Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 02:31

Cahangir Hacıyevin həbsxanada aclıq elan etdiyi bildirilir


Cahangir Hacıyev.
Cahangir Hacıyev.

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı cəzaçəkmə müəssisəsində 3 gündür aclıq etdiyi bildirilir. Vəkili Fəxrəddin Mehdiyev AzadlıqRadiosuna bildirib ki, C.Hacıyev saxlanma şəraitinə və müalicəsinə imkan verilməməsinə etiraz edir.

Vəkilin sözlərinə görə, 63 yaşlı C.Hacıyev uzun müddətdir qalxanabənzər vəzin funksional çatışmazlığı, ürək aritmiyası, hipertoniya və başqa xəstəliklərdən əziyyət çəkir. Bu üzdən gündə bir neçə dərman qəbul edir:

“Məhbusların sayı artdığından, cəzaçəkmə müəssisəsində sıxlıq yaranıb, antisanitariya hökm sürür. Cahangir Hacıyevin Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi, yaxud heç olmasa, müəssisə daxilində tibbi-sanitariya hissəsinə yerləşdirilməsi üçün dəfələrlə müraciət etmişik. Müsbət cavab verilməyib”.

“Ən adi məsələlərdə şərait yaradılmır”

Vəkil F.Mehdiyev deyir ki, son vaxtlar müvəkkilinin durumu daha da pisləşib. C.Hacıyevin qəbul etdiyi dərmanları yaxınlarının gətirdiyini söyləyən müdafiəçinin bildirdiyinə görə, onların bəziləri soyuducuda saxlanmalıdır, amma buna da imkan yaradılmır.

“Ən adi məsələlərdə də şərait yaradılmır. Bu səbəbdən, aclıq aksiyası keçirməklə bu duruma etiraz etmək qərarı verib. Mənə bildirdi ki, mayın 1-dən qida qəbul etmir. Yalnız su və dərman qəbul edir”, - vəkil F.Mehdiyevin sözləridir.

Penitensiar xidmət təkzib edir

Bacısı Əminə Hacıyeva da keçmiş bankirin aclıq etdiyini təsdiqləyib. O, qardaşının durumuyla əlaqədar mayın 3-də prezidentə müraciət edib.

Məktubunda vurğulayıb ki, C.Hacıyev 8 il yarımdır həbsdədir, onun tibbi yardım almaq hüququ məhdudlaşdırılır. Bacısının sözlərinə görə, qardaşı hazırda minimal yaşayış və yemək şəraitindən də məhrum qalıb.

“Mayın 1-dən ac qalır, vəziyyəti daha da pisləşir. Mənim və vəkillərin müraciətlərinə baxmayaraq, Penitensiar Xidmətin rəhbəri bizi qəbul etmir. Belə təəssürat yaranır ki, kimsə Cahangiri fiziki olaraq məhv etməyi qərara alıb”, - Ə.Hacıyeva müraciətində belə yazır.

Penitensiar Xidmət C.Hacıyevin aclığa başlaması, onun müalicə almaq hüququnun məhdudlaşdırılması barədə məlumatları təkzib edib:

“Məlumat həqiqəti əks etdirmir. Müəssisədə digər məhkumlarla birlikdə cəza çəkir”.

Bəylər Əyyubovun bacısı üçün qazanc yeri: Büdcə pulları hara gedir?
Gözlə

No media source currently available

0:00 0:06:22 0:00

Xatırlatma

On 4 il Beynəlxalq Bankın İdarə Heyətinin sədri olmuş Cahangir Hacıyev 2015-ci ilin dekabrından həbsdədir.

O, ötən 8 il yarımda iki dəfə məhkum edilib. İlk dəfə 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 15 il həbs cəzası kəsilib. Beynəlxalq Bankın 4.7 milyard vəsaitinin yeyintisində ittiham olunan C.Hacıyev ikinci dəfə 2019-cu ildə eyni ittihamlarla məhkum edilib. Bu dəfə onun cəzası 16 il 3 ayadək artırılıb.

C.Hacıyev özünü təqsirli saymır. O bildirir ki, Beynəlxalq Bankdan götürülən kreditlər müxtəlif layihələrin icrasına, müəssisələrin yaradılmasına yönləndirilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG