Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 19:59

Ailəsi Suriyada döyüş bölgəsində qalıb, özü Azərbaycanda mühakimə olunur


-

“Özümü terrorçu hesab etmirəm. Ancaq istənilən vaxt kafirlərə qarşı vuruşmağa hazıram”.

Bunu martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində "Taliban" və digər silahlı birləşmələrin tərkibində vuruşmaqda ittiham olunanlardan biri 29 yaşlı Taleh Soltanov deyib. Onunla bərabər 49 yaşlı Firdovsi Yusifov da mühakimə olunur.

BİR AİLƏNİ PAKİSTANA APARAN GİZLİ YOLLAR...

Taleh Soltanov məhkəmə ifadəsində göstərib ki, 5 ildir ibadətlə məşğul olur. Namaza başlayandan az sonra elə ibadətlə məşğul olan bir xanımla ailə qurub. Tikintilərdə fəhləlik edib, günəmuzd çörəkpulu qazanıb.

"Bir gün eşitdim ki, Pakistanda şəriət dövləti qurulub. Qərara gəldim ki, ailəmi də götürüm, gedim orada yaşayım. Pul topladım... Təqribən 6 min manat... Həyat yoldaşımı, qaynanamı və baldızımı da götürüb yola düşdüm. Əvvəl İrana gəldik. Orada bəzi qardaşlarla görüşdüm, mənə bir telefon nömrəsi verdilər".

Taleh Soltanov həmin nömrə ilə Laçın Babayev adlı şəxslə əlaqə saxladığını, onun köməkliyi ilə özbəklərlə görüşdüyünü deyib:

"Özbəklər bizə kömək etdilər, gizli yolla Pakistana keçdik. Orada ailəmdən ayrıldım".

Təqsirləndirilən şəxsin ifadəsinə görə, azı 1 ay özbəklərin yanında qaldıqdan sonra azərbaycanlıların yanına köçüb.

"BAŞA DÜŞMÜŞDÜM Kİ, MƏNƏ SƏHV MƏLUMAT VERİLİB"

"Bazardan silah almışdım. Silah orada bazarlarda açıq satışdadır. Göy-göyərti satanın da silahı var. Aldığım silahı da sonradan satmaq üçün üstümdə gəzdirirdim. Pulum yox idi, istəyirdim ki, silahı satıb ailəmlə harasa gedəm. Pakistanda vəziyyət olduqca çətin idi. Yaşanası yer deyildi. Başa düşmüşdüm ki, mənə verilən məlumat səhv olub. Orada hər hansı şəriət dövlətindən söhbət gedə bilməzdi. Ona görə də qərara gəlmişdim ki, Türkiyəyə keçim".

Taleh Soltanova verilən ittihamlardan biri Pakistanda qanunsuz hərbi birləşmələr tərkibində təlim keçməkdən ibarətdir. Ancaq təqsirləndirilən şəxs bu ittihamla razılaşmır:

"Pakistanda silah almaq, güllə atmaq cinayət hesab olunmur. Mən oradakı tanışlarımla aradabir güllə atmağa getmişəm. Azərbaycana isə ümumiyyətlə, qayıtmaq fikrim yox idi. Ailəmi Türkiyəyə yollamışdım, istəyim də o idi ki, gedim ailəmə baş çəkim. Beləcə, 17 aylıq Pakistan həyatından sonra İrana gəldim. Məni gizli yolla Türkiyəyə keçirməyi üzərinə götürmüş adamı tapdım".

Taleh Soltanov həmin maşında hazırda onunla eyni müttəhimlər kürsüsünü bölüşən Firdovsini Yusifovla tanış olduğunu deyib.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, yolboyu bələdçilik edən şəxs Türkiyə sərhədinə yaxınlaşanda onları İranın xüsusi xidmət orqanlarının əməkdaşlarına təhvil verib. Hər ikisi İranda məhkəmə tərəfindən 1 illik cəzaya məhkum olunublar. Cəzanın 9 ayı başa çatdıqdan sonra azadlığa buraxılıblar. Azərbaycanın İrandakı səfirliyi onları Azərbaycana gətirdikdən sonra Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunublar.

Məhkəmə Firdovsi Yusifovu da dindirib. O, ifadəsində Pakistana şəriət dövlətinin bərpa etmək üçün getdiyini deyib.

AİLƏSİ SURİYADA QALIB

"Mən də Taleh kimi Miranşah şəhərində olmuşam. Azərbaycanlıllardan ibarət qəbiləyə qoşulmuşam. Qəbiləyə sonradan qətlə yetirilmiş Elçin Misirxanov başçılıq edirdi. Yaşım çox olduğuna görə məni əmir seçmişdilər. Orada həyatım çətinliklə keçirdi. Başa düşəndə ki, mən səhv etmişəm, ailəmi də götürüb geri qayıtmaq qərarına gəldim. Postlardan birində atışma oldu və mən ayağımdan yaralandım. Yaralı vəziyyətdə İrana gəldim, Türkiyəyə keçmək istəyəndə bələdçi tərəfindən İranın xüsusi xidmət orqanlarına təhvil verildik".

Təqsirləndirilən şəxslərin ifadələri dinlənildikdən sonra hakim Rasim Sadıqov növbəti məhkəmə iclasını martın 18-nə təyin edib.

İstintaq tərəfinin iddialarına görə, hər iki şəxs 2012-ci ildən "Taliban" terror qruplaşması tərkibində təlimlər keçiblər. Firdovsi Yusifov "Taliban" tərkibinə daxil olan “Tayfat-ul Mansura”, Taleh Soltanov isə “Seyfullah camaatı” adlı silahlı dəstələrdə olublar. Onlar birlikdə Suriya Ərəb Respublikasının ərazisində terror hadisələri törətmək məqsədilə həmin ölkəyə getməyi qərarlaşdırıblar. Bu məqsədlə 2013-cü ilin avqust ayında Pakistandan İran ərazisinə qanunsuz keçərkən yerli hüquq-mühafizə orqanları tərəfindən saxlanıllıblar. Ötən ilin aprel ayında isə Azərbaycana təhvil veriliblər.

Ötən ilin sentyabr ayında Milli Təhlükəsizlik Nazirliyi tərəfindən yayılmış məlumatda bildirilir ki, hər iki şəxs Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak edib. Onlar bir-birləri ilə elə Pakistanda tanış olublar. Sonradan Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrdə iştirak etmək qərarına gəliblər. Taleh Soltanov ailəsini və qadınlardan ibarət yaxın qohumlarını Suriyada döyüşənlərin vasitəsilə həmin ölkəyə göndərib. Özü İranda həbsdə olduğu müddətdə Suriyada övladı dünyaya gəlib. Onun ailə üzvləri hələ də qızğın döyüşlərin getdiyi ərazilərdə qalır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG