Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:04

İlham Əliyev: «Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin»


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

-

Prezident İlham Əliyev sentyabrın 15-də Şağanda məktəb açılışında çıxış edib. «Azərbaycan» qəzeti yazır:

«Bu il Bakıda 30-a yaxın məktəb təmir olunub, tikilib, istifadəyə verilib. Ölkə üzrə isə bu il 178 məktəb təmir edilib və tikilib. Hər il bu proses uğurla gedir. Son on il ərzində Azərbaycanda 2900 məktəb tikilib və təmir edilib. Ümumiyyətlə isə ölkəmizdə 4500 məktəb vardır. Hələ ki təmirə ehtiyacı olan məktəblər var, o cümlədən Bakıda. Ancaq onların sayı getdikcə azalır. Xəzər rayonunda isə cəmi bir məktəb təmirsizdir. O məktəbin də təmiri nəzərdə tutulur və gələn dərs ilinədək Xəzər rayonunda bir məktəb də təmirsiz olmayacaq.

Bu, çox önəmli məsələdir. Çünki uşaqlar yaxşı məktəblərdə oxumalıdırlar, müəllimlər yaxşı məktəblərdə dərs keçməlidirlər. Müəllimlərin də iş şəraiti yaxşı olmalıdır. Belə məktəblərin tikintisi əlbəttə ki, dövlətimizin gücünü göstərir. Bugün inkişafda olan Azərbaycan təhsil sahəsinə çox böyük diqqət ayırır. Dövlət siyasəti aparılır. İlk növbədə, təhsil sisteminin maddi-texniki bazası möhkəm olmalıdır. Belə gözəl məktəblər inanmıram ki, hansısa başqa bir ölkədə tikilsin. Xüsusilə indiki zamanda ki, bəzi ölkələrdə böhran yaşanır, iqtisadi çətinliklər var.

Azərbaycanda isə sosial sferaya, təhsil sahəsinə diqqət daim yüksək səviyyədədir. Bizim əsas istəyimiz odur ki, təhsilin keyfiyyəti artsın. Burada, əlbəttə ki, aparılan islahatların böyük rolu var. Əminəm ki, yaxın gələcəkdə artıq gözəl nəticələr də olacaqdır. Eyni zamanda, təhsil prosesinin keyfiyyəti çox önəmlidir».

BAHAR MURADOVA: «QAYDALARIN SƏRTLƏŞDİRİLMƏSİNƏ EHTİYAC VAR»

Milli Məclisin sədr müavini Bahar Muradova «Yeni Müsavat»a müsahibə verib. O qeyri-hökumət təşkilatları ilə bağlı qaydaların sərtləşdirilməsinə ehtiyac olduğunu deyib:

- Bunu təkcə mən demirəm. Bugün demokratik dünya, hansı ki, biz demokratiyadan danışanda üzümüzü o ölkələrə tutub deyirik - hesab edirəm ki, doğru da edirik - qabaqcıl təcrübədən maksimum yararlanmaq, istifadə etmək lazımdır. Vətəndaş cəmiyyəti qurumlarının bu və ya digər hərəkətlərini məhdudlaşdıran qanunverici baza, müəyyən maddələr, xüsusi qanunlar var. ABŞ-da agentlər haqqında qanunu oxusanız heyrətlənərsiniz. Bir çox hallarda belə bir qanunların qəbulu real vəziyyətdən doğur. Qabaqlayıcı, xəbərdaredici tədbir kimi belə qanunların, müddəaların olması doğrudur. Birdə ki, hər şeydə şəffaflıq tələb edən cəmiyyətdə yaşayırıq. Bu şəffaflıq şəffaflığı daha çox tələb edənlərin özündən də tələb olunmalıdır. Odur ki, QHT-lərin fəaliyyətinin şəffaflığını təmin edən qanunverici bazanın olması vacibdir. Bu sahədəki boşluqları aradan qaldırmaq həm QHT-lərin özünün fəaliyyətini daha faydalı, səmərəli, aydın və konkret - müvafiq qurumlarla və bir-biri ilə - qurulmasına şərait yaradacaq, həm də bu kimi hallardan sui-istifadələrin qarşısını alacaq. Ona görə də bəli, bəzi addımları atmağa ehtiyac var.

- Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə siyasi mahiyyətli həbslər və ictimai-siyasi təşkilatların fəaliyyəti ilə bağlı bir sıra addımların atılacağı gözlənilsə də, vəziyyət yaxşılığa doğru dəyişmədi. Bu mənada Avropa Şurasının toplantısında hakimiyyətin suallarla üzləşəcəyini, Azərbaycanın əleyhinə olan qüvvələrin əl-qolunun daha da açılacağını gözləyirsinizmi?

- ...Şükür Allaha ki, Azərbaycan bugünədək bir çox ölkələrin yaşadığı durumu yaşamayıb və yaşamayacaq da. O ki qaldı kimlərsə düşünürdü ki, Azərbaycanın Avropa Şurasına sədrliyi zamanında hansısa addımlar atılacaq, kimlərsə həbsdən buraxılacaq... Azərbaycan hələ Avropa Şurasına yenicə üzv olduqdan sonra, hətta üzv olmamışdan əvvəl də bu və ya digər şəxslər cənab prezidentin, vaxtilə ulu öndərin verdiyi sərəncamlara, fərmanlara, digər qanunverici normativ aktlara görə bu və ya digər cəzanın çəkilməsindən azad edilirdilər, vaxtından əvvəl azadlığa çıxırdılar, əfv olunurdular.

«QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ OLARAQ BİZ EHSANIN YOX, İSRAFIN ƏLEYHİNƏYİK»

Bun «Turan»a QMİ rəsmisi deyib. Onun sözlərinə görə, inzibati üsullarla hüzr məclislərində qayda-qanun yaratmaq mümkün deyil. Bunun yeganə çıxış yolu maarifləndirmə işini gücləndirməkdədir. İsrafa qarşı mübarizəyə gəlincə, o QMİ-nin hələ 2011-ci ilin yayında bu mövzu ilə bağlı bəyanatla çıxış etdiyi xatırladılıb. Odur ki, QMİ rəsmisi bəzi yerlərdə ehsan qadağasının QMİ-nin adı ilə bağlanmasına, hətta bununla bağlı QMİ-nin fətvası olması haqda şayiələrə etiraz ifadə edib. «Biz ictimai qurum olaraq israfın qarşısının alınması üçün tövsiyələr vermişik, ehsanın qadağan olunması ilə bağlı yox», deyə QMİ təmsilçisi mövqeyini ifadə edib. Həm də yaxın bir-iki gündə QMİ-nin ehsanla bağlı sənədlə çıxış edəcəyi qeyd olunub.

QMİ təmsilçisi hüzr məclislərində israfa qarşı mübarizə məsələsinin daha çox müzakirə mövzusu olduğu haqlda toylarda israfa qarşı mübarizə məsələsinin tamamilə kənara qoyulduğunu, yada düşmədiyini vurğulayıb. «Hüzr məclislərində, demək olar ki, israf olmur, istifadə olunmayan yeməklər qonum-qonşuya, qohum-əqrəbaya paylanır, uşaqlar, qocalar evinə verilir. Toylarda isə bir toydan qalan yeməklər başqa bir toy məclisinə yeni ərzaq kimi «transfer» edilir, amma, buna baxmayaraq, bu israf geniş müzakirə obyekti olmur», - deyə QMİ təmsilçisi bildirib.

İTALIYA SƏFİRİ: «BAKIYA GƏLİB BULVARDA GƏZƏNDƏ ELƏ TƏƏSSÜRAT YARANIR Kİ, SANKİ ROMADA VİA VENETO KÜÇƏSİNDƏSƏN»

«Trend» İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo ilə müsahibə yayıb. Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bunu deyib: «…Şəxsən mən ötən bir il ərzində Azərbaycanda yaşayaraq bu problemin ölkədə hansı dərin hisslər və ağrılar yaratdığını başa düşürəm. Əlbəttə, İtaliya Minsk qrupunu dəstəkləyir. Hesab edirik ki, bu problem yalnız dinc vasitələrlə və danışıqlar yolu ilə həll oluna bilər və əlbəttə, status-kvo əlverişli deyil».

Azərbaycanla İtaliya arasında ticarət-iqtisadi əlaqələrdən danışan səfir deyib: «Bakıya gəlib bulvarda gəzəndə elə təəssürat yaranır ki, sanki Romada Via Veneto küçəsindəsən. Burada bizim bütün iri brendlərimizi görmək mümkündür. Həm də təkcə bu yox. Mənə elə gəlir ki, bizdə texnologiyalar, sənaye, infrastruktur baxımından da ümumi şeylər çoxdur».

«DÖVLƏT TƏHLÜKƏSİZ İNFORMASİYA SİSTEMİNİ YARATMALDIR»

«Exo»nun manşeti «Təhlükəli smartfonlar» haqdadır. Qəzetə danışan təhlükəsizlik üzrə ekspert Kamil Səlimovun sözlərinə görə, hər hansı telefonun ölkəyə gətirilməsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi icazə verməlidir, yalnız ölkədə istifadəsi mümkün telefon modellərinin gömrükdən keçirilməsinə razılıq verilir. Kamil Səlimovun fikrincə, dövlət maraqlarına zərbə vura biləcək, opertaiv axtarış əməliyyatlarında istifadəsi mümkün aparatlara isə qadağa qoyulur. İnternet-forumun prezidenti Osman Gündüz bildirib ki, dövlət normal sertifikatlaşdırma labarotortiyası yaradarsa, smartfonlardan hansının dövlət müəssisələrində, hansının başqa yerdə istifadəsi də dəqiqləşər. O bəzən sertifikatlaşdırmanın sərtləşdirilməsini də istisna etmir:

«Dövlət təhlükəsiz informasiya sistemini yaratmaldır. O ki qaldı təhlükəsiz yerli smartfonların yaradılmasına, güman etmirəm buna ehtiyacımız var».

XS
SM
MD
LG