Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:15

Marquez-in vida məktubu saxta imiş


-

Uzun illər İnternetdə Nobel mükafatlı yazıçı Gabriel Garcia Marquez-in vida məktubu kimi təqdim edilərək dövriyyəyə buraxılan şeir əslində ona məxsus deyil.

Bunu Meksikanın "El financiero" qəzeti yazır.

Məqalədə deyilir ki, şeirin müəllifi meksikalı yazar, kukla teatrının aktyoru Johnny Welch-dir və həmin poetik nitqi özünün Don Mofles adlı kuklasının dilindən yazıb.

Şeir belə başlayır: "Əgər Tanrı bir anlığa unutsa ki, mən parçadan tikilmiş kuklayam və mənə bir azca can versə..."

1959-cu il təvəllüdlü aktyor "Kukla" adlanan həmin şeiri öz saytına da yerləşdirib.

10 ildən çox keçir bu şeirin Marquez-in vida məktubu kimi yayılmasından.

O zaman bu şeir Marquez-in yalançı ölüm xəbərinin ertəsi günü çap edilmişdi.

Johnny Welch qəzetə deyib ki, vaxtilə şeir təxminən 1 il İnternetdə adsız dolaşmış, sonra isə Marquez-in adına çıxılaraq müxtəlif dillərə çevrilmişdi, o cümlədən onun bilmədiyi dillərə.

Baxmayaraq ki, o, həmin hadisədən sonra dəfələrlə müsahibə verərək şeirin Marquez-ə aid olmadığını bildirmişdi.

Qəzet yazır ki, o zaman çox keçməmiş Marquez öz ölüm xəbərini təkzib etmiş, şeirə də münasibət bildirmişdi, demişdi ki, insanların onun belə bir mənasız şeir yaza biləcəyinə inandığına görə xəcalət çəkir.

Johnny Welch isə qəzetə bildirib ki, o, Marquez-in bu sözlərindən inciməyib. Şeirlərini ürəkdən yazsa da, Marquez kimi məşhur yazıçı ilə rəqabətə girə bilməz.

Qəzet yazır ki, Marquez-lə Welch sonradan şəxsən də görüşüb məsələyə nöqtə qoyublar.
XS
SM
MD
LG