Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:56

Müəllimlərin əmək haqqı dəyişə bilər


Təhsil Naziri Mikayıl Cabbarov
Təhsil Naziri Mikayıl Cabbarov

-
“Azərbaycan” qəzeti Təhsil Naziri Mikayıl Cabbarovun məqaləsini dərc edib “Təhsil sisteminin yenidən qurulmasında və islahatlar prosesində gələcəyin tələblərini də nəzərə almalıyıq” başlıqlı məqalədə nazir bildirir ki, ötən dərs ilində ilk dəfə olaraq Bakı şəhərinin ümumi təhsil məktəblərində çalışan müəllimlərin sınaq qiymətləndirilməsi həyata keçirilib. Sınaq qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq növbəti ildən müəllimlərin əməkhaqlarında dəyişiklik olması nəzərdə tutulur. Sınaq qiymətləndirilməsi pedaqoji işçiləri təhsilalanlarla iş üslubunda metodik və kommunikativ yanaşmaları təkmilləşdirməyə sövq edir. Odur ki, növbəti mərhələdə müəllimlərin sınaq qiymətləndirilməsinin bütün ölkə ərazisində tətbiq olunmasını düşünürük.

​“Növbəti dərs ili üzrə VIII sinif dərsliklərinin hazırlanması ilə əlaqədar tender bu il elan edilib. Tender proseduru üzrə təqdim edilən dərslik maketləri noyabr-dekabr aylarında qiymətləndiriləcək. Qalib elan olunan dərsliklər məhdud sayda çap edilərək 2015-ci ilin yanvar-may aylarında pilot məktəblərdə sınaqdan keçiriləcək. İrad və təkliflər nəzərə alınaraq çap ediləcək, dərs ilinin başlanmasından xeyli əvvəl məktəblərə paylanacaq. Növbəti tədris ili üzrə, həmçinin IV sinif dərslikləri əsaslı şəkildə təkmilləşdirilərək çap ediləcək, ümumtəhsil məktəblərinin IX sinifləri üçün bir il əvvəlcədən dərsliklərin hazırlanması üzrə tender elan ediləcək. Həmin dərsliklərdən 2016-2017-ci dərs ilində istifadə olunacaq”.

PREZİDENTLƏRİN PARİS GÖRÜŞÜ İLƏ BAĞLI ŞOK GÖZLƏNTİ

“Yeni Müsavat”: Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşünə sayılı günlər qaldı. Fransa prezidenti Francois Hollandın təşəbbüsü ilə, oktyabrın 27-də reallaşacağı gözlənilən yüksək səviyyəli təmasla bağlı son günlər müxtəlif təxminlər və versiyalar səslənməkdədir....
Az öncə “Yeni Müsavat” olaraq bu fikri inkişaf etdirərək yazmışdıq ki, Qərb tədricən Azərbaycanı həmin 3 prinsip əsasında “şotland variantı”na hazırlamaq istəyir. Yəni Qərb problemi Rusiyanın nəzarətindən çıxarmaq üçün Azərbaycanın köklü maraqları hesabına da olsa, öz ssenarisini işə salmaqda israrlı görünür. Buradaca əlavə edək ki, amerikalı həmsədr James Warlick-in bu ilin yayında irəli sürdüyü 6 bəndlik həll təklifi də özündə çox incə və hiyləgər şəkildə “şotland ssenarisi”ni ehtiva edir.

“Bəzi siyasi şərhçilər də 3 prinsipin “şotland variantı”nın hüquqi təməli üçün kifayət etdiyini düşünürlər. Qərb isə bu prinsiplərin Parisdə legitimləşdirilməsində ən əvvəl ona görə israrlıdır ki, bəlli səbəblərdən gərgin münasibətlərdə olduğu Rusiyanı münaqişə tərəflərinə, regiona olduqca mühüm təsir və şantaj rıçaqlarından birindən məhrum eləsin. Söhbət Kreml tərəfindən özünə əlverişli məqamda münaqişə tərəflərindən birini savaşa qızışdırmaqdan gedir. Ancaq məntiqlə Azərbaycanla Ermənistan arasında güc tətbiq eləməmək öhdəliyi varsa (3-cü prinsip), o zaman belə təhdid avtomatik aradan qalxmış olur”.

AVROPA İNSAN HAQLARI KOMİSSARI İCTİMAİ FƏALLARLA GÖRÜŞDÜ

Azərbaycanda səfərdə olan Avropa insan hüquqları komissarı Nils Muiznieks vətəndaş cəmiyyətinin fəalları- Samir Kazımlı, Günay İsmayılova, jurnalist Xədicə İsmayılova, NİDA hərəkatının üzvləri Turqut Qəmbər, həmçinin vəkillər Xalid Bağırov və Cavad Cavadlı ilə görüşüb. S.Kazımlı Turan-a bildirib ki, əsas diqqət siyasi məhbuslar probleminə yönəldilib.

Nils Muiznieks
Nils Muiznieks

Görüşdə Əlayif Həsənovun işi, "Azadıq" qəzetinin və Qənimət Zahidin bu işə cəlb edilməsi də avropalı nümayəndənin diqqətinə çatdırılıb. Bütün bunlar Avropa Şurasının diffamasiyaya görə cinayət məsuliyyətinin ləğvi ilə bağlı çağırışlar fonunda baş verir. Bundan əlavə, QHT-lərin fəaliyyətinə əngəl törədilməsi, onlara qarşı cinayət təqibləri, maliyyə mənbələrindən məhrum edilməsi məsələləri qaldırılıb. Nils Muiznieks bildirib ki, rəsmi şəxslərlə görüş zamanı bu məsələləri qaldıracaq.

GƏLƏN İLKİ BÜDCƏDƏ RAYONLARIN DOTASİYASI AZALDILIB

“Bizim yol” yazır ki, 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulan yerli xərclər (şəhər və rayonlara) azaldılıb. Belə ki, yerli büdcələrdəki kəsiri örtmək üçün ayrılan mərkəzləşdirilmiş xərclər cari illə müqayisədə 28 milyon manat az proqnozlaşdırılıb. Maliyyə Nazirliyinin təqdim etdiyi 2015-ci ilin dövlət büdcəsi layihəsinə görə, gələn il yerli xərcləri və gəlirləri tənzimləmək üçün nəzərdə tutulan mərkəzləşdirilmiş xərclərin 819 milyon manat təşkil edəcəyi gözlənilir. 2014-cü ildə isə bu rəqəm 847 milyon manat proqnozlaşdırılıb. Təhlillər apardıqda bu azalmanı heç də regionların sosial-iqtisadi inkişafının artması, rayon və şəhərlərin gəlirlərinin yüksəlməsi, artıq öz xərclərini örtməsi kimi dəyərləndirmək olmaz. Mərkəzləşdirilmiş vəsaitin (yəni dövlət büdcəsindən ayrılan vəsaitin) azalması bir sıra rayon və şəhərlərin büdcə xərclərinin ixtisarı hesabına baş verəcək.

ƏLİ ƏHMƏDOV İCBARİ TİBBİ SIĞORTADAN DANIŞIR

“Azərbaycanda icbari sığortanın tətbiqi ilə əlaqədar qanunvericilik bazası var. Bu, kifayət qədər maliyyə və əmək tutumlu işdir. Amma burada tələskənliyə yol vermək olmaz. Bu mənada daha çox işləmək, yüz ölçüb-bir biçmək lazımdır ki, səhv buraxılmasın”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib. Onun fikrincə icbari tibbi sığortanın tətbiqi Azərbaycanın 10 milyona yaxın hər bir vətəndaşının marağına toxunan məsələ olduğuna görə kifayət qədər həssaslıq tələb edir.

Ə.Əhmədov qeyd edib ki, ayrı-ayrı ölkələrin timsalında, xüsusilə keçmiş Sovetlər Birliyi ölkələrində bu sahədə bir sıra nöqsanlara yol verilib:

“Bu da həmin ölkələrdə aparılan islahatların lazımi nəticəyə gətirib çıxarmasına imkan vermədi. Ona görə də çalışmalıyıq ki, tələsmədən, ancaq qarşımıza qoyduğumuz məqsədə qəti addımlarla gedərək, nöqsanlara yol vermədən insanların sağlamlığının qorunması üçün ən əlverişli sistemin yaranmasına nail ola bilək”.

XS
SM
MD
LG