Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 21:14

Öncəki seçkilərdə İlham Əliyevə ən çox və ən az səs verən rayonlar hansılardır?


Bakıda prezidentliyə namizədlərin təşviqat plakatları vurulmuş lövhə. 2013
Bakıda prezidentliyə namizədlərin təşviqat plakatları vurulmuş lövhə. 2013

Dekabrın 7-də prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkisinin keçirilməsinə dair sərəncam imzalayıb. Sərəncama görə, həmin seçki iki ay sonra – gələn il fevralın 7-də baş tutmalıdır. Unutmaq olmaz ki, ölkədə sonuncu – 2018-ci ildəki prezident seçkisi də növbədənkənar qaydada keçirilmişdi. Əsas müxalifət partiyaları qatılmadığından həmin seçki rəqabətsiz ortamda gerçəkləşdirilmişdi. Bu baxımdan, Azərbaycanda nisbətən rəqabət şəraitində baş tutan sonuncu prezident seçkisi 10 il öncə - 2013-cü ildə keçirilib. O dövrdə əsas müxalifətin təmsilçiləri Demokratik Qüvvələrin Milli Şurasını təşkil etmiş və tarixçi Cəmil Həsənlini prezidentliyə namizəd göstərmişdilər. İstər beynəlxalq, istərsə müstəqil yerli təşkilatlar 2013-cü il seçkisində də bir çox qanun pozuntularının olduğunu bildirmişdi.

Azərbaycandakı seçkilərdə qanun pozuntuları az olmasa da, rəsmi açıqlanan nəticələrdə ölkənin hansı bölgələrində iqtidar və müxalifət namizədlərinə rəğbətin az və ya çox olması maraq doğurur. 2013-cü il prezident seçkisinin rəsmi nəticələrində indiki prezident İlham Əliyevin 84.5 faiz, Milli Şuranın namizədi Cəmil Həsənlinin 5.5 faiz, Ümid Partiyasının namizədi İqbal Ağazadəninsə 2.4 faiz səs topladığı açıqlanmışdı.

Prezident İlham Əliyev Bakıdakı seçki məntəqəsində səs verir
Prezident İlham Əliyev Bakıdakı seçki məntəqəsində səs verir

İqtidara ən az səs verən rayon - Füzuli

AzadlıqRadiosu Mərkəzi Seçki Komissiyasının (MSK) 2013-cü il seçkisi ilə bağlı açıqladığı rəsmi protokollar əsasında hesablama aparıb. Həmin seçkidə faiz etibarilə İlham Əliyevin ən az səs yığdığı dairə 84 saylı Füzuli seçki dairəsidir. Burada seçicilərin 78.2 faizi Əliyevə səs verib. Digər bir çox dairədən fərqli olaraq, Füzulidə rəsmi nəticələrə görə, ikinci yeri İqbal Ağazadə (6 faiz), üçüncü yeri Cəmil Həsənli tutub (5.7 faiz).

Maraqlıdır ki, Füzuli seçki dairəsi 2013-cü il seçkisində həm də etibarsız səslərin ən çox olduğu iki seçki dairəsindən biridir. Burada seçkiyə qatılanların 3.6 faizi bülleteni korlayıb. Seçki nəticələrinin analizi göstərir ki, müxalifət təmsilçisinin nisbətən daha yüksək səs faizi əldə etdiyi bölgələrdə etibarsız sayılan səslərin faizi də daha yüksəkdir.

Füzuli seçki dairəsi ilə yanaşı, Yevlax, Xətai birinci, Nərimanov-Nizami, Nizami ikinci (Gəncə) və Xankəndi seçki dairələri də iqtidar namizədi İlham Əliyevin 80 faizdən az səs yığdığı seçki dairələri arasındadır.

İsmayıllıda 'yüzbaşı'nın etirafı
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

İqtidara ən yüksək səs harada açıqlanıb?

MSK-nın açıqladığı rəsmi nəticələrə görə, prezident Əliyevin faiz baxımından ən çox səs topladığı dairələr Naxçıvan Muxtar Respublikasında yerləşən seçki dairələridir. Muxtar respublikada yerləşən yeddi seçki dairəsinin hər birində İlham Əliyevin 90 faizə yaxın səs topladığı açıqlanıb. Unutmaq olmaz ki, Naxçıvandakı seçki məntəqələri müstəqil müşahidəçilərin ən az təmsil olunduğu məntəqələr arasındadır.

Naxçıvan Muxtar Respublikasından sonra Əliyevin ən yüksək səs topladığı seçki dairələri Kəlbəcər (89.4 faiz), Xəzər (88.6 faiz) və Qaradağ (88 faiz) dairələridir.

Müxalifətin ən çox səs yığdığı bölgələr

MSK-nın açıqladığı rəsmi seçki nəticələrindən aydın olur ki, müxalifətin 2013-cü il seçkilərindəki əsas təmsilçisi Cəmil Həsənli Bakı şəhərindəki seçki dairələrində nisbətən daha çox səs alıb. Unutmaq olmaz ki, Bakı ərazisində müstəqil seçki müşahidəçilərinin də sayı nisbətən yüksək idi. Rəsmi nəticələrə görə, faiz etibarilə Həsənlinin ən çox səs topladığı seçki dairəsi Yasamal birinci seçki dairəsi olub. Bu dairə üzrə açıqlanan rəsmi rəqəmlərə görə, Cəmil Həsənli 13.3 faiz səs toplayıb. Müxalifətin ən yüksək səsə sahib olduğu ikinci seçki dairəsi Nəsimi birinci seçki dairəsidir. Burada Həsənlinin 11.9 faiz səs topladığı açıqlanıb. Bakıdan kənarda müxalif namizədin ən yüksək səsə sahib olduğu bölgə Zəngilan-Qubadlı seçki dairəsidir. Burada seçicilərin 8.8 faizi Cəmil Həsənliyə səs verib. Rəsmi nəticələrə görə, müxalifətin əsas namizədi ən az Naxçıvan Muxtar Respublikası ərazində səs toplayıb.

Birləşmiş müxalifətdən prezidentliyə namizəd Camil Həsənli Bakıdakı seçki məntəqəsində səs verir
Birləşmiş müxalifətdən prezidentliyə namizəd Camil Həsənli Bakıdakı seçki məntəqəsində səs verir

Seçkidə iştirak faizləri

Rəsmi açıqlamaya görə, 2013-cü ildəki prezident seçkisində iştirakçılıq 72.3 faiz olub. MSK-nın açıqladığı protokollara əsasən, ölkədə seçici fəallığının ən yüksək olduğu seçki məntəqələri Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Digər göstəricilər kimi, bu rəqəmlər də seçkilərdə saxtakarlığın miqyasının ən yüksək olduğu bölgənin Naxçıvan olduğunu göstərir. Muxtar respublika ilə yanaşı, Binəqədi və Lənkəran-Astara bölgələrində də rəsmi seçici fəallığı daha yüksək olub.

Rəsmi nəticələrə görə, seçici fəallığının ən aşağı olduğu seçki dairəsi Suraxanı birinci seçki dairəsidir. Burada seçkidə iştirak göstəricisi cəmi 58 faiz, yəni, ölkə ortalaması ilə müqayisədə təxminən 20 faiz daha aşağı olub. Seçici fəallığının nisbətən aşağı olduğu digər seçki dairələri də Bakı şəhərində yerləşən seçki dairələridir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG