Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:51

İllərdir «Sumqayıtelektrikşəbəkə»də batan əməkhaqları...


-

«2 il işlədim, son ayların əmək haqları verilmədi. Sonra da «Sumqayıtelektrikşəbəkə» ASC ləğv olundu, dedilər, yerində «Azərenerji» yaradılır. Təhvil-təslim bitsin, pulunuzu da o qurum ödəyəcək. İndi bizə olan borcun üzərinə gündəlik faiz yığılır. «Azərenerji»nin təkcə şimal bölgəsindən olan keçmiş işçilərə borcu şişib, 400 min manatı ötüb».

«XAÇMAZDA, QUBADA İŞIQ XƏTLƏRİ ÇƏKMİŞİK»

Xaçmaz və Qubada yaşayan 6 nəfər iddia edir ki, «Azərenerji» ASC onlara vaxtilə yığılıb qalmış və indi 400 min manatı ötmüş borcu ödəmir. Quba sakini Səlahəddin Bəkərovun sözlərinə görə, 2008-ci ilin iyul ayının 1-də «Sumqayıtelektrikşəbəkə» ASC ilə onun arasında podrat müqaviləsi bağlanıb. O, Xaçmaz və Quba rayonlarında kabel çəkilişlərində montajçı işləyib:

««Azərenerji» «Sumqayıtelektrikşəbəkə»nin hüquqi varisidir və bizə olan borcu da bu qurum ödəməlidir. Biz məhkəməyə də müraciət etmişik. Qətnamə də var ki, pullarımız ödənilməlidir. Tək mən deyiləm, şimal bölgəsindən məndən başqa daha 6 nəfər var».

​9 ildən çoxdur əmək haqqısı «Sumqayıtelektrikşəbəkə» batanlardan biri də Xaçmaz sakini Qabil Feyzullayevdir:

«2009-cu ildə Xaçmazda kiçik kabelləşdirmə işləri aparmışıq. Mənim «Sumqayıtelektrikşəbəkə» ASC ilə müqaviləm olub. 3 aydan sonra ASC ləğv olundu, prezidentin sərəncamı ilə «Azərenerji» yaradıldı. «Azərenerji» ilə çəkişmələrdən sonra bizə olan borcun müəyyən qismini ala bildik, qalanını ödəmədilər. Dedilər, təhvil-təslimdən sonra qalanını da alacaqsız».

Qabil Feyzullayevin sözlərinə görə, «Sumqayıtelektrikşəbəkə» ASC şimal bölgəsindən olan 4 nəfərə ümumilikdə 2900 manat ödəməli imiş. Məhkəmə belə qətnamə çıxarıb:

HƏR GECİKDİRİLMİŞ GÜN ÜÇÜN ŞİŞƏN FAİZLƏR

«Müqavilədə göstərilib ki, hər gecikdirilmiş gün üçün borcun üzərinə 000.14 faiz gəlir. Məkəmə də qərar çıxarıb ki, təkcə mənə 877 manat 38 qəpik ödənməlidir. Hər gecikdirilmiş gün üçün isə üstünə ümumilikdə 124 manat gəlir. Məhkəmə də uyğun qətnamə çıxarıb».

2 il əvvəl Sumqayıt, Xırdalan, Mərəzə, Xaçmaz, Şabran, Siyəzən, Quba, Qusar paylayıcı elektrik şəbəkələri və Xızı elektrik şəbəkə rayonu «Sumqayıtelektrikşəbəkə» ASC-nin tərkibindən çıxarılaraq «Azərenerji» ASC-nin tərkibinə daxil edilib. Həmçinin həmin regional elektrik şəbəkələrinin çevik idarə olunmasının təmin edilməsi məqsədilə Sumqayıt Regional Enerji Təchizatı və Xaçmaz Regional Enerji Təchizatı MMC-lər təsdiq edilib.

MƏHKƏMƏ QƏT EDİB Kİ, BORCLAR ÖDƏNİLSİN...

Zəhmət haqqısını əldə edə bilməyən azı 30 nəfər 2011-ci ilin oktyabrında Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Cavabdeh tərəf olan «Sumqayıtelektrikşəbəkə»yə məhkəmənin yeri və vaxtı barədə dəfələrlə xəbərdarlıq olunsa da, heç bir səbəb göstərmədən məhkəmədə iştirak etməyib. Məhkəmə onlara olan borcun və yığılan faizlərin «Sumqayıtelektrikşəbəkə» ASC tərəfindən ödənilməsi barədə qətnamə çıxarıb.

Şikayətçilərin deməsinə görə, icra vərəqəsi əvvəlcə Xaçmaz rayon icra şöbəsinə göndərilib. Çox keçməyib ki, sənəd icra olunmadan geriyə - Sumqayıt icra şöbəsinə qayıdıb. Sumqayıt məhkəməsi «Sumqayıtelektrikşəbəkə» ASC-nin hüquqi varisi «Azərenerji» ASC ilə əvəz edilməsi barədə qərar çıxarıb. İcra olunması üçün ərazi aidiyyəti üzrə Səbail rayon icra şöbəsinə göndərib. İki aydan sonra Səbail icra şöbəsi heç bir əsas olmadan icra vərəqəsini icra etmədən Sumqayıt icra şöbəsinə qaytarıb.

BÖYÜK İCRA MƏMURU NƏ DEYİR...

Sumqayıt Regional Ədliyyə Şöbəsinin böyük icra məmuru Fərhad Məmmədov məhkəmə qətnaməsini icra edə bilməməklərinin səbəbindən danışır:

«Onların dediyi «Sumqayıtelektrikşəbəkə» ləğv olunub. Ona görə də qətnaməni icra etmək olmur. Elə bir qurum yoxdur ki, məhkəmə qətnaməsini icra edə... Bu iş Ali Məhkənəyə qədər gedib çıxıb. Məhkəmələr «Azərenerji»ni hüquqi varis kimi tanımayıb. Biz özümüz onları hüquqi varis kimi tanımışdıq, vermişdik məhkəıməyə. Ali məhkəmə də son qərarını çıxaranda o qurumu hüquqi varis kimi tanımadı».

Böyük icra məmurunun sözlərinə görə, icra şöbəsində «Sumqayıtelektrikşəbəkə» ASC ilə bağlı çoxlu sayda icra vərəqələri var. Ancaq ASC ləğv olduğuna görə icraları mümkün deyil:

«BU İŞLƏR PREZİDENT ADMİNİSTRASİYASINA QƏDƏR GEDİB ÇIXIB...»

«Bu işlər Prezident Administrasiyasına qədər gedib çıxıb. Ancaq dediyim kimi, «Sumqayıtelektrikşəbəkə» fəaliyyət göstərmədiyi üçün və məhkəmə «Azərenerji»ni hüquqi varis kimi tanımadığı üçün heç nə edə bilmirik».

İndi keçmiş «Sumqayıtelektrikşəbəkə»nin keçmiş podratçılara borcu yüz minləri ötüb keçir. Ancaq bu borcu kim ödəyəcək, nə vaxt ödəyəcək, bunu bilən yoxdur. Keçmiş podratçılarsa pullarını «Azərenerji»dən tələb edirlər...

XS
SM
MD
LG