Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 08:51

«Özümüz haqda qədim xalq obrazı yaratmağımız gülməlidir» [Debat]


Faiq Ələkbərov və Gündüz Ağayev (R)
Faiq Ələkbərov və Gündüz Ağayev (R)

-

"Faiq Ələkbərov

- Əsla elə deyil, yazıqlar olsun. Avropanı yamsılamaq üçün onların paltarını geyinib, saçlarımızı boyayacağıqsa, tariximizi, keçmişimizi nağıl, mif adlandıracağıqsa bizə yazıqlar olsun.

Gündüz Ağayev

- Sizin geyiminiz belə Avropa geyimidir..."

Xalqın qədim olub-olmaması ona nə qazandırır? Bəs Nuh peyğəmbərin azərbaycanlı olub-olmaması?

«Pen Klub»dakı debata karikaturaçı rəssam Gündüz Ağayev, tarixçi alim Faiq Ələkbərov, AMEA Tarix İnstitunun əməkdaşı, tarixçi Dilavər Əzimli, ADP-nin eks sədri, yazar, filosof Sərdar Cəlaloğlu və kulturoloq Elmir Mirzoyev müzakirəyə qatılıblar.

Səadət Akifqızı

Səadət Akifqızı
Səadət Akifqızı

- Faiq bəy, millətin qədimliyi başqa millətlərlə münasibətdə ona nə üstünlük qazandırır? Məsəlçün, yunanların digər Avropa xalqlarından hansısa üstünlüyü varmı?

Faiq Ələkbərov

- Əgər yunanlar fəlsəfə, mədəniyyət, tarix baxımından qədimdirsə hökmran bir dövlət olaraq ortaya çıxmalıydı. Ancaq görürük ki, belə deyil. Qədimlik anlayışı xalqın öz gücünü ortaya çıxarması üçün lazımdır. Ancaq etiraf etmək lazımdır ki, bu günkü Avropa mədəniyyətinin, demokratiyasının təşəkkülü ilə bağlı yunanların xidmətləri vardır.

Səadət A.

- Gündüz bəy, siz nə düşünürsünüz bu məsələdə, qədimlik anlayışı xalqa nə qazandırır?

Gündüz Ağayev

- Düşünürəm ki, tarix məsələsi, qədim xalq “yarışı” Avropada təqribən 18-ci əsrdən başlandı. Hər xalq öz nağıllarını uydurdu. Millətçilik Avropanı Birinci, İkinci dünya müharibələrinə gətirib çıxardı.

Qədimliklə öyünən xalq nümunəsi artıq var və biz artıq o prosesə gecikmişik. İndi biz qədim xalq olmağın nə anlama gəldiyini bilirik. “Mənim qədim tarixim var” söhbətlərinin prosesə heç bir dəxli yoxdur. Amerikalılar heç vaxt qədimliyi ilə öyünmür, Nigeriya mənşəli Amerika vətəndaşı demir ki, mən nigeriyalıyam, deyir ki, mən sadəcə amerikalıyam. Bu söz-söhbət gec-tez bitəcək. Tarix fəxr etmək üçün deyil, ondan ibrət götürmək üçündür.

Məsəlçün, yunan fəlsəfəsindən danışırıq. Bunu yunanlar özləri təkcə yaratmayıblar, Misir kitablarından tərcümələr ediblər. Yunanların indiki tarixi göstərir ki, onlar özləri də tarixlərindən çox da dərs çıxarmayıblar.

Azərbaycan Xalça Muzeyi
Azərbaycan Xalça Muzeyi

Biz indi deyirik ki, “Bizim xalçamız, mədəniyyət nümunələrimiz Parisdə, Londonda hansısa muzeydədir, onu bizdən oğurlayıblar”. Bu əslində oğurluq deyil, o mədəniyyət nümunələri qalsaydı dağılıb gedəcəkdi, muzeylərdə qorunub saxlanır, nəyi pisdir ki. Muzey özü də bir mədəniyyətdir. Biz gələcəyə baxmalıyıq. Keçmişdən nümunələr götürüb səhvlərimizi düzəltməliyik. Biz Axundovdan, Sabirdən, Mirzə Cəlildən danışırıq, amma onlardan heç bir şey öyrənməmişik. Elə yenə də Sabirin qəbri üstünə onun obrazları yığışır. Qədimlik xalqa heç nə vermir. Əsas odur, indi biz kimik. Əgər insan mənəvi cəhətdən boşdursa, nədənsə yapışmalıdır ki, itməsin. Bütün bu qədimlik söhbətləri boşluğun bir təcəssümüdür.

Faiq Ə.

- Bilirsiniz, biz 70 ildən çox sovet hakimyyəti altında yaşamışıq, cəmi 20 ildir müstəqilik və belə müstəqillik qazanan xalqlar özlərini nəyləsə əsaslandırmaq istəyir, qədimlik iddiaları da elə burdan doğur. Bəzi xalqlar isə qədimlikdən yeni torpaqlar işğal etmək üçün istifadə edir. Hər bir ulus, cəmiyyət keçmişini bilməlidir, ancaq orda ilişib qalmamalıdır. Bizim cəmiyyətin problemi ordadır ki, qonşumuz ermənilər özlərini qədim adlandırır, bizsə onlardan daha qədim olduğumuzu, bu torpaqlarda çoxdan yaşadığımızı sübut etməyə çalışırıq.

Biz gərək Avropa dəyərlərinə həddən artıq qapılmayaq, özümüzü orda axtarmamalıyıq.

Gündüz A.

- Siz deyirsiniz Avropaya inteqrasiya bizim xalqı korlayır, Avropanın yaxşısını götürüb pisini saxlamalıyıq. Bəs siz necə düşünürsünüz, müasir Azərbaycan gəncliyi necə olmalıdır?

Faiq Ə.

- İlk növbədə bizim təhsilimizə, elmimizə baxışımız dəyişməlidir. Biz keçmişə və gələcəyimizə adətən Avropanın gözü ilə baxırıq.

Səadət A.

- İndi telefon xəttində Sərdar Cəlaloğlu var. Sərdar bəy özünüzü qədim, yoxsa cavan xalqın nümayəndəsi sayırsınız.

Sərdar Cəlaloğlu
Sərdar Cəlaloğlu

Sərdar Cəlaloğlu

- Özümü cavan, yoxsa qədim xalq hesab etməyimin bir əhəmiyyəti yoxdur. Xalqlar da insanlar kimi doğulur, qocalır və tarixdən silinib gedir. Əgər bu gün Azərbaycan xalqı varsa, deməli o hələ ölüb gedən xalqlar siyahısında deyil, deməli cavan xalqdır. Bu gün Avstraliyada elə yerli xalqlar var ki, çox qədimdirlər amma dünya mədəniyyətinə heç bir töhfələri olmayıb. Xalqların rolu dünya mədəniyyətinə, sivilizasiyasına verdikləri töhfələrlə ölçülməlidir.

Səadət A.

- İndi tarixçi Dilavər Əzimli telefon xəttindədir. Dilavər bəy, sizcə müasir dünyada xalqların qədimliyi onlara nə verir?

Dilavər Əzimli

Dilavər Əzimli
Dilavər Əzimli

- Bilirsiniz, dünya yaranandan bəri xeyli xalqlar tarixin səhnəsindən silinib. Bundan sonra yeni adlar peyda olub.

Bu gün yeni yaranan bəzi xalqlar qədimliyə iddia edirlər. Biz bu cür iddia ilə çıxış edən xalqlara tarix baxımından cavab verə bilərik. Məsələ ondadır ki, qədim xalqlar belə iddialarla çıxış etmirlər. Qədimlik iddia ilə deyil. Qədimlik xalqın mifologiyası, antropologiyası ilə ölçülür. Belə xalqlardan biri də Azərbaycanda yaşayan türklərdir. “Azərbaycan” adlı bir sözü tarixi baxımdan ancaq yer adı kimi qəbul etmək olar. Ən qədim mənbələrdə bir də görürsən ki, Azərbaycanı Türküstan adlandırırlar. Azərbaycan coğrafiyası ərəb tarixçiləri tərəfindən təyin edilib. Mən Azərbaycan sözünü də, İran sözünü də qəbul etmirəm.

Bir sözü də deyim ki, qədim tarixə malik olmaq xalqa nə verir? Böyük tarixçi şərqşünas Bartold deyir ki, bütün kültürləri özündə əridən, həzm edən fars mədəniyyəti, dili türk dili ilə qarşılaşanda bir müddət sonra türk dilinə qovuşur, onun bir parçası olur. Gəlin biz bu gün müasir demokratiya şəraitində yaşayan Azərbaycan türkünün yaşam tərzinə baxaq. Görək demokratik Avropada olan tolerantlıq Azərbaycanda nə qədərdir. Bizim başqa xalqlara münasibətimizdə görünür tolerantlıq.

Gündüz A.

- Mən dəhşətə gəlirəm tarixçinin sözlərindən. Deyir ki, Avropada tolerantlıq bizdəkindən zəifdir. Mən bu ölkədə bir saqqal saxlaya bilmirəm, rəngli şalvar geyinə bilmirəm, bu vəziyyətdə rayona gedə bilmirəm. Qədimliyin tolerantlığa heç bir təsiri yoxdur, ancaq təhsilin, elmin təsiri var. Heç dinin də xalqın mədəniliyinə təsiri yoxdur.

Faiq Ə.

- Müxtəlif toplumlarda tolerantlıq fərqli ola bilər. Bu nisbi anlayışdır.

Gündüz A.

- Axı nisbilik necə ola bilər, bizim bilmədiyimiz başqa növ tolerantlıq da var? Bu, dözümlü yanaşma deməkdir.

Səadət A.

- İndi telefon xəttində mədəniyyətşünas Elmir Mirzoyevdir. Elmir bəy, son vaxtlar Nuh peyğəmbəri də Azərbaycan tarixi ilə bağlayırlar. Ümumiyyətlə, sizcə doğurdan da Nuh peyğəmbər azərbaycanlıdırsa bu bizim xalqa nə qazandırır?

Elmir Mirzoyev
Elmir Mirzoyev

Elmir Mirzoyev

- Vallah, mən falçı deyiləm axı. Mən hardan bilim Nuh peyğəmbər haralıdır. Axı mən nağılıçı deyiləm. Mən başa düşə bilmirəm biz nəyi müzakirə edirik? Bizim real həyatımızda hamı özünə bir baxsın, paltarına, telefonuna. Son 500 ildə bəşəriyyətin bütün dəyişiklikləri haradan gəlir, harada baş verir bu şeylər. Bizim xalq qabaqcıl xalqdır, hər şeyin yenisini istəyir, amma bunları sırf texniki mənaya yönəldir. Hesab edirlər ki, ictimai mənada yeni anlayışları götürməməlidirlər. Belə ola bilərmi ki, istifadə etdiyin hər şey sənə qərbdən gələ, amma ictimai modeli götürüb özün uydurasan.

Qədimlik xalqın təhsilinə, elminə, mədəniyyətinə təsir etmir. Qədim xalq olmaq anlayışı nasist Almaniyasında maksimum inkişaf etdirilmişdi. Bu işlərin axırı Almaniyanı elə yerlərə gətirib çıxardı ki, hələ də Almaniya bunun altından qalxa bilmir. İctimai mənada özümüzə bir qədimlik modeli yaratmağımızın heç bir mənası yoxdur. Bu gülməlidir. Mən başa düşə bilmirəm niyə bu bizim cəmiyyətdə var. Qərbi Avropada bu mövzular ağrılı keçib. Məsəlçün, biz təyyarəyə minirik, heç özümüz deyirikmi, gəlin bir təyyarə yaradaq? Bəs onda niyə özümüzə paralel sivilizasiya yaratmağa çalışırıq?

Gündüz A.

- Qədim xalq yanaşması yoluxucu xəstəlikdir. Əsas odur ki, indi sən kimsən və hara gedirsən. Həqiqətən də gülməli söhbətdir. Bizim kulinariyamız, Qarabağ atlarımız, mədəniyyətimiz var deməklə heç nə dəyişmir. Hə, deyək ki, paxlavamızın min yaşı var. Amma axı bunun bizim xalq kimi inkişafımızda bir rolu yoxdur. Bizim indi səhiyyəmiz nə gündədir, təhsilimiz nə gündədir. Vaxtilə Axundov xalqı bu savadsızılıqdan, cahillikdən xilas etməyə çalışırdı. Amma bu yaxınlarda Axundov haqqında film çəkdilər, az qaldı Axundovu həccə göndərsinlər. Bircə o qalmışdı. Qədimlik boş-boş söhbətlərdir. Xalq öz üzərində işləməlidir.

Faiq Ələkbərov və Gündüz Ağayev (sağda)
Faiq Ələkbərov və Gündüz Ağayev (sağda)

Faiq Ə.

- Əsla elə deyil, yazıqlar olsun. Avropanı yamsılamaq üçün, onların paltarını geyinib, saçlarımızı boyayacağıqsa, tariximizi, keçmişimizi nağıl, mif adlandıracağıqsa bizə yazıqlar olsun.

Gündüz A.

- Sizin geyiminiz belə Avropa geyimidir.

Faiq Ə.

- Biz intellektimizi oyatmalıyıq. İnsan haqlarıdır, demokratiyadır, qoy bunlar Avropada olsun. Ancaq bu günkü Avropa bir çox şeyləri bizdən öyrənib, Fərabilərdən, İbn Xəldunlardan öyrənib...

Debatın videoyazısı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG