Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 10:44

Bir filmin Braziliyada yaratdığı qalmaqal 


Braziliya - Cinema -Rio Film Festivalı, Braziliyalı aktyor Lazaro Ramos (solda) və həyat yoldaşı, aktrisa Tais Araujo
Braziliya - Cinema -Rio Film Festivalı, Braziliyalı aktyor Lazaro Ramos (solda) və həyat yoldaşı, aktrisa Tais Araujo

Filmin ölkənin ifrat sağçı prezidenti Jair Bolsonaro hökuməti tərəfindən senzuraya məruz qaldığını düşünənlər az deyil.

“Executive Order” (“İcra əmri”) adlı Braziliya filminin ortaya qoyduğu distopik gələcək mənzərəsi cəmiyyətdə ciddi tənqid və ziddiyyətli fikirlərə səbəb olub.

Tanınmış aktyor Lazaro Ramosun ("Madame Sata") rejissorluq debütü olan bu film Moskvadan tutmuş Memfisədək bir sıra beynəlxalq festivalda mükafatlara layiq görülüb.

Nümayiş tarixi bəlli deyil

Ancaq filmin Braziliyada ilk nümayiş tarixi hələ məlum deyil. Ölkədə Milli Kino Agentliyinə (Ancine) qarşı ittihamlar get-gedə artmaqdadır. Agentlik Bolsonaro administrasiyasına sərf etməyən filmlərin qarşısını kəsməkdə günahlandırılır.

"Mən bunun bürokratiya, yaxud senzura olduğunu deyə bilmərəm, ancaq hər ikisi mədəniyyətin qarşısında maneədir”, – Ramos filmin Rio de Janeyro Film Festivalındakı nümayişi zamanı deyib. Bu hələlik, filmin Braziliyadakı yeganə nümayişidir.

"Executive Order" filmində baş rolları Ramosun həyat yoldaşı Tais Araujo, tanınmış aktyor və müğənni Seu Jorge ("City of God," "The Life Aquatic with Steve Zissou") və ingilis-braziliyalı ulduz Alfred Enoch ("Harry Potter", "How to Get Away with Murder") ifa edirlər.

Araujo ilə Enoch Capitu və Antonionu canlandırırlar. Capitu həkim, Antonio isə uğurlu vəkildir.

Araujo Capitunu "ilk vaxtlar irqçilikdən danışmaq istəməyən, sadəcə yaşamaq istəyən qara qadın” kimi təsvir edir.

"Ancaq sonradan həyat öz çağırışlarını edir və o məsələnin dərinliklərinə dalmalı olur”, – o deyir.

Struktur irqçilik

Filmin adının götürüldüyü həmin o "icra əmri” bütün qaraların, başqa sözlə “melanini çox olanların” – bu ifadə də ssenarinin orvelsayağı dilindən götürülüb – rəsmilərə təslim olması haqdadır. Rəsmilərsə onları Afrikaya göndərəcəklər.

Capitu, Antonio və onun kuzeni Andre (Seu Jorge) vasitəsilə tamaşaçı Afrika mənşəli braziliyalıların bu kütləvi deportasiyaya müqavimət göstərmək üçün səfərbər olunmasını görür. Təhlükəsizlik qüvvələri isə küçədə insanları həbs etməyə başlayır.

Film istər-istəməz bugünkü Braziliyada struktur irqçiliyini xatırladır. Braziliya Amerika qitəsində quldarlığı ləğv edən sonuncu ölkədir. Bu ölkədə quldarlıq yalnız 1888-ci ildə ləğv edilib.

Gerçək məmurlar

Maraqlıdır ki, filmdəki hökumət rəsmilərinin bəziləri Bolsonaro administrasiyasının real üzvlərinə çox bənzəyir. 2021-ci ilin aprelində Bolsonaronun müttəfiqi, Palmares Mədəniyyət Fondunun rəhbəri Sergio Camargo bu filmi boykot etməyə çağırıb.

"Bu başdan-ayağa qurban mentaliteti və prezidentimizə qarşı defamasiya hücumudur”, – Camargo deyib. İşin daha bir maraqlı tərəfi Camargonun özünün qaradərili braziliyalı olmasıdır. Onun daha öncə quldarlığın Afrika mənşəli insanlar üçün “faydalı olduğunu” deməsi cəmiyyətdə çaşqınlıqla qarşılanmışdı.

Milli Kino Agentliyinin filmin Braziliyada nümayişinə nə zaman icazə verəcəyi məlum deyil. Filmin yaradıcı heyəti filmin nümayişi üçün maliyyə vəsaiti almaqdan ötrü hələ 2020-ci ilin noyabrından ərizə verdiyini bildirib. Ancaq hələlik, onlara rəsmi cavab verilməyib. Agentliksə müraciətə baxıldığını və bunun “standart prosedur” olduğunu deyir.

"Marighella"

Bu, ziddiyyət doğuran ilk iş deyil. Məşhur "Narcos" serialının ulduzu Wagner Mouranın 2019-cu ildə çəkdiyi “Marighella” filmi Braziliyadakı hərbi diktaturaya (1964 – 1985) qarşı mübarizə aparan solçu partizan lideri haqda biopikdir.

Keçmiş ordu kapitanı olan Bolsonaro eyni zamanda keçmiş hərbi rejimin böyük pərəstişkarıdır. Ancaq həmin rejim insan haqlarını tapdalamaqla ad çıxarıb.

"Marighella" filminin Milli Kino Agentliyinə müraciəti 2019-ci ildə iki dəfə rədd edilib. Filmin Braziliyadakı ilk nümayişinə yalnız 2021-ci ilin noyabrında icazə verilib.

Bolsonaro 2019-ci ildə hakimiyyətə gələndən az sonra Braziliyada kino istehsalını “filtrləmək” istədiyini demişdi. "Əgər filtr olmasa, onda biz Ancine-dən qurtulmalı olacağıq”, – o demişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG