Keçid linkləri

2024, 03 May, Cümə, Bakı vaxtı 02:03

"Depressiyamı Sokratın çıxışını oxumaqla dəf edirəm"


İbrahimxəlil
İbrahimxəlil

-

"Təsəvvür edin ki, 1937-ci ildir. Bir məmur Stalinə zəng edib katibəsinin gözlərinin rəngini soruşur..."

İki şeiri ilə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin finalına yüksəlmiş İbrahimxəlillə müsahibə

– İbrahimxəlil bəy, “Ədəbi Azadlıq”dakı şeirinizdən də göründüyü kimi, ədəbi mühitimizin ən ucqar nöqtəsində yaşayırsınız. Orda özünüzü necə hiss edirsiniz?

Lütfən bir az şeirlə aranızdakı bağın yaranması tarixçəsindən danışın, nə vaxtdan şeir yazırsınız?

- Unudulmaz Mirzə Cəlil 1910-cu il iyunun 13-də bunları yazıb: “Tiflisdə bizim məhlədə bir bağ var, adı Bataniçeskidir. Kişilər deyirdilər ki, bu bağ bahar vaxtı cənnətin bir guşəsinə oxşayır. Amma mən yazıq hələ indiyə kimi bu bağı görməmişəm”.

Doğrudur, siz məndən bağ-bağça haqda yox, bağ-əlaqə haqqında soruşursunuz, amma deyim ki, mənim Tiflisin “kreativ bağ”ından doğrudan da müfəssəl xəbərim yoxdur; arada-sırada anadilli mətbuatımızda oxuyuram ki, bəs deməzsənmi, Tiflisdə gürcü ədəbiyyatı, teatrı özünü tam yeniləyib, açığı, çox sevinirəm.

Mənim gürcü sənətindən Merab Mamardaşvili, Qoderzi Çoxeli, Terenti Qraneli kimi “seçilmişlər”im var; təəssüf ki, onların da heç biri həyatda yoxdur; öz axirət qazanclarının dalınca gediblər…

Amma mən sizə dünyanın “ucqar” adlı yerindən – ədəbi ərazisindən, Əyriqarın ətəklərindən bəzi misilləmə mətləblər deyə bilərəm.

Dünyanın ucqar deyilən yeri belədir ki, gərək Mənanı axtarmayasan, Mənanı özün yaratmağa çalışmalısan. Yoxsa səni az qala Aqasfer kimi yaşamağa məcbur edən tapılacaq: həmişə səfil, həmişə sərgərdan, cəlayi-vətən: burası var ki, Aqasferin heç olmasa bir günahı var idi: İsa Məsihə izin verməmişdi ki, heç olmasa bircə anlığa onun evinin divarına söykənib əsrlərin yorğunluğunu ala…

Mənim ədəbiyyatda elə bir əmanətdarlığım-əlahiddəliyim olmayıb; birindən başqa. Təvazökarlıqdan arazbarı uzaq da olsa, məni dünyanın ucqar yerinin yazarı olaraq ilk dəfə Vaqif Bayatı təbrik edib.

Adil Mirseyid
Adil Mirseyid

Amma söz adamları olan dostlarımla hər dəfə fəxarət hissi keçirdiyimdən Sınıq körpünün bəri üzündə Sizə daha çox onlardan danışa bilərəm: Allahverdi Təhləli, Adil Mirseyid, Əlabbas, Nəriman Əbdülrəhmanlı, Eyvaz Əlləzoğlu…

Mən qonaqpərvərlikdə məxsusi bir ad çıxarmasam da, günlərin bir günü Adilə qonaqlıq verdim. “Nərimanov”a yaxın bir yer idi; həyatım boyu unutmaram: Adil Paris haqqında bir şeir oxudu. Səməd Qaraçöp demiş, “canından şeir fışqırırdı”. Hayıf Adildən də, Eyvazdan da… Hayıf hər birimizdən.

Bir qədər qəribə olsa da, mən depressiyamı Sokratın məlum ədalətsiz məhkəmədəki vaqifanə çıxışını oxumaqla dəf edirəm. Hərdən-hərdən Tapdıq Yolçu Lilodan zəng edib Lilo “roman”ından parçalar oxuyur, hərdən də Tiflisdən Mirzə Məmmədoğlu indi bağlanmış “Media forum” saytına baxmağımı təklif edir.

Köçməməyimlə bağlı bunları “uydurub” Bakıdakı dostum “Qiyamçı” Əlabbasa göndərmişdim:

Əyriqarda bir mən qaldım;

qaldım – sellər, sular döyə…

Köçmədim, köçə bilmədim;

Sınıq körpü sınar deyə…

…amma Vahid Vəhdət Dünyasında nələr olmur?

Şairlərin haqqında bəzən “əbədiyyətə köçdü” yazırlar, şairlər əslində elə əbədiyyətdə yaşayırlar!..

– Həmişə Gürcüstanda yaşayan gənc yazarlar orda ədəbi mühitin ölü, sönük və köhnəlmiş olduğunu deyirlər. Burda günah kimdədir, Azərbaycan Yazıçılar Birliyində, ya gənc ədəbi nəslin yetişməməsində, ya da məsafələrin uzaqlığında?

– Etiraf edim ki, mən indiyədək ədəbi mühitin nə olduğunu bilmirəm; zənnimcə, elə müşkül məsələləri Mirzə Ələkbər Sabir, Rey Bredberi, Kamyu, Vaqif Səmədoğlu yaxşı bilərdilər. Əvəzində mən iradə azadlığının, fiziki azadlığın, intellektual azadlığın nə olduğunu heç də bəzilərindən pis bilmirəm.

Onu da bilmirəm ki, yeganəmiz Yer üzünün hansı nöqtəsində – Azərbaycandamı, Gürcüstandamı, Argentinadamı, Yamaykadamı Yazıçılar Birliyi, ya da Azad Yazarlar Ocağı hansı neçə yazara yardım edib ki, ədəbiyyat Olimpinə qalxsınlar?

Əgər yazar özü ölüdürsə, ölülüyü kənarda deyil, özündə axtarmalıdır; “sönük” və “köhnəlmiş” də eynən o minvalla. Qaldı əgər mənim artıq pulum olsaydı, Allahverdi Təhləlinin kitabını çap etdirərdim: altmışı haqlayıb, kitabının cildləri isə hələ də çarmıxdadır.

Gənclərə gəlincə, hazırda bizdə maraqlı ədəbi gənclik boy verməkdədir: Elmuraz, Azər Musaoğlu, Afayət Afiq, Almaz Mirzəoğlu, Kamuran, Vaqif Səyyah, Coşqun Cəfər, Vüqar Vəkiloğlu...

Təbii ki, onların hər biri, əgər istəsə, özü öz yolu ola biləcək; bizli də, bizsiz də. Mən məcbur olub Coşquna “Odunçunun orfoqrafiyası”nı yazdım: yazdım ki, ucuz tənqidbazlığın-kritikanlığın yolu bədii ədəbiyyatdan keçmir! Aladağdan, Qaradağdan keçə bilər, amma ədəbiyyatdan yox! O kritikanlıqla-tənqidbazlıqla gündəmdə müvəqqəti qalmaq da olar, diqqət çəkmək də olar, amma ədəbiyyatda qətiyyən!..

Bu gün Borçalıda ədəbi plankanın, ədəbi göstəricinin belə aşağı olmağı nə Allahverdi Təhləlinin günahıdır, nə Etimad Başkeçidin (Bakıda), nə Mirzə Qələmin, nə hər hansı Yazıçılar Birliyinin... bir yanı zarafat da olsa, bunu bəlkə də Tomas Morun “Utopiya”sında axtarmaq doğru olardı. Çünki yerli Mirzə Halaypozan Xanəxəraba bədii sözün nə olduğunu başa salmaq əyyami-qədimdən mümkün olmayıb.

– Sizcə, niyə Gürcüstandakı Azərbaycan ədəbiyyatı deyiləndə dərhal dastan, aşıq, bayatı, qoşma yada düşür, amma məsəlçün postmodernizm, surrealizm, avanqard ədəbi cərəyanlar yada düşmür. Bildiyim qədəriylə gürcü ədəbiyyatı özünü tam yeniləyib, bu ordakı Azərbaycan ədəbiyyatına təsir edə bilmirmi?

– Tufarqanlı Abbas bəlkə də bunu məxsusi olaraq bizim üçün deyib.

Duman, gəl get bu dağlardan,

Dağlar təzə bar eyləsin,

Nə gözlərim səni görsün,

Nə könlüm qubar eyləsin.

İstər postmodernist ol, istərsə sürrealist, qubar bağlamadın nə yazıq! Bir dəfə mən Səməq Qaraçöpə dedim ki, gərək sən şeirin avanqard tərəfində olaydın, Rafiq Hümmət sürrealizm tərəfində. Qayıtdı ki, bəs deməzsənmi:

Mən özümü kəsib satsam, gedərmi, –

Şair əti neçəyədi bazarda?

ELÇİN
ELÇİN

…Elçinin “Əkrəm Əylislinin anası” adlı bir miniatürü var: cəmi 233 sözdən ibarətdir.

Əgər sən həmin miniatürü o göstəricilərlə oxuyacaqsan ki, bəs deməzsənmi, Elçin həm də yüksək çinli dövlət məmurudur, yaxud Əkrəm Əylisli məlum “fəsadlar müəllifi” oldu, onda sən heç nə qazanmayacaqsan.

Çünki eynən poststrukturalizm tərəfdarları demiş, əsas bədii mətndir, alın bu da sizə bədii mətn!

Yəni burada mətləb Ananın barmaqlarındadır: bərəkət və bəsirət dolu barmaqlarında. Bu barmaqların çaldığı laylanı heç bir siyasət rəngi, heç bir totem-onqon, heç bir partiya, heç bir sünilik ifadə edə bilməz. Həyat sahələrini maddiyə və ruhiyə ayıranlara nə deyim…

– Şizcə, müasir şeir özündə vicdanı nə qədər daşıyır? Daha dəqiqi, şeirimizin ictimai yükdən azad olmaq üçün özünü başqa mövzularda təzahür etdirməsinə necə baxırsınız?

– Təsəvvür edin ki, 1937-ci ildir. Tabeçiliyində olduğu bir nəfər məsul məmur Stalinə zəng edib katibəsinin gözlərinin rəngini soruşur: eynən Anarın “Ağ liman”ında Nemət müdiri Dadaşdan Təhminənin gözlərinin rəngini soruşantək. Nə isə… İosif Vissarionoviç də ədəb-ərkanla cavab verir ki, zəhmət olmasa, katibəmin özünə zəng edib gözlərinin rəngini soruşasınız; mən yaxşı xatırlamıram…

Demək istəyirəm ki, əsl poeziya özündə həmişə vicdanı daşıyıb; istənilən vaxt, istənilən şəxsdən gözlərin rəngini soruşa bilib. Əlbəttə, siyasi lirikada, qafiyəpərvaz fəxriyyələrdə və mədhnamələrdə vaqif yazarların elə bil ilgisi, bir elə bağlılığı olmayıb. Əsl poeziya heç zaman ölməzlik iksiri, əbədiyaşarlıq vaksini hazırlaya bildiyi iddiasında olmayıb.

Hesab edirəm ki, "Ədəbi Azadlıq" bunu məndən qat-qat artıq bilir. Yəni dünyanın ucqar yeri hara, mərkəzi-paytaxtı hara?

– “Ədəbi Azadlıq” müsabiqəsi sizə nə verdi və ümumiyyətlə, gürcüstanlı bir şair üçün ədəbi müsabiqələrin nə kimi önəmi var?

– Elə müsabiqənin adı mənə çox mənalı mətləblər deyir: Ədəbi Azadlıq. Çünki mən pasportda gürcüstanlı olmaqdan dolayı, daha çox Kitabıstan adamıyam və bundan heç də peşman deyiləm.

– Bu il, şeir onluğuna düşmüş şeirləri necə görürsünüz, sizcə ədəbiyyatımızın keyfiyyəti ilbəildən yüksəlir yoxsa azalır, bəlkə də özünəməxsus şəkildə dəyişir?

– Arazbarı tozanaq təkrar da olsa, deyim ki, mən həmişə yaxşı şeirə sevinmişəm. Onluğa düşən şeirlər arasında da, düşə bilməyən şeirlər arasında da bəyəndiklərim çoxdur. Ümid edirəm ki, hər bir ədəbi müsabiqənin ancaq xeyri var. Sadəcə olaraq bu qəbildən müsabiqələrə neqativdən yox, pozitiv transformasiyadan baxmağı bacarmaq lazımdır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG