Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:56

'Yarımçıq tədbirlərlə iş aşmaz, Qəzzanın Marşal Planına ehtiyacı var'


Fələstinlilər Qəzza zolağındakı çimərlikdə ABŞ təyyarələrindən paraşütlə atılan qida paketlərinə doğru qaçırlar.
Fələstinlilər Qəzza zolağındakı çimərlikdə ABŞ təyyarələrindən paraşütlə atılan qida paketlərinə doğru qaçırlar.

Qəzzada aclıqdan əziyyət çəkən insanlar ya yardım sırasını gözləməyə, ya da ABŞ və digər dövlətlərin havadan atdığı hazır yemək qutularını toplamağa məhkumdurlar.

Ancaq təəssüf ki, bu qida yardımları qəzzalıların ehtiyaclarını ödəmir. Göydən atılan yardım qutusunun altında qalıb həyatını itirən insanlar da var.

Ötən həftə Qəzzanın şimalında, azı, 12 nəfərin dənizə düşən belə yardım qutularını götürməyə çalışarkən bataraq ölməsi haqda xəbər yayılıb.

"MedGlobal" humanitar təşkilatının prezidenti, amerikalı həkim-pulmonoloq, doktor Zaher Sahlul CNN-ə yazdığı məqalədə Qəzzadakı səfaləti bu vaxtadək gördüyü başqa böhran bölgələrinin heç biri ilə müqayisə edə bilməyəcəyini vurğulayır.

"Bayden təcili atəşkəs danışıqlarına getməlidir"

Yanvar ayında Qəzzada ikihəftəlik missiyası zamanı durumun vahiməli olduğunu və durmadan pisləşdiyini görən Sahlul Bayden administrasiyasını insanların iztirabını azaltmaq üçün əlindən gələni etməyə çağırıb.

"Bu üzdən, ayın xeyli hissəsini Vaşinqton və Nyu-Yorkda, Konqresdə millət vəkilləri, ABŞ administrasiyasının üzvləri və BMT rəsmiləri ilə görüşərək, onları humanitar atəşkəsə nail olmaq üçün bacardıqlarını etməyə çağıraraq keçirdim. Bu atəşkəs israilli girovların buraxılmasına, qəzzalılarınsa qida və tibbi gərəklər ala bilməsinə imkan verərdi. Baydenin atəşkəs danışıqlarına getməsi son dərəcə təcilidir", - müəllif yazır.

O, yaranmış vəziyyətdə atəşkəsin yetməyəcəyini, Bayden administrasiyası və Konqresin fələstinlilər üçün iri yardım paketi ayırmalı olduğunu deyir.

"Qəzzadakı durum İkinci Dünya savaşından sonra dağılmış Avropanın yenidən qurulmasına kömək edən tarixi Marşal Planına bənzər güclü və hərtərəfli yanaşmanı zəruri edir. Ancaq, demək olar, tam ölçüdə Amerika nou-hausu və resurslarına əsaslanan Marşal Planından fərqli olaraq, humanitar böhranın qarşısını almaq və Qəzzanı yenidən qurmaq istiqamətindəki səylər Amerikanın beynəlxalq tərəfdaşlarını da əhatə etməlidir. Ərazinin yenidən qurulması ABŞ, BMT və beynəlxalq QHT-lərin, habelə dəstək verən ölkələrin əhatəli koordinasiyasını, tibbi yardım ocaqlarının bərpa və yenidən qurulmasını da tələb və ehtiva edəcək.

"Hansı gələcək?"

…Qəzzada 36 xəstəxana var. Onlardan, azı, 24-ü bombardman, məcburi evakuasiya və təchizat qıtlığı üzündən bağlanıb. Qalan 12-si də qismən fəaliyyət göstərir.

Qəzzanın 2.2 milyon nəfərlik əhalisinin yarıya qədəri 18 yaşına çatmayan uşaqlardır. Bu uşaqlar zorla köçürülüb, evlərindən, məktəblərindən və icmalarından didərgin salınıblar. Onlar böyük itkilər yaşayıb, valideynlərinin, bacı-qardaşlarının və dostlarının ölümünə şahid olublar. Şübhəsiz ki, intensiv psixoloji qayğı onların yaşamalı olduğu iztirabın azaldılması üçün gerçəkləşdirilən istənilən proqramın tərkib hissəsi olmalıdır.

…Yer üzündəki bütün uşaqlar kimi, Qəzzadakı uşaqların da daha yaxşı gələcək haqqının olmasını təmin etmək bizin hamımızın vəzifəsidir.

Rafahda köçkün mərkəzinə çevrilən bir məktəbdə gigiyena şərtlərinin olmaması üzündən dəri xəstəliklərindən əziyyət çəkən çox sayda uşağın olduğunu, eləcə də ishal və hepatit hallarının tez-tez baş verdiyini gördüm. Orada, ağzına qədər dolu olan bir sinifdə 12 yaşlı Abdallahla tanış oldum.

Gələcəkdə nə işlə məşğul olmaq istədiyini soruşanda uşaq dodağının altında bu cavabı verdi: "Hansı gələcək?". Dilə gətirmədiyi travmanın dərinliyi onun üzündən və sözlərindən aydın sezilirdi. Bəxti gətirib həyatda qala bilənlərin gizli yaralarını sağaltmaq üçün nə qədər vaxt lazım olacaq?", - doktor Sahlul yazır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG