Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:26

Bir susuzluq dastanı: «Socar» yazılı lövhə və susuzluqdan «quyuya düşən» kəndlilər


Bir susuzluq dastanı: «Socar» yazılı lövhə və susuzluqdan «quyuya düşən» kəndlilər
Gözlə

No media source currently available

0:00 0:07:30 0:00

-

«Bu kişi bu kənddə torpaq alandan biz suya həsrət qalmışıq».

Xaçmazın Alekseyevka kəndində əkin sahələrinin bir hissəsi susuz qalıb. «Günah kimdədir?» – deyə soruşanda, – «burada torpaq alıb fermer təsərrüfatı ilə məşğul olan bir nəfərin ucbatından susuz qalmışıq» – deyirlər. Sakinlər iddiasına görə, o adam – bir məmur kəndə gedən su kanalını kəsərək öz əkin sahələrini suvarır: «Beləcə, Alekseyevka kəndi susuzluqdan çatlayır».

«SƏN BÜTÜN KƏNDİ SUSUZ QOYMUSAN!...»

AzadlıqRadiosunun müxbiri üzərinə «Socar» yazılmış lövhənin yanından ötüb, deyilən əraziyə yaxınlaşanda əkin sahələri suvarılırdı. Həm də texnikayla. Hiss olunurdu ki, bu sahədə beş addım aralıdakı susuzluqdan əsər-əlamət yoxdur.

Yadulla Şıxməmmədov
Yadulla Şıxməmmədov

Kənd sakini Yadulla Şıxməmmədov buraları neft şirkətinin bir vəzifəli şəxsinin aldığını söyləyir. Elə həmin sahənin nəzarətçisi – özünü Arif kimi tanıdan şəxs mülkiyyətçinin kimliyini açıqlamaq istəmir. Sakinlər deyirlər ki, onunla kəndlilər arasında hər gün mübahisə düşür:

- Sən bütün kəndi susuz qoymusan!...

- Özünüz satdığınız torpaqlardır. Başqasından almamışıq ki...

- Bu kanalın suyunun qabağını kəsirsən, biz susuz qalırıq...

- ???

«KƏND BƏLƏDİYYƏSİ SU YOX... PUL ÇIXARIR»

Sakinlərin iddiasına görə, onların əkin sahələrini susuz qoyan təkcə adı açıqlanmayan məmur deyil, həm də elə kənd bələdiyyəsidir. Yadulla Şıxməmmədov kəndin ortasındakı su quyusunu göstərib deyir:

«Bu quyu su qıtlığına son verə bilər. Dibində təmiz su da var. Camaat quyudan su çıxara bilməsə də, kənd bələdiyyəsi ordan, necə lazımdır, «pul çıxarır». Sovetlərin vaxtında gətirib transformator qoyublar. Beləcə, su problemimiz yox idi. Bələdiyyə gələndən sonra, yalan olmasın, bəlkə bu quyunu 7 dəfə bərpa edib. Hər dəfəsində də pul silir. Guya «motor» alınır, başqa ləvazimatlar alınır, hər dəfə 20-25 min manat silinir... Sonra da aldıqlarını daşıyıb aparırlar, özləri üçün istifadə edirlər. O pulları siləndən sonra adamları yığıb dedi ki, camaat, vəssalam, daha su çıxmayacaq».

ÜMİDİN İKİ ÜNVANI

Tək-tək məhəllələr, az da olsa, su görür, çox məhəllələrdə isə nə məişətdə və əkin sahələrində istifadə etməyə su tapılır, nə də içməyə. Sakinlər qızmar günəş altında qonşu kəndlərdən su daşımaqdan üzlərinin kömürə döndüyünü, bellərinin əyildiyini söyləyirlər... Ümidlərini bu quyunun dibindəki suya, bir də iddia etdikləri kimi, kanaldakı suyun qarşısını kəsmiş hansısa məmurun insafına bağlayıblar.

Kənd bələdiyyəsinin sədri Cahangir Eyyubov kəndlilərlə razılaşmır:

«MƏN BƏLƏDİYYƏ SƏDRİ SEÇİLƏNDƏ...»

Alekseyevka bələdiyyəsi
Alekseyevka bələdiyyəsi

«Mən bələdiyyə sədri seçiləndə, Alekseyevkada yerli-dibli su yox idi. Bir quyunu bərpa etdim. O quyunun hesabına kəndə, imkan daxilində, su veririk. Bütün kəndi təmin edən quyunun «motor»u xarab da olar, sıradan da çıxar... İki-üç ildən-bir sıradan çıxır, dəyişirik, ya təmir edirik. O Yadullanın dediyi quyuya isə o vaxt kötük düşüb, suda qalıb şişib, suyun qarşısını kəsib».

«MƏN BİLMİRƏM O SAHƏNİ ALAN KİMDİR...»

Bələdiyyə sədrinin sözlərinə görə, mütəxəssislər kötüyün quyudan çıxarılması üçün quyunun dağıtmaq lazım olduğunu bildirdiklərindən ondan əllərini üzüblər:

«İndi düşünürük ki, elə o quyunun yanında yenisini qazdıraq».

Bir məmurun kəndi susuz qoyması ilə bağlı iddiaya gəlincə, bələdiyyə sədri bunları deyir:

«Mən bilmirəm o sahəni alan kimdir, ancaq onu bilirəm ki, sahənin Neft Şirkəti ilə heç bir əlaqəsi yoxdur. O ki qaldı o adamın kəndi susuz qoymasına, o torpağı ona elə adamların özü satıb. İndi o şəxs torpağını suvaranda, adamların əkin sahələrinə su getmir. Ümumiyyətlə, gəlib kəndin yuxarı səmtində bağ və torpaq sahələri alanların suvarma işləri bitməyincə, kəndin aşağı hissəsinə su getmir. Bu dəqiqə mənim öz bağım susuzluqdan quruyub. Axı, əsasən, su götürdüyümüz Samur-Abşeron kanalında da suyun səviyyəsi azdır, gəlib kəndə çatmır».

«BU, MƏNLİK MƏSƏLƏ DEYİL...»

Şimal zonası üzrə suvarma assosiasiyasının sədri Rasim Eyyubov da kənddəki su qıtlığını kanalda suyun azlığına bağlayır:

«Xaçmazda bu dəqiqə kanalın vəziyyəti pisdir. Suvarma mövsümüdür və bütün kəndlər suyu Samur-Abşeron kanalından götürür deyə, suyun səviyyəsi aşağı düşüb. Təsərrüfata su çatdıra bilmirik. Bu, mənlik məsələ deyil. O sözügedən kanaldansa təkcə dediyiniz adam su götürmür. Daha 4 nəfər öz əkin sahəsinə suyu o kanaldan götürür».

Su assosiasiyasının sədri onu da bildirir ki, kanalın qarşısını kəsdiyi iddia olunan şəxs o kanaldan götürdüyü suya görə pul ödəyir:

«Biz də o pulu vergiyə və başqa xərclərə sərf edirik».

Assosiasiya sədri həmin ərazi ilə Neft Şirkətinin yasaq ərazisi arasında azı yarım km məsafə olduğunu da sözlərinə əlavə edir.

«İSTƏSƏLƏR, GÜNÜ SƏHƏR «MOTOR» QOYUB KƏNDƏ SU VERƏRLƏR...»

Gileyli kəndlilərsə şikayətlərində israrlıdırlar:

Bax, belə zülmlə yaşayırıq. Bu xətti camaat özü çəkib. Bələdiyyə deyir, guya bu xətt kəndə fontanla su vurur. Hanı su? Çoxdan quruyub...

– Bala, bir tərəvəzi sulamağa da su tapmırıq. Yadulla, apar o tərəfləri də göstər buna...

– Bu quyunun dibinə hər gün daş atırıq, yoxlayırıq görək, su qurumayıb ki?

Yadulla Şıxməmmədov quyunun dibindən gələn su şırıltısını eşidincə, cavabını gecikdirmir:

- Gördün, hələ qurumayıb. İstəsələr, günü səhər «motor» qoyub, kəndə su verərlər».

XS
SM
MD
LG