Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:52

İslamçılarla bağlı beynəlxalq qurumlara müraciət ünvanlanıb


-
İslamçıların Hüquqlarını Müdafiə Komitəsi beynəlxalq təşkilatlara və ölkə ictimaiyyətinə müraciət ünvanlayıb. Müraciət İslam Konfransı Təşkilatı ölkələrinə, AŞPA-ya, Azərbaycandakı xarici ölkə səfirliklərinə, ölkə ictimaiyyətinə ünvanlanıb. Komitənin koordinatoru Rövşən Əhmədli deyir ki, məqsədləri həbs olunan, repressiyalara məruz qalan islamçıların hazırkı durumunu ictimaiyyətə çatdırmaqdır:

“Biz hər bir vətəndaşa qarşı qanunsuz hərəkətləri pisləyirik. Hesab edirik ki, inancından asılı olmayaq hər kəsin haqqı müdafiə olunmalıdır. Çox təəssüf ki, Azərbaycanda son dövrlərdə daha artıq repressiv şəkildə həbs olunan, təqib və təzyiqlərə məruz qalmış islamçılarla bağlı istər cəmiyyətdə, istərsə də beynəlxalq aləmdə normal təsəvvür yoxdur. Nə baş verir, niyə bu cür inanclı insanlar silahla, narkotiklə, xuliqanlıqla bağlı ittihamlarla həbs olunurlar? Axı, bu ittihamlar onların inancına və yaşam tərzinə ziddir. Saxtakarlıq artıq ittihamın adından məlumdur. Nə qədər inanclı insan bu təzyiqlərə davam gətirməyərək intihar edib”.

Rövşən Əhmədli deyir ki, bu cür münasibət regionda baş verən hadisələrin Azərbaycanda da təkrar olunmasına gətirib çıxara bilər. Buna görə də saxta ittihamlara son qoyulmalı, günahsız insanlar azadlığa buraxılmalıdır. “Qanunsuz həbs olunan dindarların bir neçəsi dünyasını dəyişib. Ağır vəziyyətdə olanlar da var ki, müalicəsinə ehtiyac var”.

Hüquq-müdafiəçilərinin Azərbaycanda siyasi məhbus kimi tanıdığı şəxslər arasında inanclı şəxslər var. Ancaq rəsmilər ölkədə ümumiyyətlə siyasi məhbusun olmadığını, dini, siyasi baxışlarına görə heç kəsin təqibə məruz qalmadığını bildirirlər.
XS
SM
MD
LG