6 yaşlarında bir qaraçı uşaq gəlib çatdı.

Qırmızıya çalan pırtdaşıq saçları, alnında gəzən bitlər və dünya mənim evimdir deyən məğrur yeriş...Elə başındakı bitlər qədər sərbəst idi.

Yiyəsiz qalmış ayaqqabını qucaqlayaraq, fərəsətliliyi ilə öyünürcəsinə getdi.

Təmiz dəri ayyaqqabı tapmışdı, özüdə elə köhnə deyildi.Yolunu davam etdi. Qarğalar yaman çoxalmışdı.

Olsun ki,qar yağacaqdı.

Dünən buradan keçərkən iri bir boz köpək çıxmışdı qarşısına və qəfil qarşısına çıxan itdən yaman qorxmuşdi .İndi isə həmin itin dünən gəmirdiyi sümüyü qarğalar dimdikləyirdi.

Onun isə gözləri baxır ayaqları dayanmadan gedirdi.

Mənzili məlum olmayan səfərində çatdığını duydu.

Çantanın ağzını bir balaca açdı ki, o gedəndən sonra pişik yüngül bir səylə çantadan çıxa bilsin və çantanı zeytunluqda yerə qoyub getdi.Geri qayıdanda yolun o biri üzünə keçdi.

Bir az getmişdi ki, “Kim ki, yüz il yaşamasa , günah onun özündədir” musiqisini bayaq ifa edən kişini yaxınlıqdakı dükanın qarşısındakı mərmər döşəmənin üstündəcə mışıl- mışıl yatmış gördü.

Kişi gözünün qurdunu öldürürdü.

Öləndə mərmər yorganda yatmayacaqdısa da, heç olmasa indi mərmər döşəkdə yatırdı. Bir az da yol getmişdi ki, kiminsə çağırışına diksindi.

Yanından ötdüyü qadın koloniyasının dəmir barmaqlıqlı pəncərəsindən bayaqkı bitli, sirkəli qaraçı uşağa bənzər bir uşaq “ ay qız” deyə onu çağırırdı. Lağ- lağı edərmiş kimi gülürdü.

Uşağın həbsxana divarı kimi rəngsiz simasına rəng qatan başına qonmuş olan uğur böcəyi idi.

Qaraçı küçələrdəcə başından ətrafa yaydığı bitlər kimi hərəkətlərində haşiyəsiz idi, dəmir barmaqlıqdan baxan bu körpə isə başına qondurduğu saç rezininin üzərindəki plasmas uğur böcəyi ( parabizən) qədər haşiyələnmişdi.

Bəlkə də onun mənbusluq hökmünü anasının bətnidə vermişdilər. Sataşmaq məqsədi ilə etdiyi bu hərəkətlə bu qızcığaz cəmiyyətə “dəmir barmaqlıdan baxsam da mən də varam”çağırışını edirdi...

Uşağın səsini arxada qoydu, bayaq gedəndə gedəcəyi ünvanı bilmirdisə də, indi qayıdacağı ünvan evi idi.

Sümüyü qarğalara təslim edən boz köpəyin maşın vurmuş cəsədini yolun kənarında gördü.

O,bunu görəndə pişiyini azdırdığına bir balaca peşman oldu. Binaya daxil olub piləkənlə mənzilinə qalxdı. Pişiyi qapının ağzında idi.

Bayırdan qapını iti cayanqları ilə cırmaqlayırdı ki, açsınlar.

Tüklərinə yapışımş çürümüş pomidor qalıqları, ayağındakı palçıqlara baxmayaraq pişik küçəyə çıxmaq istədiyi zamanlardakı qədər zavallı, aciz görünmürdü.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG