Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:25

Yayda oruc tutanlara nə tövsiyə edilir?


Foto: Arxiv
Foto: Arxiv

«Məncə, istidə oruc tutmaqdan qorxmaq lazım deyil. İsti də Allahın nemətidir. Oruc tutmaq insanı gümrahlaşdırır, saflaşdırır, xeyir əmələ ruhlandırır».

29 yaşlı Nəsib Məmmədov 5 ildir İslam dinində müqəddəs ay sayılan Ramazanda oruc tutur. Deyir ki, keçən il də hava isti olanda düz bir ay oruc tutub. Özünü daha gümrah hiss edib.


HƏKİM RƏYİ...

Həkim Mehdi Mehdiyev deyir ki, hər bir insan gün ərzində 2 litr maye içməlidir. Ramazan ayının isti günlərə düşməsi ilə oruc tutanlar orucdan əvvəl və sonra daha çox maye qəbul etməlidirlər:

«Müxtəlif orqanların normal fəaliyyəti üçün maye, su lazımdır. Məsələn, mədəaltı vəzinin, ürəyin, qaraciyərin normal fəaliyyəti üçün, bağırsaqlarda gedən sorulma prosesini katalizə eləmək və s. üçün mütləq maye qəbul olunmalıdır. Yayda tər vasitəsilə çoxlu maye itirdiyinə görə, qanda qatılaşma gedir. Hipovameliya əmələ gələ bilər. Nəticədə xoşagəlməz hallar baş verə bilər».

Həkim deyir ki, isti günlərdə oruc tutan adamlar ağır, fiziki işlərdən çəkinməli, sərin yerlərdə işləməlidirlər.

İBN SİNA DEYƏRDİ Kİ...

Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov isə deyir ki, hava çox isti olanda onsuz da insan günorta qidalanmaq istəmir. Ona görə çox adam aclıq hiss eləmir:

İsti havada günorta yemək qəbul eləmək məsləhət deyi

«Elə İbn Sina da deyirdi ki, sağlam qidalanma səhər və axşam qidalanmaqdır. İsti havada günorta yeməyə o qədər də fikir vermirlər. Qidanın qəbulu sərin vaxt olmalıdır ki, bədən çox yük daşımasın. Əslində təkcə orucluq vaxtı deyil, ümumiyyətlə isti havada günorta yemək qəbul eləmək məsləhət deyil. Bədən rahat olduğu vaxt səhər tezdən daha çox yemək lazımdır və güclü yemək lazımdır».

«İndi Somalidə milyonlarla adam aclıq içindədir»

Tahir Əmiraslanov deyir ki, səhər bal, yağ, həlim aşı yemək, bədənin gün ərzində müqavimətini saxlaya bilməsi üçün çoxlu maye qəbul etmək lazımdır:

«Heç olmasa 5-6 stəkan maye qəbul olunarsa, bu gün ərzində bədəni çox yaxşı saxlaya bilər. Bir damcı duz da yemək lazımdır ki, suyu bədəndə saxlasın. Çünki tərlə birlikdə bədəndən duz da çox çıxır. Həm də duz suyu bədəndə bağlayıb bədəndə saxlamağa kömək edir. Susuzluq yaratdığı üçün duzlu qidalar yemək isə lazım deyil. Allahın verdiyindən yemək lazımdır. Əsas odur ki, yeməyini paylaşa biləsən. İndi Somalidə milyonlarla adam aclıq içindədir. Kimsə onlara nəsə göndərə bilsə böyük savab olar».

Yayda oruc tutmaqla bağlı Bakı sakinlərinin fikirləri isə müxtəlifdir:

Ülvü Bağırov:
«Ramazanın isti günlərə düşməsi özü də bir imtahandır».

Sahib Kərimov:
«Bu ayda daha çox xeyir əməl sahibi olmaq lazımdır. Peyğəmbərin də hədisi var ki, qarşına çıxan günah işlərdən çəkinmək lazımdır».

Taryel Əliyev:

İlqar İbrahimoğlu

«İstidir, ancaq Allah qismət eləsə tutacağam. Çünki keçən il də tuta bilməmişdim».

Kərim Əmirov:
«Bu ay insanlar üçün mənəvi təmizlik ayıdır, çirkin işlərdən də uzaq olursan, bundan yaxşı nə ola bilər?»

Ramazan ayının öz süfrə mədəniyyəti var. Bunu isə neçə illərdir ailəsi üçün ramazan süfrəsi hazırlayan Aidə Məmmədova deyir:

«Ramazanda səhər yeməyi mütləq olmalıdır. Oruc vaxtı bədəndə şəkər azaldığından məsləhətdir ki, iftarı şəkərlə və başqa şirni ilə açasan. Sonra da yüngül yemək lazımdır. Yüngül şorba, ya da sıyıq, istəyən sonra başqa yemək də yeyər. Çox yemək məsləhət deyil».

Dini ekspert İlqar İbrahimoğlu isə bildirir ki, oruc təmiz niyyətlə tutulmalıdır:

«ORUCU KİMLƏRƏSƏ GÖSTƏRMƏK ÜÇÜN TUTMAQ OLMAZ»

«Orucu kimlərəsə göstərmək üçün yox Allaha yaxınlaşmaq, saf niyyətlə tutmaq lazımdır. Ən mühüm olanı da budur».

Ekspert deyir ki, oruc tutanların günün müəyyən hissəsində qidadan imtina etməsi insanlarda gözütoxluq, ehtiyacı olana yardım göstərmək hissi formalaşdırır. Bu da həmin əməlləri sonrakı aylarda davam etdirmək üçün bir başlanğıcdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG