Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 08:41

Rusiya və İsrailin hücumları ilə bağlı ABŞ siyasətinə dair suallar Qərbin Ukraynaya dəstəyini zəiflədir


45-ci Artilleriya Briqadasının döyüşçüləri Donetsk vilayətində Rusiyanın mövqelərinə doğru İsveç istehsalı olan " Archer" haubitsasından atəş açırlar.
45-ci Artilleriya Briqadasının döyüşçüləri Donetsk vilayətində Rusiyanın mövqelərinə doğru İsveç istehsalı olan " Archer" haubitsasından atəş açırlar.

Rusiya 2022-ci ilin fevralında Ukraynaya hücum edəndən bəri Co Bayden administrasiyası dinc şəxslərə hücumları və törədilən savaş cinayətlərini önə çəkərək dünyanı Moskvanın təcavüzünə qarşı birləşdirməyə çalışırdı.

Savaş başlayandan iki il keçəndən sonra bunu etmək xeyli çətinləşib. Özü də bu, təkcə bütün dünyada, o cümlədən ABŞ-ın özündə insanların bu müharibəyə marağının azalmasından qaynaqlanmır.

İsrailin Qəzza zolağını yönəldən HƏMAS qruplaşmasına qarşı müharibəsi Qlobal Cənubda hökumətləri və əhalini qəzəbləndirib. ABŞ müttəfiqi İsrailin Qəzzada mülki infrastrukturu bombalamasını və Fələstin xalqını məruz qoyduğu humanitar böhranı Rusiyanın hücumlarından xeyli daha sakit qəbul edir. Qlobal Cənub ölkələri isə bunu görür və Vaşinqtonu ikili standartlar yürütməkdə suçlayırlar. "Şimal ölkələri qəfildən sakitləşib və humanitar pozuntuları [sakitcə] seyr edir. Hanı onların insan haqları barədə tez-tez oxuduğu mühazirələr? Fələstin yerdə qalanımızın malik olduğu haqlara sahib deyil?" – dünyanın ən çoxsaylı müsəlman əhalisinin yaşadığı İndoneziyanın xarici işlər naziri Retno Marsudi yanvarın 8-də mətbuat konfransında belə deyib.

ABŞ on illər boyunca öz ehtiyaclarına uyğun olanda "qaydalara uyğun" dünya düzənini qorumaqda və sərf etməyəndə hadisələri görməzdən gəlməkdə ittiham edilib. ABŞ-ın 2003-cü ildə BMT səsverməsinə məhəl qoymadan İraqa hücumu bu halın bu əsrdə baş verən ən bariz nümunəsidir. Çinlə Rusiyanın dünya geosiyasətini yenidən şəkilləndirməkdə və ABŞ-ın təsirini azaltmaqda, Rusiya halında isə hətta qonşu dövlətə hücum çəkərək onun ərazisini işğal etməkdə maraqlı olduğu indiki dövrdə bu tənqid daha qabarıq nəzərə çarpır. Pekinlə Moskva bu cür ikili standartlardan Qlobal Cənub ölkələrini öz tərəflərinə çəkmək üçün yararlanır.

"Nə ad verəcəyini bilmir"

ABŞ Qlobal Cənub ölkələrini Rusiyaya qarşı sanksiyalara qoşmaqda çətinlik çəkdi. Bir çox dövlət Pekinin müsəlman uyğurlara qarşı təqibini ABŞ-ın soyqırımı kimi tanımasını belə dəstəkləmədi.

Rusiya və Çin rəsmiləri və dövlət mediası İsrailin hücumlarına ABŞ-ın reaksiyasından Vaşinqtonun öz ölkələrinə qarşı tənqidlərini gözardı etmək üçün yararlandı.

"Digər ölkələri soyqırımı, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətməkdə günahlandırmaq üçün heç bir imkanı əldən buraxmayan Qərb siyasətçiləri faciə media kameraları önündə baş versə də, birdən-birə minlərlə günahsız dinc şəxsin qırılmasına nə ad verəcəyini bilmir", - Çin Kommunist Partiyasının ingilisdilli təbliğat orqanı olan "China Daily" oktyabrın 27-də belə yazıb.

İndoneziyada etirazçılar ABŞ səfirliyinin qarşısında Qəzzada İsrailin hava hücumlarına qarşı mitinq zamanı ABŞ və İsrail bayraqlarını yandırırlar.
İndoneziyada etirazçılar ABŞ səfirliyinin qarşısında Qəzzada İsrailin hava hücumlarına qarşı mitinq zamanı ABŞ və İsrail bayraqlarını yandırırlar.

İsrailin yarandığı 1948-ci ildən bəri ən qanlı hücum sayılan HƏMAS-ın 7 oktyabr hücumuna cavab olaraq Qəzza zolağına açdığı savaşda on minlərcə fələstinli öldürülüb. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, müharibədə öldürülən fələstinlilərin sayı 25 min nəfəri keçib. İsrail-HƏMAS savaşına yanaşmasına görə tənqid edilən Bayden administrasiyası israrla İsrailin özünümüdafiə hüququnu müdafiə edir. O, baş nazir Binyamin Netanyahunu taktikasını dəyişərək mülki əhalini qorumağa çağırsa da, bütövlükdə İsrail hökumətini açıq tənqiddən çəkinir və İsrailə silah dəstəyini sürdürür.

Bayden oktyabr ayında özünün xalqa müraciətində bildirib ki, Rusiyanın Ukraynaya qarşı müharibəsinə və İsrail-HƏMAS müharibəsinə ABŞ-ın yanaşması davamlıdır. O deyib ki, Rusiya prezidenti Vladimir Putin və HƏMAS fərqli təhlükələr olsalar da, "hər ikisi qonşuluqdakı demokratik dövləti …tamamilə yox etmək istəyir".

"Ona güvən ciddi ölçüdə zəifləyəcək"

Qərb rəsmiləri iki müharibə arasındakı fərqləri də vurğulayırlar. Əsas fərqsə bundan ibarətdir ki, Ukrayna Rusiyaya hücum etməyib. Ancaq dünyada bir çox insan üçün Rusiyanın Ukraynanı bombalaması ilə İsrailin Qəzzanı bombalaması arasında böyük fərq yoxdur. "İsrailin hava zərbələrindən ölən hər mülki şəxs Qərbin qayda əsaslı düzənini müdafiə edən arqumentlərin Qlobal Cənubdakı mövqeyini daha da zəiflədir. Bunun Ukrayna üçün davamlı mənfi nəticələri ola bilər. [Axı] Ukraynanın mövqeyinin legitimliyi onun qaydanı pozan Rusiya təcavüzündən müdafiəsindən qaynaqlanır", - Avropa Xarici Əlaqələr Şurasının direktoru Mark Leonard bu ay ABŞ-ın "Foreign Affairs" jurnalında belə yazıb.

HƏMAS-ın İsrailə hücumundan bir neçə ay öncə - iyulda Bayden administrasiyası Rusiyanın Ukraynada törətdiyi müharibə cinayətlərinə dair dəlilləri Beynəlxalq Cinayət Məhkəməsi (BCM) ilə paylaşmaq haqda qərar qəbul edəndə də ABŞ ikili standartlarda ittiham olunmuşdu. Məsələ burasındadır ki, ABŞ özünün xaricdəki qoşunlarında xidmət edən hərbçilərin təqibindən çəkindiyi üçün tarixən BCM üzvü olmayan ölkələr və onların vətəndaşları ilə bağlı işlərə qarışmağa qarşı olub. ABŞ-ın özü də məhkəmənin üzvü deyil.

ABŞ 2021-ci ildə BCM-nin İsrailin Fələstində törətdiyi iddia olunan cinayətləri araşdırmasına etiraz edib. ABŞ bu mövqeyini İsrailin BCM-in üzvü olmaması ilə əsaslandırıb. Ancaq Rusiya da məhkəmənin üzvü deyil. "Human Rights Watch"un beynəlxalq ədalət proqramının direktoru Elizabet Evanson AzadlıqRadiosuna müsahibəsində deyib ki, bu cür kurs dəyişdirmək "heç sözsüz, ABŞ özünü ciddi beynəlxalq cinayətlərlə bağlı ədalət və hesabatlılıq təbliğatçısı kimi göstərəndə ona güvəni ciddi ölçüdə zəiflədəcək". Onun sözlərinə görə, hətta İsrail-HƏMAS savaşından öncə də beynəlxalq ədalətin selektiv olması çox dartışılırdı.

Tibetli və uyğur fəallar BMT-nin İnsan Haqları Şurasında Çində insan hüquqlarının durumu müzakirə olunarkən Cenevrədə etiraz aksiyası keçirirlər.
Tibetli və uyğur fəallar BMT-nin İnsan Haqları Şurasında Çində insan hüquqlarının durumu müzakirə olunarkən Cenevrədə etiraz aksiyası keçirirlər.

Amma bu da var

Digər tərəfdən, Rusiya və İsraillə bağlı fərqli mövqe tutduğu üçün bütün diqqət ABŞ-a yönəlsə də, Qlobal Cənub ölkələrinin özündə də beynəlxalq məsələlərdə riyakarlıq hallarına rast gəlinir. Indoneziya Fələstində dinc insanları bombaladığı üçün İsraili tənqid edən dövlətlər arasında ön sırada gəlsə də, Çinin Sintzyanda uyğurlara divan tutmasına heç bir reaksiya verməyib.

Cənubi Afrika haqda da bunu demək mümkündür. CAR Beynəlxalq Ədalət Məhkəməsində İsrailin soyqırımı törətməkdə günahlandırılması məsələsini qaldırıb, ancaq Çinin uyğurlara qarşı hərəkətlərinə hər hansı münasibət bildirməyib. CAR eyni zamanda BMT-nin Rusiyanın Ukraynaya hücumunu qınayan bəyannamələri ilə bağlı səsvermələrdə bitərəf qalıb.

CAR və İndoneziyanı birləşdirən, azı, bir ortaq özəllik var: Çin onların hər ikisinin ən iri ticarət tərəfdaşıdır. Üstəlik, Çin ABŞ-dan sonra dünyanın ikinci ən böyük iqtisadiyyatına malik olmaqla yanaşı, öz iqtisadi gücündən onu tənqid edən ölkələrə qarşı istifadə etməsi ilə də tanınır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG