Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 23:04

Bakının iki fərqli kilsəsindən reportaj


Rus Pravoslav Kilsəsi
Rus Pravoslav Kilsəsi

-

«Mənim heç bir dini inancım yoxdur, Tanrıya inanmıram, ateistəm. Oxuduğum məqalələr, araşdırmalar bu nəticəyə gəlməyimə səbəb olub. Amma buna baxmayaraq, məscidlərdə, kilsələrdə, sinaqoqlarda oluram. Dinlərə mədəniyyət kimi yanaşıram».

«28 May» metrostansiyasının yaxınlığında yerləşən Rus Pravoslav Kilsəsində Paşkin belə deyir.

Bu kilsə dəbdəbəsi ilə diqqət çəkir. Ancaq dəbdəbəylə yanaşı, içəridəki sakitlik qulaq batırır, yandırılan ətirli çubuqların qoxusu adamı «vurur». Kilsənin dörd bir yanında şam yandırılıb. Bir neçə yaşlı rus qadını şamları yerləşdirir, yandırır.

Kilsənin divarları İsa peyğəmbərin, Məryəm ananın, pravoslavların digər müqəddəslərinin rəsmləriylə bəzənib. Burada oturacaqlar yoxdur, yalnız divarboyu bir neçə yerdə stullar qoyulub.

Rus Pravoslav Kilsəsi
Rus Pravoslav Kilsəsi

KATOLİKLƏRİN KİLSƏSİ DAHA MARAQLIDIR

Elə Paşkin də pravoslav kilsəsinin dəbdəbəsindən danışır:

«Divarlarda, tavandakı şəkillər, ikonalar kilsəni dəbdəbəli edir. Katoliklərdə isə bu, bir az fərqlidir. Onların kilsəsi daha sadədir. Etiraf edim ki, mənim üçün katoliklərin kilsəsinə getmək daha maraqlıdır. Bir fərq də var ki, pravoslavların kilsəsinə daha çox yaşlı ruslar, katolik kilsəsinə isə müxtəlif millətlərin nümayəndələri gəlir. Orada qaradərililərlə də, avropalılarla da, asiyalılarla da qarşılaşmışam. Həm də oraya, burdakı kimi, yaşlılar deyil, müxtəlif yaş qruplarından insanlar gəlir».

Kilsədə təxminən 5-10 nəfər olar. Onların bəziləri şam yandırıb ibadət edir, bəziləri isə kənarda oturub keşişi gözləyirlər. Amma kilsədə yalnız pravoslavları deyil, müsəlmanları da görmək olar.

«Müqəddəs Məryəm» katolik kilsəsi
«Müqəddəs Məryəm» katolik kilsəsi

«BURADA RUHUM SAKİTLƏŞİR»

Paşkin deyir, burada dini ayinlərdə, mərasimlərdə iştirak onu sakitləşdirir:

«Quranı da, İncili də oxumuşam. Hətta Tövratı da oxumağa başlamışdım, yarımçıq qaldı. Doğrudur, mən özüm inanmıram, amma ibadətə gələn insanların, xüsusilə də, yaşlıların necə sidqi-ürəkdən inandıqlarını görəndə ruhum bir az sakitləşir. Özümün isə Tanrıdan nəsə bir gözləntim yoxdur».

O, sinaqoqla məscid arasında müşahidə etdiyi oxşarlıqdan bəhs edir:

«Orada da, məsciddəki kimi, qadınlar və kişilər fərqli yerlərdə ibadət edirlər. Bir-birlərini görmürlər. Sinaqoqda həmçinin, həm çöldə, həm də içəridə hüquq-mühafizə orqanlarının nümayəndəsi ilə qarşılaşmaq olur. Amma mən kilsəyə, məscidə gedəndə orada belə mənzərə ilə qarşılaşmamışam. Polislər içəri girənləri yoxlayırlar».

«Müqəddəs Məryəm» katolik kilsəsi
«Müqəddəs Məryəm» katolik kilsəsi

«GÜNAHLARIMIN BAĞIŞLANMASI ÜÇÜN DUA EDİRƏM»

Metronun «Xətai» stansiyasının yaxınlığında yerləşən «Müqəddəs Məryəm» katolik kilsəsi isə dəbdəbədən çox uzaqdır. Çox az sayda şam yandırılır, divarlarda az şəkil var, içəridə başdan-ayağa oturacaqlar düzülüb.

Lena nənə həftədə bir neçə dəfə bu kilsəyə gəldiyini deyir:

«Burada rahatlıq tapıram. Günahlarımın bağışlanması üçün dua edirəm. Düşünürəm ki, özümdən asılı olan və olmayan səbəblərdən, yəqin ki, çoxlu günahlar etmişəm. Nə qədər ki, bura gəlib-gedə bilirəm, buna gücüm var, fürsətdən istifadə edib ruhumu sakitləşdirmək istəyirəm».

Yerli universitetlərin birində təhsil alan Fərid isə məscidə getdiyi kimi, kilsəyə də tez-tez gəldiyini deyir:

«Kimsə deyə bilər ki, müsəlman olduğum üçün məscidə getməliyəm. Ancaq buranı da Allahın evi hesab edirəm, ona görə də vaxtaşırı gəlirəm».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG