Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 04:56

Xəbərlər

ABŞ Rusiyaya köməyə görə Azərbaycan şirkətlərinə sanksiyalar qoydu

ABŞ Maliyyə Nazirliyi
ABŞ Maliyyə Nazirliyi

ABŞ Maliyyə Nazirliyi mayın 1-də Rusiyanın hərbi maşınını və ona sanksiyalardan aşmaqda kömək edən vahid və fərdləri hədəfləyən sanksiyalar elan edib.

Məlumatda deyilir ki, bugünkü sanksiyalar Rusiyanın hərbi sənaye bazasını və onun kimyəvi-bioloji silahlarını, üçüncü ölkələrdə Rusiyaya kömək edən şirkət və fərdləri hədəfləyir.

Bu da vurğulanır ki, bu hədəflərdən 60-ı Azərbaycanda, Belçikada, Slovakiyada, Türkiyədə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşir.

Qeyd edilir ki, bu şirkətlər Rusiyanı çox ehtiyacı olduğu texnologiya və avadanlıqla xaricdən təchiz ediblər.

Əliyev təchizat şəbəkəsi

ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir ki, Yevgeni Əliyev Rusiya hərbi sənayesi ilə bağlı şirkətlərin koordinasiya şəbəkəsinin təchizat agentidir.

Sənəddə vurğulanır ki, Əliyevin təchizat şəbəkəsinə Lahıc Energy MMC, GMM FZE və GMM Management şirkətləri daxildir.

Sanksiya məlumatına görə Azərbaycanda mənzillənmiş Lahıc Energy şirkəti 2023-cü ildə Rusiyanın ABŞ tərəfindən sanksiyalanmış texnologiya istehsalçıları üçün işlər görüb.

GMM FZE və GMM Management şirkətləri BƏƏ-də mənzillənirlər və sanksiyalanmış Rusiya şirkətləri adından iş aparıblar.

Cahangir Yevgenyeviç Əliyev (Cahangir Əliyev) Lahıc Energy şirkətinin direktoru və Yevgeni Əliyevin oğludur.

Sözü gedən şirkət və şəxslər sanksiya xəbəri ilə bağlı hələ ki, heç bir şərh verməyiblər.

Vəkil Anar Məmmədli ilə görüşüb

Anar Məmmədli
Anar Məmmədli

Vəkil Elmar Süleymanov mayın 1-də 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.

Vəkilin sözlərinə görə, Məmmədli özünü normal hiss edir.

Eyni zamanda, Məmmədli ona qarşı irəli sürülən ittihamı rədd edir.

Məmmədlinin başına torba keçirilərək məhkəməyə gətirilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirən vəkil bildirib ki, hüquq müdafiəçisi bu məlumatı təsdiqləməyib.

“Anar Məmmədli bildirdi ki, o məhkəməyə əllərinə arxadan qandal vurulu, başı aşağı əyilmiş halda gətirib-aparıblar. Lakin başına torba taxılmayıb”, vəkil qeyd edib.

Məmmədli istintaq təcridxanasında rəftardan şikayəti olmasa da, karantində antisanitar şəraitin olduğunu qeyd edib.

Hələlik, vəkilin bu açıqlamasına rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Anar Məmmədli barəsində 3 ay 28 günlük həbs qərarı verilib

Aprelin 30-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) mərkəzinin rəhbəri Anar Məmmədli barəsində Xətai rayon Məhkəməsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu barədə vəkil Ramil Süleymanov məlumat verib.

Vəkil qərarı qanunsuz hesab etdiklərini və qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

Məmmədli Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunur, amma ittihamı qurama sayır.

Anar Məmmədlinin həbsinə AŞPA-dan reaksiya: 'Nə indi, nə də yanvarda...'

Almaniyanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin sədri Frank Şvabe Anar Məmmədlinin həbsindən sonra Azərbaycanın bu quruma qayıtmasını qeyri-mümkün hesab edir.

"Azərbaycanın Parlament Assambleyasına geriyə yolu yoxdur. Nə indi, nə də yanvarda", - o, X platformasında öz hesabında yazıb.

Şvabe ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasını səbəb göstərərək Azərbaycan nümayəndə heyətinin AŞPA-da səs hüququndan məhrum edilməsinin təşəbbüskarı olub.

2024-cü ilin yanvarında qış sessiyasında AŞPA üzvləri bu barədə qətnamə qəbul edərək Azərbaycan nümayəndə heyətinin mandatını bir illiyinə dondurub. Qətnamədə deyilir ki, Azərbaycan hakimiyyəti siyasi məhbusları azad etsə və insan hüquqlarının pozuntularına son qoysa, səs hüququ qaytarıla bilər.

Azərbaycan hökuməti təmsilçiləri isə bununla bağlı tənqidləri qərəzli və əsassız sayır.

Anar Məmmədlinin də qaçaqmalçılıqda günahlandırıldığı deyilir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbəri Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürüldüyü bildirilir.

Bu barədə onun yaxınları məlumat verir.

Məmmədlinin ailə üzvləri həmçinin onun "AbzasMedia işi" üzrə prosesə cəlb edildiyini vurğulayıblar.

Onların sözlərinə görə, Məmmədlinin vəkili, hələlik, onunla görüşə bilməyib: "Anar Məmmədli gecəni Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlanma Təcridxanasında keçirib. İstintaqı Bakı şəhər Baş Polis İdarəsi aparır".

Hələlik, bütün bu deyilənlərə Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

+++

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədlinin saxlanmasına münasibət bildirib.

"Azərbaycan vətəndaş cəmiyyəti üzvlərinin - ən son isə Anar Məmmədlinin, - həbslərinin davam etməsi bizi çox narahat edir. Biz Azərbaycan hökumətini haqsız yerə həbs olunan bütün şəxsləri dərhal azad etməyə çağırırıq", - ABŞ səfirliyinin mətbuat katibi Vanessa Zenci "Amerikanın Səsi"nin sorğusuna cavabda bildirib.

Məmmədlinin atasının evində də axtarış aparılıb

Aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədlinin öz evi ilə yanaşı, atasının evində də axtarış aparıldığı bildirilir. (O da Bakı şəhərindədir)

Məmmədlinin bacısı Şəfa Məmmədli "Amerikanın Səsi" radiosuna deyib ki, atasının evindən köhnədən qalan sənədlər aparılıb: "Həmçinin, guya Anarın köynəyinin cibindən çıxan qəbzləri, mənim kompüterimi, fleş-kartımı götürüblər. Axtarışdan sonra Anarın evində də oldum. Onun kompüterini, telefonunu aparıblar. Bir də biz hesab edirik ki, pul qoyublar. Anarın evində pulun bağlandığı iplər qalıb".

***

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin "AbzasMedia işi" çərçivəsində istintaqa şahid qismində cəlb edildiyi bildirilir.

Bunu vəkil Elçin Sadıqov deyib. Amma, hələlik, bu məlumatı rəsmi qurumlar təsdiqləməyiblər.

Son aylar Azərbaycanda aralarında AbzasMedia nəşrinin rəhbərliyi və bir neçə əməkdaşı da daxil 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Amma rəsmilər də bildirir ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə siyasi sifarişlə həbs edilmir.

+++

Anar Məmmədlinin saxlanması ilə yanaşı, onun Bakı şəhərində evində axtarış başladığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Anar Məmmədlinin evində axtarış
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00

+++

Vəkil Anar Məmmədli ilə görüşə bilmir.

Vəkil Elçin Sadıqovun bildirməsinə görə, orderi və vəsiqəsi ilə birlikdə Məmmədlinin evinə yaxınlaşsa da, polis görüşə, habelə axtarış götürmədə iştirakına icazə vermir.

Vəkilin dediklərinə Azərbaycan Daxili İşlər Nazirliyindən, hələlik, münasibət almaq mümkün olmayıb.

DİN təsdiqləyir

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin saxlanmasını Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı da təsdiqləyib. O, "Turan"a bildirib ki, Məmmədli barəsində araşdırma aparılır, əlavə məlumat veriləcək

Anar Məmmədli saxlanıb

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) rəhbəri Anar Məmmədli saxlanıb.

Bu barədə onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, Məmmədlini aprelin 29-da saat 15 radələrində Bakı şəhəri, Teymur Əliyev küçəsində mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.

Xatırlatma

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bundan əvvəl 2013-cü ilin sonlarında saxlanıb. O, vergidən yayınma və başqa ittihamlar ilə 5 il 6 ay müddətə həbs edilib. Amma ittihamları qəbul etməyib. Bir sıra yerli və beynəlxalq təşkilatlar onu siyasi məhbus kimi tanıyıblar.

Məmmədli 2016-cı il martın 17-də əfv sərəncamı ilə azadlığa buraxılıb.

SMDT o azadlığa çıxdıqdan sonra da fəaliyyət göstərib. Azərbaycanda bir çox seçkilərin monitorinqini aparan bu təşkilatın hesabatları, bir qayda olaraq, tənqidi xarakter daşıyıb.

Azərbaycan rəsmiləri isə ölkədə seçkilərin azad və ədalətli keçirilmədiyinə aid tənqidləri qəbul etmir.

BŞİH Milli Şuranın mitinqini yenə 'məqsədəuyğun' saymadı

Cəmil Həsənli (Arxiv fotosu)
Cəmil Həsənli (Arxiv fotosu)

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-də keçirmək istədiyi mitinqlə bağlı müraciətinə də müsbət cavab verməyib.

Bu barədə Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.

Onun vurğuladığına görə, cavabda qeyd edilib ki, göstərilən ərazilərin birində təmir işləri aparılır, qalan iki yerdə isə nəqliyyat intensiv hərəkət etdiyindən toplantıların keçirilməsi tıxacların yaranmasına səbəb olacaq.

Cəmil Həsənli cavabı vətəndaşların Konstitusiya hüququnun və sərbəst toplaşmaq azadlığının pozulması sayır.

Milli Şura sədrinin bu dediklərinə BŞİH-dən əlavə münasibət almaq mümkün olmayıb.

Bundan əvvəl

Bundan əvvəl BŞİH Milli Şuranın aprelin 21-də mitinq keçirmək istəyini də eyni amillərdən bəhs edərək ( aksiya üçün təklif edilən yerlər dəyişməyib) “məqsədəuygun” saymamışdı.

Milli Şura isə bunu sərbəst toplaşmaq azadlığının pozulması kimi dəyərləndirərək eyni tələblərlə təkrar müraciət göndərmişdi.

Milli Şura müraciətində şəhərin, əsasən, mərkəzi ərazilərində üç yer təklif edərək onların birində aksiya keçirmək niyyətini bildirmişdi. Aksiyada azad, ədalətli seçkilərin keçirilməsi, siyasi məhbusların azadlığa buraxılması və korrupsiya ilə mübarizəyə aid tələblərin səslənəcəyi açıqlanmışdı.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus siyahılarında yer alan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Üstəlik, onların vurğulamasına görə, ölkədə korrupsiya ilə mübarizədə siyasi iradə mövcuddur.

Xatırlatma

Milli Şura Azərbaycanda sonuncu kütləvi aksiyasını 2019-cu ilin yanvarında keçirib.

Ondan sonra BŞİH Milli Şuraya təklif etdiyi yerlərdə yenə tıxacların yaranacağını və başqa oxşar amilləri səbəb göstərərək aksiya keçirməyi “məqsədəuyğun” saymamışdı.

Əvəzində Milli Şuraya Lökbatan qəsəbəsindəki stadion təklif edilmişdi. Amma Milli Şura da həmin stadionun şəhərdən kənarda olduğunu əsas gətirərək orada aksiya keçirməkdən imtina etmişdi.

2020-ci ilin əvvəllərindən isə koronovirus pandemiyası ilə bağlı ölkədə karantin rejimi tətbiq edilib.

Artıq kütləvi tədbirlərin keçirilməsi ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, karantin rejimi tam götürülməyib.

Mərkəzin üç vəzifəli şəxsi rüşvətdə şübhəli sayılır

Baş Prokurorluq
Baş Prokurorluq

Baş Prokurorluq və Səhiyyə Nazirliyinin mayın 1-də yayılan birgə məlumatında Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyevin istintaqa cəlb edildiyi bildirilir. Həmin şəxslərin nümunələr götürülmədən məhsulların gigiyenik sertifikatlaşdırılması əvəzində ayrı-ayrı vətəndaşlardan külli miqdarda rüşvət almalarına əsaslı şübhələr yarandığı iddia olunur.

Onlar Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilirlər: "Hər üç şəxsin yaşı, səhhəti nəzərə alınmaqla barələrində... məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib".

Hələlik, birgə açıqlamaya sözügedən şəxslər və onların vəkillərindən münasibət almaq mümkün olmayıb.

Həmin ittihamlar üzrə 12 ilə qədər həbs cəzası nəzərdə tutulur.

Aprelin 30-da Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində əməliyyat keçirib.

Sosial şəbəkələrdə paylaşımlarına görə 11 il həbs

Manael Əl-Otaybi
Manael Əl-Otaybi

Səudiyyə Ərəbistanının terrorla mübarizə məhkəməsi yerli feminist Manael Əl-Otaybini sosial şəbəkələrdəki paylaşımlarına görə 11 il həbs cəzasına məhkum edib.

Hökm 2024-cü ilin yanvarında çıxarılıb, lakin bu, yalnız indi məlum olub.

"Amnesty International" insan haqları təşkilatı yazır ki, Əl-Otaybi geyim seçimində və internetdə fikirlərini ifadə etməkdə ittiham olunub.

29 yaşlı fəal özünün X və "Snapchat" səhifələrində səudiyyəli qadınları kişi qəyyumluğuna son qoymağa çağırıb, ölkəsində "ədəbsiz" sayılan futbolka, habelə losində idman edərkən çəkilmiş videolarını yayıb. Fəal ictimai yerlərdə abaya (baş örtüyü) taxmamaqda da günahlandırılıb.

Əl-Otaybi "terrorçuluq cinayəti törətmək üçün xəbərlər, bəyanatlar, yalan və ya zərərli şayiələr... dərc etmək" üçün internet saytlarından istifadəni cinayət hesab edən antiterror qanununa əsasən mühakimə olunub.

Əl-Otaybinin ailəsinin iş materialları ilə tanış olmaq imkanı olmayıb.

Manael əl-Otaybi 2022-ci ilin noyabrında həbs edilib. 2023-cü ilin avqustunda o, kondisionersiz təkadamlıq kameraya salınıb və noyabrda ailəsi ilə görüşə icazə verilməyib. Növbəti dəfə o, qohumları ilə yalnız 2024-cü ilin aprelində əlaqə saxlaya bilib. Əl-Otaybi deyib ki, onun ayağı sınıb və işgəncə şəraitində təkadamlıq kamerada saxlanılır, - ALQST insan haqları qrupu xəbər verir .

Ər-Riyad bu deyilənləri inkar edir.

İnsan haqları fəalları Səudiyyə hakimiyyətini əl-Otaybini dərhal azad etməyə çağırır və onun həbsinin Səudiyyə hökumətinin ölkədə qadınların səlahiyyətlərinin artırılması ilə bağlı bəyanatlarına zidd olduğunu bildirir.

Səudiyyəli fəallar əvvəllər də sosial şəbəkələrdəki yazılara görə 45 ilə qədər həbs cəzası alıblar. Əl-Otaybinin bacısı Favziyəyə də oxşar ittihamlar irəli sürülüb, lakin o, 2022-ci ildə dindirilməyə çağırıldıqdan sonra ölkəni tərk etməyi bacarıb.

400 miqrant Rusiya vətəndaşlığından məhrum edilib

Rusiya pasportu
Rusiya pasportu

Son altı ayda Rusiya hakimiyyət orqanları müxtəlif cinayətlərə görə 398 vətəndaşlıq almış şəxsi vətəndaşlıqdan məhrum edib. Bu barədə TASS Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

2023-cü ilin oktyabrında qüvvəyə minmiş qanuna görə, şəxs Rusiya ordusunu nüfuzdan salma, saxta məlumat yayma, təxribat, fərarilik, ölkəyə qarşı sanksiyalara çağırışlar, casusluq, dövlətə xəyanət, "xarici agentlər" haqqında qanunun pozuntusu və arzuolunmaz təşkilatlarda iştirak kimi hallar üzrə hökm əsasında vətəndaşlıqdan məhrum edilə bilər.

Vətəndaşlıq banditizm, cinsi istismar, saxta pul hazırlamaq, cinayətkar birlik təşkil etməyə görə də ləğv oluna bilər.

2024-cü ilin martında bildirildi ki, Rusiya ordusu haqqında "saxta" məlumatlar yaydığına görə 6 il azadlıqdan məhrum edilən Krasnodar sakini Aleksandr Somryakov vətəndaşlıqdan məhrum olunub. Bu, sözügedən maddə ilə vətəndaşlıqdan məhrumetmə ilə bağlı ilk hal idi.

Ümumilikdə Rusiya vətəndaşlığından çıxarılma ilə bağlı ilk hadisə isə 2023-cü ilin dekabrında baş verib. Moskva Daxili İşlər Nazirliyi iki nəfərin narkotik maddə olan bağlamalarla saxlanıldığını, mühakimə olunduğunu (cəzanın müddəti göstərilmir) və onların vətəndaşlıqdan məhrum edildiyini bildirib.

Mərkəzi Bank yenə uçot dərəcəsini endirdi

AMB
AMB

Azərbaycan Mərkəzi Bankı (AMB) uçot dərəcəsini 0.25 faiz bənd azaldıb.

Qurumun İdarə Heyətinin mayın 1-də açıqlanan qərarı ilə uçot dərəcəsi 7.5 faizdən 7.25 faizə endirilib.

Mərkəzi Bankın yaydığı məlumatda bildirilir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib.

Dövlət Statistika Komitəsinin bu ilin mart ayı üzrə yaydığı məlumata görə, Azərbaycanda illik inflyasiya 0.4 faiz olub.

AMB bundan əvvəlki bir neçə qərarında da uçot dərəcəsini endirib.

İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi ölkədəki iqtisadi vəziyyət və inflyasiya səviyyəsi nəzərə alınaraq təyin edilməlidir. Əgər inflyasiya yüksəlirsə, səlahiyyətli qurum uçot dərəcəsini yüksəldir, çünki bu şəkildə dövriyyədə olan pul kütləsini tənzimləmək - azaltmaq siyasəti həyata keçirir. Əksinə, inflyasiya endikcə, uçot dərəcəsi də endirilir.

Uçot dərəcəsi aşağı olarsa, kredit faizləri aşağı düşməlidir. Amma Azərbaycanda Mərkəzi Bank uçot dərəcəsini azaltsa da, kredit faizləri bir elə də düşmür. Müstəqil ekspertlər deyirlər ki, ölkədə iqtisadi institutlar zəif olduğu üçün Mərkəzi Bankın və onun faiz dərəcəsinin iqtisadiyyatda ciddi rol almasında problemlər var.

Macarıstan Avropa İttifaqı Sülh Fondundan Ermənistana dəstəyi bloklayır

Brüsseldə Avropa Komissiyasının binası qarşısında Avropa İttifaqı və Ermənistan bayraqları
Brüsseldə Avropa Komissiyasının binası qarşısında Avropa İttifaqı və Ermənistan bayraqları

Macarıstan Avropa İttifaqı (Aİ) Sülh Fondundan Ermənistana dəstək layihəsinə mane olur. Halbuki, bu layihə ətrafında alyansda ilkin razılıq əldə olunmuşdu.

Diplomatik mənbələr AzadlıqRadiosuna bildiriblər ki, Macarıstan Azərbaycanın da proqrama daxil edilməsini tələb edir. Mənbələrə görə, bu da vəziyyətdən çıxış yolu kimi qiymətləndirilir.

Aprelin ortalarında AzadlıqRadiosu öyrənib ki, Brüsseldə Aİ-nin Sülh Fondundan Ermənistana 10 milyon avro yardım göstərilməsi üçün ilkin razılıq əldə olunub. Diplomatik sənədlərə əsasən, pul bir batalyon üçün modul tipli səhra düşərgəsinin yaradılmasına yönəldilməlidir. Bura tibbi yardım üçün bir ambulatoriya, habelə müvafiq xidmətlər və obyektlər daxildir.

"Bu dəstəyin məqsədi Ermənistan silahlı qüvvələrinin dayanıqlığını və sabitliyi bərqərar etmək qabiliyyətini artırmaq, bununla da böhranlar, habelə fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumaqdır", - Macarıstanın bir neçə həftədir qəbuluna mane olduğu sənəddə bildirilir.

Macarıstan Ermənistan zabiti Qurqen Markaryanı Budapeştdə öldürən Ramil Səfərovu (2012-ci ildə) Bakıya təhvil verdikdən sonra rəsmi Yerevanın təşəbbüsü ilə bu iki ölkə arasında diplomatik əlaqələr kəsilmişdi, münasibətlər yalnız bu yaxınlarda bərpa edilib.

'Tərtər işi' haqda kitabın müəllifi evinə basqın olduğunu bildirir

Abid Qafarov
Abid Qafarov

İctimai fəal Abid Qafarova məxsus, Bakının Şüvəlan qəsəbəsindəki evə aprelin 29-da basqın olduğu deyilir.

Bu barədə A.Qafarovun özü məlumat verib.

Ötən il xarici ölkələrdən birinə köçən fəalın sözlərinə görə, evdə yaşayan yaşlı qayınana və qayınatasına mülki geyimli şəxslər təzyiq göstərib.

O hesab edir ki, bu hadisə müəllif olduğu "Andaluniya" adlı kitabla əlaqəlidir.

Onun sözlərinə görə, aprelin 27-də Azərbaycanda keçirilən sərgidə həmin kitabın 42 nüsxəni mülki geyimli şəxslər müsadirə edib. Həmin kitabda 2017-ci ildə baş verən Tərtər hadisələri təsvir edilib.

Onun bu dediklərinə, hələlik, hüquq-mühafizə orqanlarından münasibət öyrənmək mümkün olmayıb.

A.Qafarov özü 2022-ci il iyulun 13-də Yasamal rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, çıxışlarında müharibə veteranlarına qarşı böhtan və təhqirdə günahlandırılırdı. Müdafiə tərəfinə görə, Qafarov internetdəki çıxışında veteranları təhqir etməyib, sadəcə ad çəkmədən öz hüquqları uğurunda mübarizə aparmadıqlarına görə onları qınayıb. Qafarov da özünü təqsirli bilmirdi və "Tərtər işi"ni araşdırdığına görə sifarişlə həbs olunduğunu bildirirdi. O, ötən il iyunun 1-də azadlığa çıxıb və sonra xaricə gedib.

"Tərtər işi" barədə...

2017-ci ildə Ermənistana casusluqda ittiham olunan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs edilmişdi. Onlar barəsində dövlətə xəyanət maddəsi ilə cinayət işi açılmışdı. Zərərçəkənlər və onların yaxınları həbs olunanların ağır işgəncələrə məruz qaldıqlarını bildirirlər. Müstəqil hüquq müdafiəçiləri bu işdə 10-dan çox şəxsin öldürüldüyünü deyirlər. İstintaq zamanı həyatını itirən şəxslərdən ölümündən sonra bəraət alanlar olub.

Cinayət işi yenilənəndən sonra...

2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə icraat yenilənəndən sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. İşgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfərin işi məhkəməyə göndərilib.

Dörd nəfərlik bir qrupun məhkəməsi ötən il noyabrın 29-da yekunlaşıb. Hökmə əsasən, Tərtərdəki N saylı hərbi hissənin komandiri olmuş polkovnik-leytenant Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev və müddətdən artıq xidmət etmiş (MAXE) hərbi qulluqçu Ramil Qarayevin hər birinə 5 il 6 ay həbs cəzası kəsilib. Onlar işgəncəvermə, vəzifə səlahiyyətlərini aşma, hərbçilərin qanunsuz həbsi kimi əməllərdə suçlu sayılıblar. Daha bir MAXE Rüstəm Ələsgərovun cəzası daha ağır – 9 il 6 ay olub.

Adı çəkilənlərin heç biri özünü təqsirli saymır.

Dörd və beş nəfərlik daha iki qrupun məhkəmələri davam edir.

Mirziyoyev dövlət qurumlarını Yeni Daşkəndə köçürməyi əmr etdi

Prezident Şavkat Mirziyoyev "Yeni Daşkənd" layihəsini təftiş edir.
Prezident Şavkat Mirziyoyev "Yeni Daşkənd" layihəsini təftiş edir.

Özbəkistanın icra hakimiyyəti orqanları Yeni Daşkənd şəhəri ərazisinə köçürüləcək.

Bu barədə prezidentin bu il aprelin 19-da imzaladığı "İqtisadiyyatda dövlət iştirakının azaldılması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncamında bildirilir.

Şavkat Mirziyoyev baş nazirin başçılığı ilə Yeni Daşkəndin tikintisi üzrə koordinasiya şurasına tapşırıqlar verib. Onlar üç aya dövlət qurumlarının köçürülməsi, onların hazırkı inzibati binalarının satışından əldə olunan vəsaitin bu rayonda yeni inzibati binaların tikintisinin maliyyələşdirilməsinə yönəldilməsi planını təqdim etməlidirlər.

2023-cü ilin martında prezident Yeni Daşkənd şəhərinin tikintisinin təməlqoyma mərasimində iştirak edib. O, yeni tikiləcək binanın özülünə kapsul qoyub. Həmin şəhərdə 1 milyon insanın yerləşəcəyi gözlənilir.

2021-ci il avqustun 31-də Mirziyoyev Yeni Daşkənd şəhərinin tikintisi təşəbbüsü ilə çıxış etmişdi. Prezidentin planına görə, Daşkənd vilayətində Çirçik və Karasu çayları arasında Yeni Daşkənd şəhəri tikilməli idi. Paytaxtın dövlət qurumlarının Yeni Daşkəndə köçürüləcəyi, Daşkəndin isə yaşıl zonaya çevriləcəyi bildirilirdi.

"Yeni Daşkənd" layihəsi çərçivəsində 20 min hektar ərazidə 1 milyon nəfərlik binalar, o cümlədən 60 min nəfərlik çoxmənzilli binalar, 30 məktəb, 20 uşaq bağçası, xəstəxana və beş poliklinika tikiləcək.

Dövlət qurumları, ali təhsil müəssisələri və digər obyektlər Yeni Daşkənddə yerləşəcək. Hazırda nazirlik və idarələrin binalarının yerləşdiyi yerlərdə mehmanxanaların, ticarət mərkəzlərinin, xidmət obyektlərinin yaradılması nəzərdə tutulur.

İsa Qəmbər yenidən Müsavat başqanı olmaq istəyir

 Arif Hacılı və İsa Qəmbər
Arif Hacılı və İsa Qəmbər

Aprelin 29-da Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizədliyini irəli sürüb.

Bu barədə həmin partiyadan məlumat verilib.

Məlumata görə, İ.Qəmbər bu barədə qərarını qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin aprelin 29-da keçirilən iclasında açıqlayıb.

Mayın 4-də Müsavat Partiyasının XI qurultayı olacaq.

Bundan əvvəl Müsavat Partiyası Səbail rayon təşkilatının sədr müavini Natiq Ulubəy və Azərbaycan Vəkillər Kollegiyasının üzvü Osman Kazımov başqanlığa namizədliyini verib.

İ.Qəmbər 1992, 1995, 1997, 2001 və 2006-cı illərdə Müsavat Partiyası başqanı seçilib.

2014-cü ildə başqan postundan gedən İ.Qəmbər partiya Məclisinin üzvüdür.

O, 1992-1993-cü ildə Azərbaycan Milli Məclisinə də rəhbərlik edib. Həmin vaxt qısa dönəm Azərbaycan prezidenti səlahiyyətlərini də icra edib.

Müsavat Partiyası 1911-ci ildə yaradılıb. 2 il (1918-1920) fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti parlamentində çoxluqda olub. Partiya Azərbaycanı Rusiya işğal edəndən sonra mühacirətdə fəaliyyət göstərib.

1992-ci ildə İ.Qəmbərin rəhbərliyi ilə Müsavat Partiyasının Azərbaycanda bərpa mərkəzi yaradılmışdı.

Ələsgər Məmmədli hospitala aparılıb, qaytarılıb

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

"Toplum" internet televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin aprelin 26-da Daxili İşlər Nazirliyinin (DİN) hospitalına köçürülsə də, saatlar sonra yenidən 1 saylı Bakı İstintaq Təcridxanasına qaytarıldığı bildirilir.

Bu barədə qardaşı Nəsimi Məmmədli məlumat verib. Onun sözlərinə görə, aprelin 24-də Xətai rayon Məhkəməsində istintaq orqanı Ə.Məmmədlinin hospitala yerləşdirilməsi məsələsini öz üzərinə götürüb: "Aprelin 26-da Ələsgəri DİN-in hospitalına köçürüblər. Deyiblər ki, müayinə olunacaq və, yəqin ki, orada qalacaq, çünki prosedur belədir. Hospitalda qardaşımın qan analizini götürsələr də, biopsiya prosedurunu həyata keçirməyiblər. Bir neçə saatdan sonra heç bir səbəb göstərmədən onu yenidən istintaq təcridxanasına qaytarıblar".

N.Məmmədli qeyd edib ki, Ə.Məmmədlinin səhhətində olan problemlər qalır: "Boğulmalar var, vəziyyəti heç də yaxşı deyil. Həm də narahatdır ki, qalxanabənzər vəzində şiş getdikcə böyüyür".

Vəkil Aqil Layıc da "Turan"a bildirib ki, müdafiə tərəfi məhkəməyə verilən ev dustaqlığı ilə bağlı vəsatəti Ə.Məmmədlinin hospitala köçürülməsi vədindən sonra geri götürüb: "Bir neçə gün gözləyəcəyik. Ələsgər bəy hospital köçürülməyəcəyi təqdirdə yenidən ev dustaqlığı üçün müraciət edəcəyik. Onun səhhətindəki problem müalicə tələb edir, o da həbs şəraitində mümkün deyil".

Bütün bu açıqlamalara, hələlik, DİN və başqa rəsmi tərəflərdən münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədli ilə bağlı vəsatət geri götürülüb, səbəb...

Aprelin 24-də Xətai rayon Məhkəməsində "Toplum" İnternet Televiziyasının həbsdə olan təsisçisi Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.

Bu barədə "Turan"a vəkil Aqil Layıc məlumat verib. Onun sözlərinə görə, Ə.Məmmədli prosesdə bildirib ki, bu, hüquqdan daha çox humanitar məsələdir: "Biz dəfələrlə Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinə müraciət etmişik ki, Ələsgər bəyin hospitalda müalicə almasına şərait yaradılsın. Hətta istintaqı aparan orqan - Daxili İşlər Nazirliyinə müraciət etmişik ki, nazirliyin hospitalında müalicə almasına şərait yaradılsın. Məhkəmədə də onu bildirdik".

A.Layıc qeyd edib ki, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin məktubu var və həmin məktubda Ə.Məmmədlinin heç bir problemi olmadığı göstərilir: "Bu, yalandır. Ələsgər bəy həbs olunmazdan əvvəl müayinəyə getmişdi, çünki onun qalxanabənzər vəzində şiş getdikcə böyüyürdü. Bu məsələləri də biz məhkəmədə bildirdik".

Vəkilin sözlərinə görə, məhkəmədə istintaq orqanı bu məsələlərin həllini öz üzərinə götürüb və bu səbəbdən müdafiə tərəfi vəsatəti geri çəkib.

Hələlik, bu açıqlamaya Daxili İşlər Nazirliyi və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

Ələsgər Məmmədlinin səhhətinin ağırlaşmaqda olduğu deyilir

"Toplum" İnternet Televiziyasının təsisçisi, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanan Ələsgər Məmmədlinin səhhətinin pisləşməkdə davam etdiyi bildirilir.

Bu barədə aprelin 8-də onunla görüşən qardaşı Nəsimi Məmmədli məlumat verib. Qardaşının sözlərinə görə, Ə.Məmmədli çox halsız olub, kəskin baş ağrısından əziyyət çəkdiyini söyləyib: "Bütün gecəni yata bilmədiyini bildirdi. Uzanıqlı halda nəfəs almağa çətinlik çəkir. Boğazındakı şişə görə boğulma hissi ona normal yatmaq imkanı vermir. Qalxanvarı vəzinin boyun hissəsində 23 millimetr ölçüdə düyün var. Qan təzyiqi 90-170 arasında yüksəlib".

N.Məmmədli deyib ki, bir həftə öncə qardaşından qan analizi götürülüb. Onun vurğulamasına görə, götürülmüş qan analizinin nəticəsində bəzi problemlər üzə çıxıb: "Amilaza analizi çox yüksək, 333 olub (norma 220-dən az olmalıdır), xolesterinin miqdarı 250 olub (norma 200-dən az olmalıdır). Bundan əlavə, mədəaltı vəzidə problem aşkara çıxıb. Həkimlər yenidən müalicə təyin ediblər və ona yeni dərmanlar veriləcək".

Müdafiə tərəfi hətta Ə.Məmmədlinin səhhəti ilə bağlı ev dustaqlığına buraxılması ilə bağlı məhkəməyə müraciət də edib. Amma martın 29-da Xətai rayon Məhkəməsi vəsatəti təmin etməyib.

Ə.Məmmədli bu il martın 8-də saxlanıb. Martın 9-da Xətai rayon Məhkəməsi onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. O, qrup halında qaçaqmalçılıqda ittiham olunur. Ə.Məmmədli ittihamı qəbul etmir.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında "Toplum” İnternet Televiziyasının əməkdaşı da olmaqla 20-ə yaxın jurnalist, ictimai fəal həbs edilib. Onların çoxu qaçaqmalçılıqda ittiham edilirlər.

Həmin şəxslər də ittiham ilə razılaşmır, onu peşə fəaliyyətləri ilə bağlı, siyasi hesab edirlər. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

Moskva hava limanlarında mindən çox Tacikistan vətəndaşı saxlanır

Düşənbə hava limanında Rusiyaya getmək istəyən tacik miqrantlar. 2021
Düşənbə hava limanında Rusiyaya getmək istəyən tacik miqrantlar. 2021

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya qanuni yolla keçməyə çalışan mindən çox ölkə vətəndaşının Moskva hava limanlarında saxlanıldığını açıqlayıb. Onların qeyri-adekvat sanitar şəraitdə saxlandığı, isti yeməklə təmin olunmadığı bildirilir.

Nazirliyin məlumatına görə, bazar günü (aprelin 28-də) səhər saatlarında təkcə "Vnukovo" hava limanının müvəqqəti saxlama zonasında 954 Tacikistan vətəndaşı olub, onların arasında Rusiya universitetlərində təhsil alan tələbələr də var. Saatlarla gözlədikdən sonra onlardan yalnız 322-si sərhəd nəzarətindən buraxılıb. 306 nəfərin vətənlərinə göndərilməsinin planlaşdırıldığı bildirilir.

"Bu cür məhdudlaşdırıcı tədbirlər yalnız Tacikistan vətəndaşlarına şamil edilir", - ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.

Rusiya rəsmiləri, hələlik, bu məlumatları şərh etməyib.

Tacikistan XİN vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib

Tacikistan Xarici İşlər Nazirliyi (XİN) vətəndaşlara Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

Bu açıqlama Moskva yaxınlığındakı "Crocus City Hall" konsert zalına hücumdan sonra Rusiya dövlət qurumlarının Mərkəzi Asiya ölkələrindən olan miqrantlara təzyiqlərinin kəskin artması fonunda verilib. İş üzrə həbs edilən şübhəlilərin əksəriyyəti Tacikistan vətəndaşlarıdır.

Səyahət elanı aprelin 27-də nazirliyin saytında yerləşdirilib. Mətndən belə çıxır ki, Rusiyaya yalnız təcili ehtiyac yarandıqda getməlisən. Bundan əvvəl insan haqları təşkilatları Rusiyada Mərkəzi Asiya ölkələrindən olan miqrantlara qarşı ksenofobik çıxışların artdığını bildirmişdilər.

Xarici işlər naziri Sirociddin Muxriddin apreldə bildirib ki, Rusiyada "düşünülməmiş informasiya kampaniyası" Tacikistan vətəndaşları və taciklər haqqında mənfi təsəvvürlər yaradır.

Bir gün əvvəl (aprelin 26-da) Tacikistan XİN vətəndaşlarının Rusiyaya daxil olmaq istərkən kütləvi maneələrlə üzləşdiklərini açıqlamışdı. Rusiya sərhəd-keçid məntəqələrində şahidlərin verdiyi məlumata görə, bu, əsasən, gənc kişilərə aiddir.

Tacikistan Əmək, Miqrasiya və Məşğulluq Nazirliyinin məlumatına görə, 2023-cü ildə 652 min insan işləmək üçün Rusiyaya gedib. Onlar Özbəkistan vətəndaşlarından sonra Rusiyada əmək miqrantlarının sayına görə ikincidir. Tacikistanın ümumi daxili məhsulunun (ÜDM) təxminən üçdə biri vətəndaşların xaricdən, əsasən də Rusiyadan köçürmələri hesabına formalaşır.

Rusiya iqtisadiyyatı da, öz növbəsində, xaricdən işçi qüvvəsinə ciddi ehtiyac duyur. Hələ 2023-cü ildə sənaye və ticarət nazirinin birinci müavini Vasili Osmakov işçi çatışmazlığını iqtisadiyyatın əsas problemi adlandırmışdı. Bu problemə elə həmin ilin aprelində Rusiya prezidenti Vladimir Putin də diqqət çəkərək ölkədə bir çox sahələrdə kifayət qədər işçinin olmadığını söyləyib.

Rusiya Mərkəzi Bankın məlumatına görə, işçi qüvvəsi çatışmazlığı o vaxtdan iqtisadiyyatın bütün sahələrində yalnız artıb - müəssisələrin təxminən 70 faizi onunla üzləşir.

Blinken Azərbaycanda 'haqsız yerə' həbs olunanları azad etməyə çağırır

Antoni Blinken və İlham Əliyev
Antoni Blinken və İlham Əliyev

Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken aprelin 28-də Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə ayrı-ayrı telefonla danışıb.

Dövlət Departamentinin sözçüsü Metyu Millerin açıqladığı bəyanatlarda Blinkenin telefon söhbətləri zamanı Azərbaycan və Ermənistanın Almatı bəyannaməsinə (1991) əsasən iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı razılığa gəlməsini alqışladığı bildirilir.

Nikol Paşinyana zəng

"Dövlət katibi Antoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyan ilə danışıb. ABŞ-ın Ermənistan və Azərbaycan arasında davamlı və ləyaqətli sülh sazişinə doğru irəliləyişə dəstəyini bir daha təsdiqləyib. Blinken qeyd edib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanın Almatı Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadəsinə razılıq verməsini alqışlayır. O, ABŞ-ın Ermənistanın suverenliyini, ərazi bütövlüyünü, həmçinin baş nazir Paşinyanın ölkəsinin firavan, demokratik və müstəqil gələcəyi ilə bağlı baxışını dəstəkləmək üçün davamlı səylər göstərdiyini vurğulayıb".

İlham Əliyevə zəng

"Dövlət katibi prezident Əliyevin keçən həftə Ermənistan və Azərbaycanın 1991-ci il Almatı Bəyannaməsini sərhədlərin delimitasiyası üçün əsas kimi götürmək barədə razılığa gəldiyini elan etməsini yüksək qiymətləndirıb. Bunun davamlı, ləyaqətli sülhün bağlanması üçün hər iki tərəf üçün əhəmiyyətini vurğulayıb. O, prezident Əliyevi ermənistanlı həmkarı ilə tempi saxlamağa çağırıb", - Dövlət Departamenti bildirir.

Habelə bildirildiyinə görə, o, Azərbaycanın Qubad İbadoğlunun humanitar jest olaraq ev dustaqlığına buraxılmasını alqışlayıb və onun tezliklə tam azad olunmasına çağırıb: "Dövlət katibi Blinken bir daha Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq təəhhüd və öhdəliklərinə əməl etməyə, Azərbaycanda haqsız yerə həbs olunanları buraxmağa çağırıb".

Azərbaycan prezidenti Mətbuat xidmətinin telefon söhbəti ilə bağlı məlumatında isə bildirilir ki, "İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb".

Bir neçə gün öncə Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR) sədri İbadoğlunun həbsi ev dustaqlığı ilə əvəz olunub. O, ötən il iyulun 23-də həbs edilmişdi. Cinayət Məcəlləsinin (CM) 204.1-ci (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma) və həmin maddənin əlavə olaraq 3.1-ci (eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə) bəndi ilə ittiham olunub. Daha sonra ona qarşı CM-in 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. Siyasətçi irəli sürülən bütün ittihamları "saxta" adlandırıb

Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Dörd il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il birgünlük əməliyyat nəticəsində Azərbaycan işğalda olan ərazilərə nəzarətini bərpa edib.

Ötən il Qarabağda aparılan birgünlük əməliyyatı Ermənistan "etnik təmizlənmə" adlandırmışdı. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazı imzalanmayıb.

Ukrayna kəşfiyyatı Moskvada helikopterin yandırılmasını göstərən video yayıb

Rusiya FHX-yə aid Ka-32 RA-31112 helikopteri Ostafyevo üzərində təlim zamanı (Arxiv fotosu)
Rusiya FHX-yə aid Ka-32 RA-31112 helikopteri Ostafyevo üzərində təlim zamanı (Arxiv fotosu)

Ukrayna hərbi kəşfiyyatı Yeni Moskvadakı Ostafyevo aerodromunda Rusiyanın Fövqəladə Hallar Xidmətinə məxsus Ka-32 helikopterinin yandırılmasını görüntüləyən video yayıb.

Qurumun bəyanatında deyilir ki, tamamilə yanıb külə dönən bu helikopterdən Rusiya ordusunun əməliyyatlarına dəstək verilməsi üçün istifadə olunurdu.

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi – GUR bildirir ki, helikopter aprelin 26-a keçən gecə yandırılıb.

Dərc olunmuş videoda helikopterin nömrə nişanları və ona dəyən zədələrin miqyası görünmür.

Moskva aprelin 26-da aerodromda yanğın baş verməsinə dair heç bir şərh verməyib.

Bu da qeyd olunmalıdır ki, videodakı helikopter Fövqəladə Hallar Xidmətinin rəngləri ilə boyanıb.

Ostafyevoda Moskva aviasiya mərkəzinin xilasetmə və tibb aviasiyası helikopterləri də saxlanır.

Bu mərkəzin donanmasında 3 ədəd Ka-32 helikopterinin olduğu məlumdur.

Ötən dekabrda Rusiya blogerləri yazırdılar ki, bu aerodrom Ukrayna dronunun hücumuna məruz qalıb, lakin dron vurulub.

GUR habelə aprelin 17-də Samaradakı Kryaj aerodromunda Mi-8 helikopterinin yandırılmasını əks etdirən video dərc etmişdi.

Helikopterin məhv edildiyi bildirilsə də, Rusiya güc nazirlikləri bu barədə də heç bir məlumat verməmişdilər.

Rusiya Dövlət Dumasının güc strukturlarına yaxın deputatı Aleksandr Xinşteyn demişdi ki, iki yanğın törədən şəxs Rusiya FTX-si tərəfindən saxlanıb.

Bunların Ukrayna xüsusi xidmətləri tərəfindən ələ alınmış 16 yaşlı Tolyatti məktəbliləri olduqları iddia edilirdi.

Amma məhkəmələr hər hansı şübhəlilərin həbs olunduğu barədə məlumat verməmişdilər.

Prezident jurnalistlərin həbsini şərh etdi: 'O demək deyil ki, bizdə media azad deyil' [Video]

Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında
Prezident İlham Əliyev Berlində Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında

"Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirlərdən qorumalıyıq". Bunu Azərbaycan prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniya kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında deyib.

Mətbuat konfransında prezidentə jurnalist İmran Əliyevin həbs edilməsi, ailəsinin onun hüquqlarının pozulduğunu deməsi ilə bağlı sual verilib.

İ.Əliyev suala cavab olaraq bunları deyib: "Azərbaycanda heç bir senzura yoxdur. Azad internet fəaliyyət göstərir. Yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər".

Prezidentin əlavə etməsinə görə, fərdi hadisələrə gəldikdə isə, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar: "Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanıb, bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir və əgər qanunsuz xaricidən vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir".

Son aylar Azərbaycanda aralarında meclis.info saytının təsisçisi İmran Əliyev olmaqla 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlar ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Dünən, aprelin 25-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.

Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.

Üstəlik, əvvəlki illərdə də Azərbaycanda jurnalistlərdən, bloqerlərdən həbs edilənlər olub.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladığı siyahılara görə, hazırda Azərbaycanda 250-300 arasında siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, həmin siyahılarda yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.

Xatırlatma

Aprelin 25-də prezident İ.Əliyev Almaniyaya işgüzar səfərə gedib. O, orada "15-ci Petersberq İqlim Dialoqu" konfransında iştirak edib.

İmran Əliyevə ittihamın ağırlaşdırıldığı deyilir

İmran Əliyev
İmran Əliyev

"Meclis.info" platformasının həbsdə olan rəhbəri İmran Əliyevə qarşı yeni ittiham irəli sürüldüyü deyilir.

Bu barədə “Turan”a onun yaxınları məlumat verib.

Onların sözlərinə görə, aprelin 26-da İ.Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 206.3.1-ci (qaçaqmalçılıq təkrar törədilməklə) maddəsi ilə ittiham sürülüb.

Bundan əvvəl ona CM-nin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə ittiham elan olunmuşdu.

Hələlik, bu məlumatı istintaq orqanı olan Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Elə bugün, aprelin 26-da Almaniyada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə Berlində kansler Olaf Şolts ilə birgə keçirdiyi mətbuat konfransında İmran Əliyevlə bağlı da sual verilmiş, ailəsinin ona təzyiqlər edildiyi ilə bağlı şikayət dilə gətirdiyi vurğulanmışdı.

Əliyev suala cavabında bəzi media nümayəndələrinin həbsinə toxunaraq bunun qanunvericiliyə uyğun aparıldığını demişdi:

“Sadəcə, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz, istənilən ölkə kimi, öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir".

İmran Əliyev aprelin 18-də həbs olunub. O, ittihamı qəbul etmədiyini bildirib.

Xatırlatma

Son aylar Azərbaycanda aralarında meclis.info saytının təsisçisi İmran Əliyev olmaqla 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq və başqa ittihamlarla həbs edilib. Onlar ittihamlarla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.

Dünən, aprelin 25-də Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə vurğulanır ki, Azərbaycan hakimiyyəti son vaxtlarda vətəndaş cəmiyyətinə, fəallara və ölkədə hələ də qalan müstəqil mediaya qarşı repressiyaları gücləndirib.

Amma rəsmilər vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyətinə görə, siyasi sifarişlə basqılara məruz qalmır.

Gürcüstan əhalisi bir ildə 1.1 faiz azalıb

İnsanlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gəzir
İnsanlar Tbilisinin mərkəzindəki Azadlıq meydanında gəzir

Gürcüstan əhalisi son bir ildə 1.1 faiz azalaraq 3 milyon 694 min 600 nəfər təşkil edib.

Milli Statistika Xidmətinin məlumatına görə, bu ölkədə ümumi əhalinin 52 faizi qadınlardır.

Şəhər əhalisi 61 faizdir, onların təxminən üçdə biri paytaxt Tbilisidə yaşayır.

Ölkədə orta uzunömürlülük 2022-ci illə müqayisədə 1.3 vahid artaraq 75 yaşa çatıb. Qadınlar arasında bu göstərici 79.4, kişilər arasında isə 70.6 yaşdır.

2023-cü ilə Gürcüstanda median yaş 38-dir, əhalinin yarısının yaşı ondan yüksəkdir.

Gürcüstanda ən yüksək əhali sayı 1988-ci ildə qeydə alınıb – 5 milyon 450 min nəfər.

Hindistan Ermənistana silah satmasından Azərbaycanın narazılığına cavab verib

Randhir Caysval
Randhir Caysval

Hindistanın Bakı və Yerevanla yaxşı əlaqələri var, lakin Yeni Dehli də müdafiə təyinatlı məhsullarının ixracını təşviq etməyi düşünür. Bunu aprelin 25-i brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caysval ölkəsinin Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycanın tənqidlərinə dair sualı cavablandırarkən deyib.

"Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin biz Hindistanın müdafiə ixracatını təşviq etmək siyasətini də həyata keçiririk", - Caysval bildirib.

Aprelin 23-də Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Bakı Fransanın, Hindistanın və Yunanıstanın Ermənistanı Azərbaycana qarşı necə silahlandırdığını görüb, sakit oturub gözləyə bilməz: "Biz, sadəcə, oturub gözləyə bilmərik və biz bu mövqeyi Ermənistan hökumətinə, indi Ermənistanın qayğısına qalmaq istəyənlərə açıq şəkildə bildiririk. Bizə qarşı ciddi təhlükə görsək, ciddi tədbirlər görməli olacağıq".

Ermənistanın yeni aldığı deyilən antidron sistemləri necə işləyir?
Gözlə

No media source currently available

0:00 0:03:29 0:00

Yunanıstanın müdafiə naziri Nikos Dendias martın 4-də Yerevanda olarkən Ermənistan-Yunanıstan-Fransa-Hindistan arasında hərbi sahədə dördtərəfli əməkdaşlığı istisna etməyib.

Hindistanın ANI agentliyinin məlumatına görə, Ermənistan Hindistandan ümumi dəyəri 600 milyon dollar olan 15 ədəd "Akaş" zenit-raket kompleksi alıb.

Xatırlatma

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi üzündən Azərbaycan və Ermənistan arasında zaman-zaman hərbi toqquşmalar baş verib. Hazırda iki ölkə arasında sülh danışıqları aparılır.

İlham Əliyev Almaniyaya gedib

İlham Əliyev
İlham Əliyev

Aprelin 25-də prezident İlham Əliyev Almaniyaya səfər edib

Əliyev orada “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edəcək.

Habelə bu səfər çərçivəsində onun Almaniya kansleri Olaf Şoltsla görüşü də gözlənilir.

Bu il noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Bakıda keçirilməlidir.

Almaniyada aprelin 25-i və 26-da gerçəkləşəcək Petersberq İqlim Dialoqunda həmin konfransın da gündəliyi nəzərdən keçirilə bilər.

Elnur Həsənovun aclıq aksiyasını dayandırdığı deyilir

Elnur Həsənov
Elnur Həsənov

Həbsdə olan AXCP üzvü Elnur Həsənovun aclıq aksiyasını dayandırdığı bildirilir.

Bu barədə partiyadan məlumat verilib.

Bildirildiyinə görə, E.Həsənov tələbi yerinə yetirildiyi və partiya rəhbərliyinin xahişlərini nəzərə alaraq aclığı dayandırmağa qərar verib.

Bu məlumatı, hələlik, Penitensiar Xidmətdən dəqiqləşdirmək mümkün olmayıb.

Yaxınları narahatdır

Yaxınları həbsdə aprelin 18-dən aclıq aksiyası keçirdiyi bildirilən AXCP üzvü Elnur Həsənovun səhhətindən narahatdırlar.

Ailə üzvlərinin sözlərinə görə, E.Həsənov dünən, aprelin 24-də onlara zəng vurub: "Heç bir dəqiqə belə danışa bilmədi. Səsi çox zəif gəlirdi, təzyiqi düşmüşdü. Bu gün isə, ümumiyyətlə, zəng vurmayıb. Ondan çox narahatıq".

Elnur Həsənovun həbsdə aclıq aksiyası keçirdiyi deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı Elnur Həsənovun artıq altı sutkadır 1 saylı Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirdiyi bildirilir.

Partiyadan deyiblər ki, aprelin 23-də Penitensiar Xidmətin Əməliyyat-Rejim İdarəsinin rəisi Fikrət Qafarov onunla görüşərək bir saatdan artıq müddətə söhbət edib, bütün problemlərini dinləyib, qeydlər götürüb və məsələni aidiyyəti orqanlara çatdıracağını söyləyib.

AXCP-dən verilən məlumata görə, E.Həsənov istintaq təcridxanasının tibb-sanitar hissəsində saxlanılır: "Bu gün müayinə zamanı məlum olub ki, onun arterial təzyiqi 80/60-a düşüb".

Həsənovun aprelin 18-də məhkəmədə çıxış etmək üçün hazırladığı qeydlərin götürülməsinə etiraz olaraq aclıq aksiyasına başladığı deyilir.

O, 2023-cü il noyabrın 28-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı (234.4.3) ilə həbs edilib. Fəalın sözlərinə görə, həbsinin əsl səbəbi yol polisi rəhbərliyinin hərəkətlərini tənqid etməsidir.

E.Həsənov bundan əvvəl də inzibati qaydada həbs edilib. O, xırda xuliqanlıq və polisin qanuni tələbinə tabe olmamaqda günahlandırılaraq 30 sutka inzibati həbs almışdı. AXCP üzvü onda da ittihamı qurama sayırdı.

AXCP-nin hazırda 10-dan çox fəalı həbsdədir. Onlar müxtəlif ittihamlarla mühakimə edilsələr də, partiya onların siyasi sifarişlə şərləndiyini açıqlayıb. Amma rəsmilər ölkədə siyasi həbslərin olması ilə bağlı deyilənləri əsassız sayırlar.

ABŞ Azərbaycan və Ermənistan arasında delimitasiyaya başlanmasını 'mühüm addım' adlandırıb

Vedant Patel
Vedant Patel

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel aprelin 24-də keçirdiyi brifinqdə müxbirin sualına cavab verərkən Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyasında Vaşinqton nümayəndələrinin, o cümlədən Cənubi Qafqaz üzrə xüsusi müşavir Luis Bononun heç bir şəkildə iştirak etdmədiklərini bildirib.

Bununla belə sözçü ABŞ-ın iki ölkə arasında başlanmış prosesdən məmnun olduğunu söyləyib:

“...Dövlət katibi bunu öz tvitində qeyd edib və bildirib ki, biz Ermənistan və Azərbaycan arasında 1991-ci il Almatı Bəyannaməsi əsasında sərhədin delimitasiyasına dair razılaşma əldə edilməsini alqışlayırıq. Bu davamlı və ləyaqətli sülhə doğru atılmış mühüm addımdır”.

Rəsmi Bakının bu barədə məlumatında deyilirdi ki, aprelin 23-də ekspert qrupları sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıblar:

“2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb və iki ölkə ekspert qruplarının işi davam edir"

AİHM deputatlığa namizədlərə pul ödənməsinə qərar verib

2020-ci il parlament seçkiləri
2020-ci il parlament seçkiləri

2020-ci il fevralın 9-da Azərbaycanda keçirilmiş parlament seçkilərində namizəd kimi qatılanlara kompensasiya ödəniləcək.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) belə qərara gəlib.

Qərara görə, maddi və mənəvi zərər əvəzi Qorxmaz İbrahimliyə 4 min 500 avro, Rəfail Zeynalzadəyə isə 4 min 750 avro ödənilməlidir.

Hər iki şəxs iddia olunan seçki pozuntularına effektiv baxılmamasından AHİM-ə şikayət göndəribmiş.

Tərəflər hər iki ərizənin kommunikasiyası zamanı dostca anlaşıblar.

2020-ci ildə Azərbaycanda Milli Məclisə VI çağırış seçkiləri keçirilmiş, hakim Yeni Azərbaycan Partiyası (YAP) 70 mandat qazanmışdı. Yerli və xarici müşahidəçilər qeydiyyat və seçkiöncəsi kampaniyanın bəlli ölçüdə liberallaşdırıldığını bildirsələr də, səsvermə günü çoxsaylı pozuntuların olduğunu vurğulamışdılar.

Mərkəzi Seçki Komissiyası, habelə hökumət rəsmiləri isə, bir qayda olaraq, hesab edirlər ki, Azərbaycanda seçkilər azad, ədalətli şəkildə keçirilir və bəzi pozuntulara baxmayaraq, xalqın iradəsini ifadə edir.

Ermənistan parlamentinin spikeri Azərbaycandan qaz almağa müsbət baxır

Alen Simonyan
Alen Simonyan

"Azərbaycan ilə İrandan qaz kəmərinin çəkilməsi və qazın onlardan alınması çox yaxşı variantdır".

Bunu aprelin 25-də Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərlə söhbətində bildirib.

O izah edib ki, hazırda heç bir müzakirə aparılmır.

Spiker "Ermənistan Azərbaycandan qaz ala bilərmi" sualına belə cavab verib: "Mənim buna münasibətim çox müsbətdir. Biz bu məsələni müzakirə etməliyik. Ümumiyyətlə, indi istifadə etdiyimiz qazın bir hissəsinin Azərbaycan qazı olmadığı doğru deyil".

2023-cü ildə Rusiya Ermənistana 2 milyard 444.8 milyon kubmetr təbii qaz tədarük edib.

Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev gələcəkdə Ermənistanın onun ölkəsindən qaz ala biləcəyini istisna etməyib: "Gürcüstanın qaz təchizatının təxminən 100 faizini Azərbaycan təmin edir. Potensial olaraq, xüsusən də Gürcüstan üçün qaz qiymətinin çox əlverişli və güzəştli olmasını nəzərə alaraq, Ermənistan da Azərbaycan qazını ala bilər. Yaxınlıq, infrastruktur baxımından, əlbəttə ki, bu cür əməkdaşlıq təbii olardı".

Bununla belə, o hesab edir ki, belə əməkdaşlıq Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşdıqdan və sülh müqaviləsi imzalandıqdan sonra mümkündür.

Naxçıvanda yeni baş nazir var

Ceyhun Cəlilov Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu otağının açılışında
Ceyhun Cəlilov Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin vətəndaşların qəbulu otağının açılışında

Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri Səbuhi Məmmədov tutduğu vəzifədən azad edilib. O, 2020-ci ildən bu vəzifəni tuturdu.

Ali Məclisin digər qərarı ilə bu vəzifəyə Ceyhun Cəlilov təyin olunub.

Dosye

Ceyhun Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində doğulub.

2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2012-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin eyni ixtisası üzə magistratura, 2013-cü ildə isə Böyük Britaniyanın Esseks Universitetinin Maliyyə ixtisası üzrə magistratura səviyyəsini bitirib.

2011-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyinin (indiki İqtisadiyyat Nazirliyi) Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsində, 2013-2021-ci illər ərzində "BP Caspian" şirkətinin Maliyyə departamentində müxtəlif vəzifələrdə çalışıb.

1 mart 2021-ci il tarixində Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri, 13 avqust 2021-ci il tarixində isə İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin edilib.

Baş nazir təyinatına qədər Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi naziri postunu tuturdu.

Davamı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG