Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:38

Daha 3 ofşor zonada gizli şirkətlərin məlumatı açıqlandı


Foto: Arxiv
Foto: Arxiv
-
Britaniyanın Vircin, eləcə də Kuk adalarında və Sinqapurda qeydiyyatdan keçən şirkətlər haqda məlumatlar yayılıb. Uzun illərdir bu şirkətlərin özü barədə bilgilər, onların sahiblərinin kimliyi gizli saxlanırdı. Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (ICIJ) 10 hüquq şirkətindən topladığı sənədlər əsasında yaratdığı məlumat bazası sözügedən şirkətlərin üzərindəki sirr pərdəsini qaldırıb.

1980-2010-cu illərdə Sinqapurda, Vircin və Kuk adalarında qeydiyyata alınan şirkətlər haqda bilgilər həmin məlumat bazasında yerləşdirilib. Burada Azərbaycana aid materiallar da yer alıb və neft, nəqliyyat, infrastruktur, tikinti və digər sahələrdə biznes fəaliyyəti göstərən onlarla şirkət barədə məlumat var. Bəzi şirkətlərin arxasında Azərbaycanın yüksəkvəzifəli məmurlarının adı keçir.

Ofşor şirkət deyərkən, vergidən tamam və ya qismən azad, eləcə də az nəzarət yetirilən zonalarda yaradılan şirkətlər nəzərdə tutulur. Burada qanunvericilik həm şirkətin təsisçilərini, həm də maliyyə mənbələrini gizlətməyə imkan verir. Beynəlxalq hesabatlarda maliyyəsi narkotikdən, silah alverindən və qanunsuz gəlirlərin yuyulub «ağlanmasından» əldə edilən şirkətlərin məhz ofşor zonalarda qeydiyyatdan keçdiyi bildirilir.

ICIJ bir müddət öncə əldə etdiyi sənədlər əsasında Azərbaycan prezidentinin və onun ailəsinin Vircin adalarındakı şirkət vasitəsilə qanunsuz biznesindən söz açan araşdırma hazırlamışdı.

Azərbaycan prezidenti İlham Əliyevin mətbuat katibi Azər Qasımov dövlət başçısının ailə üzvlərinin adının biznesdə hallanmasında qeyri-adi heç nə görmür:

«Onlar da hər bir Azərbaycan vətəndaşı kimi bizneslə məşğul ola bilərlər. Onların yaşı da, hər bir digər kriteriyalar da buna qanunla imkan verir. Yəni burda belə bir qeyri-adi heç bir şey görmürəm».

O, bu fikrini BBC-yə müsahibəsində dilə gətirmişdi.

Ənnağı Hacıbəyli
Ənnağı Hacıbəyli
PREZİDENT İSTEFA VERMƏLİDİR

Hüquqşünas Ənnağı Hacıbəyli, hansı səbəblə olur-olsun, bu cür gizli bilgilərin ictimaiyyətə açıqlanmasını müsbət qiymətləndirir. Onun fikrincə, belə məlumatlar açıqlanarkən, məlumatların hansı məqsədlə açıqlanması yox, qanunsuz gizli biznesə qurşananlar qınaq hədəfinə çevrilməlidir:
«Normal ölkələrdə adları bu cür gizli bizneslərdə hallanan vəzifəli şəxslərin özləri ya istefaya gedir, ya da göndərilir və ya cəmiyyətin sərt təpkisi ilə üzləşir. Azərbaycan qanunları da bunu tələb edir. Hansısa vəzifəli şəxs qanunlara zidd olaraq biznes fəaliyyəti göstərirsə, dərhal vəzifəsindən azad olunmalıdır. O cümlədən də prezident. Söhbət korrupsiyadan, dövləti cinayətlərdən gedirsə, bu informasiyanı kimin və hansı məqsədlə açıqlamasının nə dəxli?».

Adi vətəndaşlar rahatlıqla ofşor şirkətlər aça bilər və bunda qanunsuz heç nə yoxdur. Amma vəzifəli şəxslərin biznes qurması ciddi qanun pozuntusudur. 2008-ci ildə «Böyük 20»liyin sammitində dünyada iqtisadi böhranın səbəblərdən biri kimi məhz ofşor şirkətlər göstərilib. Beynəlxalq ictimaiyyət bu şirkətlərlə əməkdaşlıq etməməyə çağırılıb.

Arzu və Leyla Əliyevalar
Arzu və Leyla Əliyevalar
Təxminən 2010-cu ildə Panamadakı gizli şirkətlər haqda məlumat bazası yaradılıb. Bu baza əsasında bir çox ölkələrdə, o cümlədən Azərbaycanda vəzifəli şəxslərin qanunsuz biznes fəaliyyətləri üzə çıxarılıb. Bunların arasında Azərbaycan prezidenti ailəsinin mobil rabitə biznesi, özündə 20-dək şirkəti cəmləşdirən «ATA Holding»ə sahibliyi, Azərbaycanın 6 rayonunda qızıl mədənlərindəki biznesi üzə çıxarıldı.

2012-ci ildə, bu araşdırmaların dərcindən bir müddət sonra Azərbaycanda şirkətlərin təsisçiləri haqda məlumatlar kommersiya sirri sayılaraq ictimaiyyətdən gizlədildi.

Yerli və beynəlxalq təşkilatlar Milli Məclisin qəbul etdiyi və ölkə prezidentinin təsdiqlədiyi qanun dəyişikliklərini pisləyən bəyanatlar yayıb.

Ofşor zonaların xəritəsi

XS
SM
MD
LG