Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:40

Tacikistan hakimiyyət orqanları Moskva hücumu ilə bağlı 9 nəfəri saxlayıb


Düşənbə
Düşənbə

Tacikistanın hakimiyyət orqanları martın 22-də Moskva ətrafındakı konsert zalına hücumla bağlı 9 nəfəri saxlayıb.

Bu 9 nəfərin hamısının milli təhlükəsizlik xidməti tərəfindən paytaxt Düşənbənin yaxınlığındakı Vəhdət rayonunda saxlandıqları bildirilir.

Onların martın 25-də saxlanaraq istintaq üçün Düşənbəyə gətirildikləri xəbər verilir. Saxlanan şəxslər İslam Dövləti qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinirlər.

Moskva yaxınlığındakı Crocus City Hall konsert zalına ölümcül hücuma görə məsuliyyəti öz üzərinə məhz bu qruplaşma götürüb.

Başqa bir mənbə AzadlıqRadiosunun Tacik xidmətinə bildirib ki, saxlananların əksəriyyəti gənc adamlardır.

Martın 26-da Tacikistan milli təhlükəsizlik xidmətindəki mənbə AzadlıqRadiosuna deyib ki, Vəhdətdə həbs olunanlardan 6-sı terrorçu hücum hazırlamaqda şübhəli bilinir.

Rusiyalı müstəntiqlər Düşənbədə dindirmə aparıblar

Bu arada Rusiya İstintaq Komitəsi bildirib ki, martın 28-də sözü gedən hücumla bağlı daha bir şübhəli saxlanıb.

Komitə şübhəlinin kimliyini açıqlamasa da bildirir ki, o konsert zalına hücumun maliyyələşdirilməsində iştirak edə bilərdi.

Rusiya hakimiyyət orqanları hücumu bilavasitə həyata keçirməkdə ittiham olunan dörd nəfər də daxil olmaqla ümumilikdə 11 şübhəli saxlayıb.

Sözü gedən 4 nəfər Tacikistan vətəndaşları Muhammadsobir Faizov, Səidəkrəm Rəcəbəlizadə, Dalerjon MirzoyevFaridun Şamsiddindir.

Reuters agentliyi Tacikistan təhlükəsizlik xidmətindəki mənbələrə istinadla yazır ki, rusiyalı müstəntiqlər martın 26-da Düşənbəyə gələrək şübhəlilərin ailə üzvləri və qohumlarını dindiriblər.

Reuters yazır ki, İD-in öz məsuliyyətini bəyan etməsinə və ABŞ-ın açıqladığı informasiyalara baxmayaraq Vladimir Putin və Rusiyanın başqa rəsmiləri bu hücuma inadlı bir şəkildə Ukraynanı qatmağa çalışırlar.

Vaşinqton Moskvanın Ukrayna iddialarını rədd edir

Rusiyanın İstintaq Komitəsi martın 28-də bəyan edib ki, hücumda şübhəli bilinənlər “Ukrayna millətçiləri ilə əlaqələrə” malik olublar:

"Saxlanmış terrorçularla aparılan iş, onlardan alınmış texniki vasitələrin təhqiqatı və maliyyə köçürmələrinin təhlili nəticəsində onların Ukrayna millətçiləri ilə əlaqələri aşkar edilib”.

Ağ Ev Rusiyanın Moskva ətrafındakı Crocus City Hall konsert zalına terror hücumu ilə Ukraynanın əlaqəsinə dair iddialarını yenidən rədd edib.

Reuters agentliyinin yazdığına görə Vaşinqton bildirib ki, Birləşmiş Ştatlar Moskvada ekstremist hücumun gözləndiyinə dair aydın və təfərrüatlı informasiyanı hadisədən əvvəl Rusiyanın təhlükəsizlik xidmətlərinə göndərib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi martın 28-də Rusiyanın bu hücumla Ukraynanın əlaqəsinə dair iddialarını “cəfəngiyat və propaqanda” adlandırıb:

"Bu tamamilə aydındır ki, ötən həftə Moskvada baş vermiş dəhşətli hücuma görə məsuliyyəti yalnız İslam Dövləti təşkilatı daşıyır. Əslində Birləşmiş Ştatlar bu terrorçu hücumu önləməyə çalışıb və Kreml bunu bilir”.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG