Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:12

Britaniya Kadyrov-un adamına ölkəyə gəlməyi qadağan etdi


Arxiv foto: Rusiya prezidenti Vladimir Putin (solda) Çeçenistanın rəhbəri Ramzan Kadyrovla.
Arxiv foto: Rusiya prezidenti Vladimir Putin (solda) Çeçenistanın rəhbəri Ramzan Kadyrovla.

Britaniya kəşfiyyatı Mİ5-in sənədlərində kimliyi sadəcə olaraq “E” hərfi ilə işarələnən şəxs çeçen liderlərindən biri, hazırda Londonda siyasi mühacir həyatı yaşayan Akhmed Zakayev-in həyatına sui-qəsd etmək cəhdində şübhəli bilinir.

Mətbuat xəbər verir ki, “E” Britaniyaya gələ bilmək üçün apardığı hüquqi mübarizəni uduzub, beləki Britaniya hökuməti onun milli təhlükəsizliyə hədə olduğunu elan edib.

Britaniya Ali Məhkəməsinin hökmündə deyilir ki, 2002-ci ildən Birləşmiş Krallıqda yaşayan 48 yaşlı “E” Akhmed Zakayev-ə sui-qəsd planında aparıcı rol oynamalı imiş.
Məhkəmə sənədlərində həmçinin qeyd olunur ki, “E” 2009-cu ildə Vyanada Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadyrovun əmri ilə daha bir çeçenin qətlində rol oynayıb.

Akhmed Zakayev İçkeriya Çeçen Respublikasının Baş naziri, Xarici İşlər naziri vəzifələrində çalışıb. 1994-1996-cı illərdə Birinci Çeçenistan-Rusiya müharibəsi zamanı paytaxt Qroznı uğrunda döyüşlərdə fəal iştirak edib. Rusiya müxtəlif terror hadisələrində ittiham edərək onu Britaniyadan geri tələb etsə də London Zakayev-i Moskvaya verməkdən imtina edib.
Akhmed Zakayev
Akhmed Zakayev

Təhlükəsizlik xidmətlərinin təxminlərinə görə cənab Zakayev-in adı Rusiya prezidenti tərəfindən dəstəklənən Ramzan Kadyrov-un qatı düşmənləri siyahısındadır.

London məhkəməsində dinləməyə aid sənədlərdən birində deyilir ki, Kadyrov-un Zakayev-i öldürtmək planlarına malik olması barədə ciddi təxminlər vardır və sui-qəsd Londonda baş verərsə, “E”-nin bu işdə əsas rollardan birini oynayacağı şübhə doğurmur.

Xəbər verilir ki, prezident Kadyrov-un müşavirlərindən biri olan “E” 2002-ci ildən bəri arvadı və 6 uşağı ilə birlikdə Britaniyada yaşayırdı.

“E” Britaniyadan niyə deportasiya olunub?

O 2008-2009-cu illərdə intensiv olaraq xarici səfərlərə çıxıb və nəhayət 2010-cu ildə Britaniya daxili işlər naziri onun bu ölkədə yaşaması üçün qeyri-müəyyən vaxta icazə verən sənədi ləğv edib. Nazirlik bildirir ki, buna səbəb “E”-nin Britaniya üçün təhlükə təşkil etməsi olub.

Müddətli vizası ləğv olunduqdan sonra “E” Britaniyanın ciddi təhlükəsizlik rejimli Long Lartin həbsxanasında saxlanıb və 2012-ci ilin oktyabrında Britaniyadan deportasiya edilib.

O Çeçenistana Ukrayna və ya Rusiya vasitəsilə qayıtmaqdan qorxduğunu söyləsə də, tutarlı əsaslar göstərə bilməyib.

İndi isə Britaniya Ali Məhkəməsinin qərarından sonra “E” Birləşmiş Krallıqda yaşamaq hüququndan birdəfəlik məhrum edilib.

Mətbuat yazır ki, Moskvanın tərəfinə keçmiş və 2007-ci ildən bəri Rusiya prezidenti Putinin himayəsi altında Çeçenistana rəhbərlik edən Kadyrov rəqiblərinə qarşı qəddarlığı və amansızlığı ilə tanınır.

Kadyrov Akhmed Zakayev-i özünün ən böyük düşmənlərindən biri hesab edir.
Çeçenistanın prezidenti Ramzan Kadyrov
Çeçenistanın prezidenti Ramzan Kadyrov

Moskva Zakayev-in Rusiyaya təslim edilməsini uzun müddət israrla tələb etsə də, London bu tələbi rədd edib və Akhmed Zakayev-ə Britaniyada siyasi sığınacaq verilib.

Kadyrov-un qara siyahısı

Kadyrov-un yaxın çevrəsindən məxfi alınmış məlumata görə onun qara siyahısında 5 min ad var. Bunlardan 300-ünün qətlə yetririlməsi planlaşdırılıb.

Britaniya Ali Məhkəməsinə aid sənədlərdə iddia olunur ki, “E” Umar İsrailov-un qətlə yetirilməsində iştirak edib. İsrailov Kadyrov-un şəxsi cangüdənlərindən idi. 2005-ci ildə Ramzan Kadyrov-un gözü qarşısında ağır işgəncələrə məruz qaldıqdan sonra xaricə qaça bilmişdi.

İsrailov Avstriya hakimiyyət orqanlarına bildirmişdi ki, o, Vyanada olarkən, Kadyrov-un emissarı olduğu güman edilən şəxs onu təkrar Rusiyaya qaytarmağa çalışıb. Bundan sonra, 2009-cu ildə İsrailov yaşadığı evin qarşısında iki naməlum şəxs tərəfindən qətlə yetirilib.

Xüsusi mühacirət məhkəməsinin bu barədə sənədlərində deyilir ki, İsrailovun qətlində “E”-nin adı keçir və o, həmin işdə Kadyrov-un göstərişi ilə iştirak edib.
XS
SM
MD
LG