Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 16:14

Metro köşkündəki satıcı: «Tikan üstündə oturmuşuq»


Foto: Arxiv
Foto: Arxiv
-
«Buranı sökməyəcəklər, qərar bizə aid deyil» – Bakı metrosunun «20 Yanvar» stansiyasının keçidində, dükanı elə pilləkənin ayağındaca olan satıcı qadın belə söyləyir və yaxınlaşan müştəriyə baxa-baxa sözünü bitirir: «Qərar metronun giriş-çıxışındakı dükanlara aiddir».

Bir sözlə, «20 Yanvar»ın çıxışındakı kiçik alış-veriş köşklərində çamadan ovqatı yoxdur. Başı mobil telefonundakı oyuna qarışan bir başqa satıcı «heç kim bizi burdan çıxarmayacaq, görərsiniz» – deyir. Deməyinə deyir, amma bu inamının nəyə söykəndiyini açıqlamır...

«YƏQİN Kİ... İŞSİZ QOYMAZLAR»

... «Tikan üstündə oturmuşuq» deyən də var. Məsələn, satıcı Əhməd Məmmədov:

- Bir həftə vaxt veriblər. Heç bilmirik hara söküləcək.
- Sizə başqa bir yer təklif ediblər?
- Yox, heç bir yer təklif etməyiblər. Amma yəqin ki, bizi işsiz qoymazlar. Bir yer taparlar.
- Söküləcək mağazalar yalnız metronun giriş-çıxışında yerləşənlərdir?
- Hələlik, «giriş-çıxışı» deyiblər.
- Bəs mağazanı köçürmək üçün keçidlərdə yer var?
- Yox, keçidlərdə yer yoxdur. Hər yer tutulub.
- Metronun giriş-çıxışında nə qədər mağaza var? Nə qədər adam çalışır orada?
- Təkcə çıxışda azı 6 mağaza var. Hər mağazada da bir sahibkar, bir satıcı. İndi hesablayın da... Görün, nə qədər adam burdan çörək qazanır...

QƏRAR HƏLƏ AÇIQLANMAYIB

Strukturu və rəhbərliyi dəyişəndən sonra Bakı Metropoliteninin ərazisindəki ticarət obyektlərinin sökülməsinə qərar verilib. «Bakı Metropoliteni» QSC-nin sədri Zaur Hüseynov martın 11-də Media forum saytına bildirib ki, keçidlərdəki ticarət köşkləri haqda qəti qərarını bir qədər sonra açıqlayacaq.

Qərarın dəqiq məzmununu, söküntünün giriş-çıxışdakı köşklərə, yoxsa metrostansiya keçidlərindəki bütün mağazalara şamil olunacağı barədə, hələlik, məlumat verilmir. Bu məlumatsızlıq köşklərdə çalışan yüzlərlə adamı gərgin duruma salıb.

Martın 12-də metrostansiya ərazisində alış-verişlə məşğul şəxslər yenidən aksiya keçirsələr də, suallarına cavab ala bilməyiblər. Bircə o bəllidir ki, martın 27-dək vaxtları var.

«ÜST-ÜSTƏ 2 DƏFƏ 2 MİN MANATA YAXIN PUL ALIBLAR...»

Adının açıqlanmasını istəməyən, «Xalqlar Dostluğu» metrostansiyasında 1.5 kvadratmetrlik ticarət sahəsi olan satıcı deyir ki, 10 ildən çoxdur burada işləyir:

«Köşkün yenidən qurulması üçün bizdən üst-üstə 2 dəfə 2 min manata yaxın pul alıblar. Bir dəfə müqavilə də bağlamışıq. Amma o müqavilədə nə yerhaqqının məbləği yazılıb, nə də başqa bir şey. Müqavilə illik olub. İcarəpulunu hər ay ödəmişik. Vergiyə ödənilməsi üçün hər ay əlavə 75 manat da vermişik. Amma özümüz rəsmi vergiödəyicisi deyilik».

Müsahibimiz onlara alternativ yer təklif olunmadığını bildirir:

«Ayın 27-dək boşaltmalıyıq. İndi alverə müdaxilə eləmirlər, amma deyiblər ki, əlavə mal vurmayın. Biz də, hələ ki, dükana mal gətirmirik. Elə nə var, onu satırıq».

Həmsöhbətimiz problemin necə çözüləcəyini bilmir. Deyir ki, burda daimi alıcıları vardı:

«Metro giriş-çıxışları, keçidlər daxil, bütün stansiyalardakı köşklər yüzlərlə adamın daimi iş yeridir».

«ƏLİMİZDƏ NƏ SƏNƏD VAR Kİ, MƏHKƏMƏYƏ DƏ GEDƏK?»

O, məhkəmə perspektivinə də inanmır. «Niyə» sualını belə cavablayır:

«Əlimizdə nə sənəd var ki, məhkəməyə də gedək?».

Bakı Metropolitenindəki ticarət köşkləri daha əvvəllər də media gündəminə düşüb. Buradan yığılan icarə haqlarının taleyi daim tənqidçi qəzetlərin diqqət hədəfində olub. Bakı Metropoliteninin keçmiş rəhbəri Tağı Əhmədov bir neçə il əvvəl AzadlıqRadiosuna müsahibəsində bildirmişdi ki, bu köşklərdə iki minədək adam çalışır:

«Hər ailədə 5 adamın olduğunu nəzərə alsaq, bu, Bakıda 10 min adamın özünə iş yeri tapması deməkdir və ordan qazanılan pul metropolitenə gəlir. Bakı Metropolitenindən istifadə edənlərin sayı gündə 1.1 milyon nəfər olarsa, bu ticarət köşklərini də aradan çıxararıq. Artıq «İçərişəhər», «Sahil» stansiyalarında dükan yoxdur. Yavaş-yavaş da yığışdırılacaq».

Sözügedən müsahibədə Tağı Əhmədov onu da bildirmişdi ki, həmin ticarət köşklərindən ayda 70 min manat vəsait yığılır və metroya sərf olunur:

«Bəziləri düşünür ki, guya orda qaz vurub-qazan doldururlar. Xeyr, qəpiklə olan şeydir və onları bağlamaq bizə daha sərfəlidir. 70 min metropolitenə heç nə etmir. Bu, ildə cəmi 840 min manat pul edir. Azərbaycanın bu pulu verməyə imkanı var. Amma söhbət iki min adamın işsiz qalmasından, 10 min adamın ac olmasından gedir».
XS
SM
MD
LG