Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 01:40

Naxçıvan fermerləri subsidiyaların mənimsənildiyindən şikayətlənir...


Foto: Arxiv
Foto: Arxiv
-
Naxçıvan Muxtar Respublikasında fermerlər dövlətin ayırdığı subsidiyanın bir hissəsinin mənimsənilməsindən şikayətçidirlər. Fermerlərin sözlərinə görə, dənli bitkilərə görə 1 hektara ayrılan 80 manatlıq subsidiyanın yerinə onlara cəmi 40 manat ödənilir. Onlar deyir ki, digər bitkilərə görə ayrılan 40 manatlıq subsidiyadan isə ümumiyyətlə pul ala bilmirlər.

«HEÇ KİM QORXUSUNDAN ŞİKAYƏTƏ GETMİR»

Babək rayon Sirab kənd sakini Qadir Quliyev bildirir ki, 5 hektara yaxın ərazidə taxıl əkib, amma subsidiyanı tam ala bilməyib:

«Naxçıvanda 80 manat söhbəti yoxdur. Burada il ərzində dənli bitkilərə görə cəmi 40 manat verirlər. Mən neçə ildir əkirəm, cəmi bir dəfə 80 manat almışıq. Özüm dəfələrlə şikayət etmişəm, xeyri olmayıb. Fermerlərə təklif etmişəm ki, gəlin bir yerdə şikayətə gedək, heç kim qorxusundan gəlmir. Biri deyir oğlumu işdən çıxararlar, biri deyir dəlixanaya salarlar, biri deyir məni tutarlar. İcra hakimiyyətində deyirlər ki, bu sədrin göstərişidir deyə, biz heç nə edə bilmərik. Hər il yarıbayarı kəsirlər. Mən qanunla 360 manatdan çox subsidiya almalı idim, cəmi 180 manat aldım. Tək məndən 180 manat kəsiblər. Gör mənim kimi neçə fermer var. Bu pullar hara gedir, bilmirik».

Naxçıvan Muxtar Respublika Kənd Təsərrüfatı Nazirliyindən fermerlərin iddiasını rədd etdilər.

«KİM DEYİRSƏ, DÜZ DEMİR»

Babək rayon Sirab kənd icra nümayəndəsi Qasım Qasımzadə isə fermerlərə ayrılan subsidiyanın iki hissəli ödənişlə verildiyini deyir:

«Gedib vətəndaşın sahəsini ölçürük. Sonra hər hektara görə onlara 80 manat subsidiya ödənir. Kim deyirsə, düz demir. Gedib bankdan alırlar pullarını. Həmin pullar 2 dəfəyə verilir. 40 manat indi, 40 manat da payızda».

Natiq Cəfərli
Natiq Cəfərli
«BU MEXANİZM KORRUPSİYA ÜÇÜN ƏL YERİDİR»

İqtisadçı-ekspert Natiq Cəfərli isə deyir ki, Azərbaycanda subsidiya mexanizmi korrupsiyaya şərait yaradır:

«Bu mexanizmin özü yanlışdır. Dünyanın sivil ölkələrində kompensasiyalar son məhsula, keyfiyyətə hesablanır. Bu fermerlərdə bir stimul yaradır ki, daha keyfiyyətli məhsul istehsal etsinlər. Bizdə isə bu mexanizm fermerlərə kömək yox, korrupsiya üçün əl yeridir. Əkin sahələrinin həcmini kağız üzərində artırmaqla bu subsidiyalar mənimsənilir. Bu hallarla tez-tez qarşılaşırıq. Azərbaycanın digər bölgələrində subsidiyaların gecikdirilməsi ilə bağlı problemlər olsa da, həmin vəsaitin bir qisminin verilməməsinə aid faktlara rast gəlməmişik. Subsidiyanın bir qisminin mənimsənilməsi ilə bağlı şikayətlər Naxçıvandan gəlir. Naxçıvan bu məsələdə də «lider»liyi öz üzərinə götürüb».
XS
SM
MD
LG