Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 12:20

SkyNews: Bahalı Britaniya avtomobillərini sanksiyalı Rusiyaya Azərbaycan çatdırır


Rusiyaya qarşı Qərb sanksiyalarına baxmayaraq Britaniya istehsalı olan bahalı avtomobillər üçüncü ölkələr vasitəsilə Rusiyaya çatdırılır.

Britaniyanın SkyNews telekanalının saytında dərc olunmuş xəbərdə deyilir ki, belə ölkələrdən biri də Azərbaycandır.

SkyNews jurnalistləri qeyd edirlər ki, Moskvaya qarşı Qərb sanksiyalarının tətbiqindən sonra Britaniyanın yüz milyonlarla funt sterlinq dəyərində elit avtomobilləri üçüncü ölkələrdəki araçılar vasitəsilə Rusiyaya gətirilməkdə davam edir.

Xəbərdə deyilir ki, məsələn 2023-cü ildə Britaniya avtomobillərinin Azərbaycana ixracı son beş illə müqayisədə 1860 faiz artıb.

Bu ixracın ümumi dəyəri 273 milyon funt sterlinq olub.

“Tamamilə misli görünməmiş artım”

SkyNews jurnalistləri bunu “tamamilə misli görünməmiş artım” adlandırıblar.

Azərbaycan “qəfildən və gözlənilmədən” Britaniya avtomobil alıcıları arasında Avstriya, Portuqaliya və İsveç kimi ölkələri geridə qoyaraq 16-cı pilləyə qalxıb.

Məqalədə deyilir ki, Azərbaycana avtomobil ixracı Britaniyanın heç bir ticarət statistikasına sığmır:

“Necə olub ki, 10 milyonluq əhalisi olan və ÜDM-i Qananın ÜDM-nə uyğun gələn bir ölkə iki-üç ilin içində Britaniyanın ən böyük alıcılarından birinə çevrilib?”

Britaniyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya

SkyNews yazır ki, Azərbaycana ixrac edilən avtomobillər kəmiyyət etibarilə, sanksiyalardan əvvəl Rusiyaya ixrac edilən Britaniya avtomobillərinin sayına uyğundur.

Başqa sözlərlə Britaniyadan Azərbaycana, Azərbaycandan isə Rusiyaya Britaniya avtomobillərinin ixracı sıçrayışla artıb.

Əslində isə Britaniyadan Rusiyaya dəyəri 42 min funt sterlinqdən baha avtomobillərin satışı ümumiyyətlə qadağandır.

Britaniya Gömrük və Vergi İdarəsinin məlumatına görə Azərbaycana ixrac edilən Britaniya avtomobillərinin orta qiyməti 100 min funt sterlinqdir.

Beləliklə söhbətin məhz lüks avtomobillərdən getdiyini təxmin etmək olar.

Almaniya avtomobillərini Rusiyaya Qırğızıstan çatdırır

Jurnalistlərin müraciət etdikləri mənbələr bildiriblər ki, Almaniya istehsalı avtomobillər Rusiyaya Qırğızıstan vasitəsilə çatdırılır.

Məqalədə deyilir ki, Britaniya avtomobil istehsalçıları Rusiyaya mal satmadıqlarında israr edirlər.

Əslində avtomobil, məsələn Azərbaycana çatdıqdan sonra onun real alıcısını müəyyənləşdirmək qeyri-mümkündür.

Londondakı Royal United Services İnstitutunun (RUSI) Maliyyə Cinayətləri Mərkəzinin direktoru Tom Kitinq (Tom Keatinge) deyir ki, Azərbaycan, Ermənistan və Rusiya arasında sıx iqtisadi bağların olması aşkardır və bu səbəbdən də bu əraziyə çatdırılan avtomobilin son mənzilini aşkar etmək olmur:

"Amma avtomobil ixracına gəldikdə özünə belə bir sual verməlisən: “Mən həqiqətənmi düşünürəm ki, birdən-birə ortalığa çıxan bu ixracatçı 100 avtomobil alırsa, onları üçüncü bir ölkəyə ixrac etməyəcək? Yoxsa onun əsl məqsədi sanksiyalardan yan keçib Rusiyaya maşın satmaqdır?”

Bu yaxınlarda Litvanın xüsusi xidmətləri Rusiyaya sanksiyalardan yan keçməkdə kömək edən şirkətləri aşkar ediblər.

Finlandiyada Rusiyaya qarşı sanksiyaları pozan sahibkara şərti cəza verilib və o cərimə olunub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG