Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:38

Azərbaycanın quru sərhədlərinin bağlı saxlanması təhlükəsizliyə görədir?


Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır
Gözlə

No media source currently available

0:00 0:03:32 0:00

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır (Arxiv)

"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb".

Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.

2020-ci ilin əvvəlində koronavirus pandemiyası ilə bağlı Azərbaycanın qonşu ölkələrlə quru sərhədində gediş-gəliş məhdudlaşdırılıb. Ötən il mayın 5-də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın başa çatdığını desə də, bu məhdudiyyət aradan qaldırılmayıb. Üstəlik, Azərbaycanda pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi yumşaldılsa da, hələlik, tam ləğv edilməyib.

Seymur Həzi
Seymur Həzi

"Əliyev cəmiyyətə meydan oxuyur"

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, Əliyev bu açıqlaması ilə cəmiyyətə meydan oxuyur.

AXCP funksioneri xatırladır ki, Azərbaycanda quru sərhədlər həmişə bağlı olmayıb, yalnız pandemiya elan olunandan sonra məhdudlaşdırılıb: "Sonradan isə açılmadı, hökumət də belə vəziyyətdən məmnun qalıb açmadı, halbuki dünyada pandemiyanın bitdiyi elan edildi. İndi dünyada yalnız Azərbaycan quru sərhədlərini bağlı saxlayıb. Bu, onu göstərir ki, cəmiyyətin tamamilə qapanması siyasətini aparır. Mövcud sosial eksperimentdə isə əsas məqsəd cəmiyyəti daha ciddi qadağalara öyrəşdirməkdir".

S.Həzinin düşüncəsinə görə, indiki vəziyyətdə ən başlıca sual "Azərbaycan hökuməti sərhədlərə nəzarət edə bilmirmi"dir: "O, hansı təhlükədir ki, sərhəd qoşunlarından, gömrükdən keçib gəlib bizə problem yaradacaq? Quru sərhədlərin açılması o demək deyil ki, kim necə istəyir gedib-gəlir. Bu, dövlət nəzarətində baş verən proses olduğundan ölkə başçısının dedikləri əsaslı deyil".

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Quru sərhədlərimiz vasitəsilə təxribatlar..."

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu isə fərqli düşünür. O, hazırda Azərbaycanın Ermənistanla sülh əldə etməməsi səbəbindən kritik mərhələdən keçdiyi qənaətindədir.

"Bəzi qonşu və qeyri-qonşu dövlətlər Azərbaycanın yaratdığı reallıqları qəbul etmək istəmirlər. Bu gün həm quru sərhədlərimiz vasitəsilə təxribatlar mümkündür, həm də informasiya təhdidləri mövcuddur. Ona görə də hələ Azərbaycan prezidenti vəziyyəti xarakterizə edərkən demişdi ki, təhlükəsizliyimizi təhdid edən ideoloji risklər var", - o, mövzu ilə bağlı "Turan"a açıqlamasında bildirib.

"Yəni quru sərhədlərimizdən və informasiya vasitəsilə gələcək mümkün təhlükəsizlik təhdidləri kompleks nəzərdən keçirilməlidir. Eyni zamanda, təhlükəsizliyimizin bütün komponentləri üzrə tədbirlər görülməldir. Azərbaycan prezidenti sonuncu açıqlamasında bu məsələyə bir daha aydınlıq gətirdi və təhdidlərin müəyyən qismi haqqında ictimaiyyəti məlumatlandırdı", - deputat əlavə edib.

H.Babaoğlu düşünür ki, quru sərhədlər vasitəsilə müxtəlif terror cəhdləri ola bilər: "Həmçinin, qida, dərman, narkotik vasitələr də quru sərhədlərlə keçirilir. Şübhəsiz ki, təhlükəsizlik tədbirləri görülməlidir".

Quru sərhədlərin bağlı olması vətəndaşın hüququnu pozurmu?
Gözlə

No media source currently available

0:00 0:04:06 0:00

"Hər şey bir şəxsin iradəsindən asılıdır"

Bəs bu hal nə qədər davam edə bilər? AXCP sədrinin müavini bu barədə proqnoz verməyin çətin olduğunu düşünür: "Ola bilsin ki, uzun zaman bağlı qalacaq, yaxud İlham Əliyev qərar verəcək ki, açın. Amma bütün hallarda indiki vəziyyət qanunauyğun proses deyil. Hər şey bir şəxsin iradəsindən asılıdır. Bu məsələni yalnız Əliyev bilir".

"Quru sərhədlərimiz ən yaxın gələcəkdə açılmalıdır"

Amma hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputat Hikmət Babaoğlu bildirib ki, quru sərhədlər daima bağlı qala bilməz: "Sərhədlərin açılması iqtisadi, turizm, mədəni və miqrasiya amilləri ilə bağlı olduğundan bunlar da nəzərdən keçirilməlidir. Məncə, regionda vəziyyət sabitləşincə, quru sərhədlər dərhal açılar. Artıq Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiya və demilitasiya prosesi başlanıb, bu, pozitiv əlamətdir. Bunu Azərbaycanın yaratdığı reallığı qəbul etmək istəməyən ölkələrin adaptasiya mərhələsi kimi də qiymətləndirmək olar. Ona görə düşünürəm ki, quru sərhədlərimiz ən yaxın gələcəkdə açılmalıdır, yaxud açıla bilər".

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar olub. Hazırda bu iki ölkə arasında sülh danışıqları gedir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG