Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 18:21

'Biletlər stadionun qarşısında üç-dörd dəfə baha satılırdı'


İlk gündə 15 min bilet satılıb
İlk gündə 15 min bilet satılıb

UEFA Çempionlar Liqasının pley-off mərhələsində avqustun 17-də keçiriləcək "Qarabağ"-"Viktoriya Plzen" matçına bilet satışı ilə bağlı şikayətlər eşidilir. Bəzi azarkeşlərin şikayətlərinə görə, oyuna elektron biletlərin satışını təşkil edən iticket.az saytı çöküb, satış bərpa olandan sonra isə bəlli olub ki, ucuz biletlər qurtarıb. Şikayətçilərin iddialarına görə, həmin biletlər qara bazarda satılacaq.

B.Hacıyev
B.Hacıyev

"Oyun günü qara bazarın şahidi olacağıq"

İctimai fəal Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, həmin matça bileti əziyyətlə ala bilib: "Mən özüm bileti 1 saat 12 dəqiqəlik əziyyətdən sonra aldım, rahat deyildi. Düşünürəm ki, oyun günü qara bazarın şahidi olacağıq".

O vurğulayıb ki, bundan əvvəlki oyuna ("Qarabağ" Macarıstan çempionu "Ferentsvaroş"la qarşılaşırdı) qara bazarda biletlər satılırdı: "Kifayət qədər də çox bilet var idi. Biletlər oyun günü (avqustun 3-ü) stadionun qarşısında əldən normal qiymətdən üç-dörd dəfə baha satılırdı".

Onun sözlərinə görə, texniki problemlərin qara bazar üçün süni yaradıldığını, yoxsa biletləri satan saytın kütləvi sorğulara hazır olmadığından meydana çıxdığını dəqiq bilmək çətindir.

"Qarabağ" futbol klubundan isə "Turan"a bildirilib ki, ilk gündə 15 min bilet satılıb: "Biletlərin qiyməti müvafiq olaraq 5, 15, 30, 50, 75 və 100 manat təşkil edir. Hazırda satış davam edir…".

"Bu oyuna gözləniləndən artıq maraq var…"

Klubdan qeyd olunub ki, "Qarabağ"-"Viktoriya Plzen" oyununa gözləniləndən artıq maraq var və bu səbəbdən texniki problemlər baş verib: "Bunun səbəbi eyni anda təxminən 100 min insanın "Qarabağ"ın oyununa bilet almaq istəməsidir. Bunun nəticəsində də saytın serverlərində həddindən artıq yüklənmə olub. Bu da texniki problemlərə gətirib çıxarıb. Əvvəlcədən açıqlamışdıq ki, biletlə bağlı bütün məsələləri "iTicket" şirkətinə həvalə etmişik. Dərhal biz klub olaraq şirkətlə əlaqə saxladıq. Görünən kimi, texniki nasazlıq tez bir zamanda aradan qaldırılıb".

"iTicket" MMC-dən də səbəb kimi texniki problem göstərilib: "Serverlərdə bu yüklənməyə görə problem yaranıb. Qısa müddətdə biletin satışı bərpa olunub".

Şikayətlərlə bağlı, hələlik, hüquq-mühafizə orqanları ilə danışmaq mümkün olmayıb.

N.Bəydəmirli
N.Bəydəmirli

"Vətəndaşının əməkhaqqına uyğun deyil"

İqtisadçı Nazim Bəydəmirli AzadlıqRadiosuna bildirib ki, bəzi ölkələrdə müxtəlif futbol klubları defisit yaradıb piar kampaniyası aparırlar: "Eyni zamanda, klublara yaxın şirkətlər var ki, özləri biletləri alıb sonra da sata bilərlər".

O qeyd edib ki, əgər dövlət büdcəsindən klublara dəstək olursa, o zaman biletlərin satışı xüsusilə şəffaf olmalıdır: "Bilet alıb satmaq problem deyil. Amma bununla məşğul olan şəxs mütləq vergi ödəyicisi kimi uçota durmalıdır, gəlirlərini şəffaf göstərməlidir və qazancdan vergi ödəməlidir".

İqtisadçı hesab edir ki, biletlərin qiyməti sıravi vətəndaşların gəlirlərinə uyğun deyil: "100 manatlıq biletlər də var. Bu, Azərbaycan vətəndaşının bugünkü minimum və ya orta əməkhaqqına uyğun deyil. Əslində bu qiymətlər hansısa xarici klubların kontekstində yüksək görsənməyə bilər, ancaq Azərbaycan vətəndaşların vəziyyətinə adekvat deyil".

Xatırlatma

Bu il Azərbaycan çempionu "Qarabağ" klubu UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Polşanın "Lex", ikinci mərhələdə İsveçrənin "Sürix", üçüncü mərhələdə isə Macarıstanın "Ferentsvaroş" klubunu mübarizədən kənarlaşdırıb.

"Qarabağ" pley-off mərhələsini də adlasa, özünün və Azərbaycanın tarixində ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG