Keçid linkləri

2024, 01 May, çərşənbə, Bakı vaxtı 23:26

Naxçıvanda müəmmalı həbs?


Hicran Qasımov
Hicran Qasımov

-

AXCP-nin Naxçıvanda həbs olunan yerli təşkilat fəalı Hicran Qasımovun taleyindən ailə üzvlərinarahatdır. Bu narahatlığı onun xanımı Səadət Qasımova AzadlıqRadiosuna müsahibəsində dilə gətirib.

«...HİCRANA İŞGƏNCƏ VERİBLƏR»

Sədaqət Qasımovanın dediyinə görə, həbsindən 16 gün ötsə də, həyat yoldaşı haqda dolğun məlumat ala bilmir:

«Söz vermişdilər ki, 15 sutkası tamam olandan sonra görüşə icazə verəcəklər. Sonra dedilər ki, istintaq dövrüdür, sən görüşsən, istintaqa təsir edə bilərsən. Dedim ki, heç olmazsa, uzaqdan göstərin, bilim ki, salamatdır. Qəbul etmədilər. Belə düşünürəm ki, Hicrana işgəncə veriblər deyə, bizimlə görüşə imkan verilmir. Hələ indiyə kimi heç kim açıqlama verməyib ki, nəyə görə həbs olunub. Neçə vaxtdır nazir Əhməd müəllimin qəbuluna gedirik, qəbul etmir. Sifariş göndərir ki, çıxıb-getsinlər, araşdırıb məlumat verərik».

VASİF TALIBOVUN BÜTÜN İŞLƏRDƏN XƏBƏRİ VAR

Səadət Qasımova bu həbsə aydınlıq gətirmək və əriylə görüşə şərait yaratmaları üçün Naxçıvanın Ombudsman Aparatına da getdiyini deyir:

«Bizi heç yaxına da buraxmadılar. Dedilər ki, Ülkər xanım (Ülkər Bayramova, Naxçıvanın ombudsmanı – red.) hər kiçik məsələyə görə narahat ola bilməz. Bir insanın həyatı nahaqdan zindana çevrilib. Bu, kiçik məsələdir? Tək bu deyil. Hara gedirik şikayətimizə baxan yoxdur. Vasif Talıbovun da bütün işlərdən xəbəri var. Axı bu məsələ mətbuatda dəfələrlə səslənib. Prezident İlham Əliyevə, onun xanımı Mehriban Əliyevaya elektron müraciətlər etmişəm, heç bir cavab yoxdur. Buradan da xahiş edirəm ki, mənim şikayətimə baxsınlar. Baxmayacaqlarsa, xarici ölkələrin birindən sığınacaq istəyəcəyik».

«BİZİM AİLƏNİ BİRDƏFƏLİK SİLMƏK İSTƏYİRLƏR»

Səadət Qasımova cəbhəçi ailəsi olduğundan daha öncə də təzyiq və təqiblərlə üzləşdiyini söyləyir:

«Bizim ailəni birdəfəlik silmək istəyirlər. Bir müddət öncə cəbhəçinin həyat yoldaşıyam deyə, məni işdən çıxardılar. 2009-cu il Bənəniyar hadisələrində heç bir günahım olmadan məni 2 gün Daxili İşlər Nazirliyinin zirzəmisində saxladılar. Bir oğlumuz əlildir, sahib çıxan yoxdur. Digər oğlumuz alitəhsillidir, ona iş vermirlər. İndi də ərimi həbs ediblər. Bizim ailəyə Naxçıvanda yaşamaq olmaz? Məgər Vasif Talıbovun xəbəri yoxdur ki, bir ailənin başına nə işlər gətirilib? Hər şeyi bilir, sadəcə, bir səbəb var –Hicran Qasımov cəbhəçidir».

AXCP Culfa rayon Təşkilatı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirib. Bundan bir neçə gün sonra polisin onu saxladığı və haqqında 2 aylıq həbs qətimkan tədbiri seçildiyi bəlli oldu. Ailəsi onun siyasi mənsubiyyətinə görə şərlənərək həbs edildiyini düşünür.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə onun həbsi ilə bağlı hər hansı açıqlama verməyiblər.

Hicran Qasımov hazırda Naxçıvan Penitensiar Xidmətinin Kəngərli rayonunda yerləşən təcridxanasında saxlanır.

Ailənin iddialarına münasibət öyrənmək üçün AzadlıqRadiosu dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da, ordan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG