Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 14:56

Mariya Zaxarova: 'Ən qədim Ermənistan Avropanı özünə necə yaraşdırır?..'


Mariya Zaxarova
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətinin Avropa İttifaqının qayda və dəyərlərinə “sitayiş” etməsindən təəccübləndiyini bildirib.

Adətən, xüsusilə də son vaxtlar Nikol Paşinyan hökumətini sərt tənqid edən Zaxarova “Zvezda” telekanalına müsahibəsində “çox qədim erməni sivilizasiyasından” söz açıb.

O deyib ki, təsadüfən Ermənistan rəsmilərindən birinin sitatına rast gəlib:

“...həmin rəsmi deyib ki, Ermənistan Avropanın demokratik və hansısa dəyərlərinin daşıyıcısıdır. Bilirsiniz, məni nə mat qoyur? Niyə Yerevandakı hazırkı hakimiyyətin nümayəndələri belə ucuza gedirlər? Onlar niyə Avropa mədəniyyətindən qat-qat qədim olan ən qədim erməni sivilizasiyasını – mədəniyyət, tarix və dövlətçiliyini, üzr istəyirəm, hazırda həqiqətən də dalanda olan Avropa İttifaqı ilə müqayisə edirlər?”

Zaxarova əlavə edib ki, “indi əksinə xalqlar öz qədim mənşələri ilə fəxr edirlər”.

Rusiya XİN-in nümayəndəsi deyib ki, “erməni mədəniyyəti və dövlətçiliyinin kökü min illər bundan əvvələ gedib çıxır”.

Zaxarova Aİ-ni tənqid edib

Zaxarova bunun ardınca Avropa İttifaqının “amorf, iradəsiz bir qurum” olduğunu iddia edib:

“İndi isə minillik tarixi olan ən qədim sivilizasiyanın nümayəndəsi, sanki ona almaz, yaqut və ya zümrüd əvəzinə güzgü göstəriblərmiş kimi özünü böhranda olan birliklə müqayisə edir. Ermənistan Avropa İttifaqına nəyisə sübut etməlidirmi?”

Zaxarova iddia edib ki, Ermənistana yol göstərən Qərb kuratorları onun suverenliyinin məhvini istəyirlər.

Rusiya XİN rəsmisi bunu da deyib ki, “Aİ bir çox başqa ölkələrlə də, məsələn Serbiya ilə belə eksperimentlər aparıb, investisiyalar, iqtisadiyyata dəstək vəd edib və sonra bunların heç biri edilməyib”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xatırladır ki, martın sonlarında Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan ölkəsinin Aİ üzvlüyündən söz açmışdı.

O demişdi ki, Ermənistanın Aİ üzvlüyünə namizəd statusu alması hadisələrin ən arzuolunan axarı olardı.

Avropa İttifaqı istiqamətində

Amma o əlavə etmişdi ki, Yerevan bu məsələdə tələsmək istəmir:

"Bu o demək deyildir ki, Ermənistan Respublikasına üzvlük ərizəsi forması verilib və Aİ üzvlüyünə namizədlik üçün oturub gözləmək qalır. Biz müzakirə edirik, anlayırıq, qeydlər götürürük. Biz Ermənistanda hələ çox işlər görməliyik ki, yaxın qonşularımız kimi üzvlük üçün illərlə gözləməli olmayaq. Ermənistanda bir çox standartlar dəyişdirilməlidir”.

Azatutyun yazır ki, Avropa Parlamenti martın ortalarında Avropa İttifaqını Ermənistanla daha sıx yaxınlaşmağa, Ermənistanın ittifaq üzvlüyünə namizədliyi məsələsinə baxmağa çağıran qətnamə qəbul etmişdi.

Bu yaxınlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da deyib ki, “Yerevanın məramı bundan sonra da Avropa İttifaqı istiqamətində hərəkət etməkdir”.

Ermənistan rəsmilərinin belə bəyanatları adətən Moskvada hiddət və qəzəbli reaksiya ilə qarşılanır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG