Keçid linkləri

Təcili xəbərlər

«Təklənmə qoxusu» gələnlər


«Bərabər və Məsuliyyətli Cəmiyyət üçün inklüziv qərarlar» layihəsi çərçivəsində Kiyevdə keçirilən tədbir
«Bərabər və Məsuliyyətli Cəmiyyət üçün inklüziv qərarlar» layihəsi çərçivəsində Kiyevdə keçirilən tədbir

-

Şəhərin bütün sakinləri: həkimi, müəllimi, mühəndisi, – böyüklü-kiçikli əlil arabasından yararlanırlar. Onlar bütün infrastrukturu özlərinə uyğunlaşdırıblar, evlər, mağazalar da alçaqtavanlıdır.

Günlərin bir günü bəziləri əlil arabasından qalxıb sərbəst yeriməyə başlayır. Amma başları alçaq tavana dəyir, mağazalarda alış-veriş üçün iki qatlanmalı olurlar. Çoxu əlil olan şəhər sakinləri yığılıb qərara alırlar ki, yeriyən adamlar dəbilqə taxsınlar. Amma dəbilqə də işə yaramır. Onda böyük əksəriyyət olan əlillər qərara alırlar ki, yeriməyi bacaran adamlar cəmiyyətdən təcrid edilsinlər.

Bir sosial animasiyanın – cizgi çarxının süjeti olan bu təcrid məsələsi məni təxminən 15 il əvvələ apardı: Bakı qəsəbələrindən birində yerləşən əlillər evinə reportaj hazırlamağa getmişdim. O zaman bu insanların – cəmiyyətə heç bir təhlükəsi olmayan bu adamların niyə ayrıca bir yerdə, cəmiyyətdən təcrid edilmiş vəziyyətdə yaşamasına təəccüblənmişdim.

İKİ TƏƏCCÜB ARASINDA...

Amma bir neçə il əvvəl Vaşinqton aeroportunda taxmaqol və taxmaayaq və ya arabayla hərəkət edən onlarla adamla qarşılaşanda da «burda nə qədər əngəlliyi olan var!» – deyə təəccüblənmişdim.

İki təəccübün arasından illər ötüb və mən oxuyub-eşidib-bilmişəm ki, artıq Qərb əngəlliyi olan insanları hansısa bir evə, bir binaya yığıb cəmiyyətdən ayırmır. Ayırmamaq bir yana, onların yerinə qərar da vermir: hava limanlarında, metrolarda, ictimai nəqliyyatda, yaşayış binalarında, məktəblərdə... əlil insanların sərbəst hərəkətinə şərait yaradılıb. Elə bu üzdən Avropa ölkələrində və ABŞ-da onları küçədə-bayırda görəndə təəcüblənirik. Niyə? Axı Azərbaycanda, məsələn, metroda araba ilə gəzən əngəlliyi olan adam görməzsən...

Heç də ona görə yox ki, Azərbaycanda araba ümidinə qalanların sayı tək-tükdür, əksinə, onların sayı yüzlərlədir. Aralarında anadangəlmə əngəllisi də var, hansısa hadisə və ya xəstəlik nəticəsində əngəlli olanı da...

KİYEVİN İCTİMAİ NƏQLİYYATINDA PANDUS VAR

Orxan arabasını geriyə-önə fırladıb avtobusa minir-düşür...
Orxan arabasını geriyə-önə fırladıb avtobusa minir-düşür...

Orxanı da, Muradı da Kiyev səfərində tanıdım. Hər ikisi gənc, həyatcanlıdır. Orxan ağır qəza keçirəndən sonra sərbəst gəzə bilmir, arabadan istifadə edir, Muradın da dadına qoltuqağacı çatır. Düşdüyümüz otel şəhərin qırağında olsa da, əngəllilərə də yararlıdır. Ukrayna paytaxtının mərkəzini gəzməyə getmək üçün panduslu ictimai nəqliyyat sifariş edilib. Orxan arabasını geriyə-önə fırladıb avtobusa minir-düşür... Sevinir ki, kiminsə köməyinə ehtiyacı yoxdur və deyir: «Kaş Bakıda da ictimai nəqliyyatda belə bir imkan olaydı, avtobusa sərbəst minib-düşə biləydik».

Bugünlərdə facebook-da gözümə sataşan bir statusu xatırlayıram. Bakılı status müəllifi araba ilə hərəkət edən və ali məktəbə qəbul olan dostuna uyğun taksi axtarırdı. Şərhlərdə «London» taksisini məsləhət görən vardı, amma ortaya növbəti «əmma» çıxmışdı: oğlanın qəbul olduğu universitetdə pandus yox idi ki, əlil arabası qalxıb-enə bilsin.

«BİZ SADƏCƏ FƏRQLİYİK»

Murad istəmir ki, başqalarının əlillərə yazığı gəlsin.
Murad istəmir ki, başqalarının əlillərə yazığı gəlsin.

Murad əngəlli insanlara «xeyriyyə subyekti»kimi baxmağın əleyhinədir. İstəmir ki, başqalarının əlillərə yazığı gəlsin: «Biz, sadəcə, fərqliyik... Qadınla kişi, evliylə subay necə fərqlidirsə, biz də elə. Sadəcə, fərqli statusumuz var».

«Əlilliyə çağdaş baxış artıq fərqlidir» – BBC-nin eksperti və özü də əngəlli insan olan Geoff Adams-Spink belə deyir. O, Avropa Komissiyasının maliyyələşdirdiyi və British Council-un dəstəklədiyi «Bərabər və Məsuliyyətli Cəmiyyət üçün inklüziv qərarlar» (IDEAS) layihəsi çərçivəsində Kiyevdə keçirilən tədbirə qatılıb. Tibbi və və sosial yanaşmalar arasındakı fərqləri açıqlayan bu ekspert danışır ki, tibbi yanaşma əngəlliyə xəstə kimi yanaşmaq, yəni onu daim kömək və qayğıya ehtiyac duyan biri kimi görməkdir. Sosial yanaşma isə əlilliyi, sadəcə, insan müxtəlifliyinin bir forması kimi qəbul edir. Yəni əlillik xəstəlik deyil, sadəcə, hər hansı bir xəstəliyin izi, nəticəsidir. Sosial yanaşma əngəllilərə bərabərhüquqlu davranış tələb edir.

«BİZİM ÜÇÜN BİZSİZ HEÇ NƏ»

Britaniyalı təlimçilər inkluziv qərarların müsbət nəticələrindən (yəni hansısa bir qrupun problemini çözərkən, o qrupun təmsilçilərini də müzakirə və qərarvermə prosesinə qatmaqdan) danışırlar. Qərb bu məsələdə yolun sonuna gəlib, deyəsən.

Üçillik bir layihənin yarısını geridə buraxan British Counsul Azərbaycan, Gürcüstan, Ukrayna, İordaniya və Ermənistanda əlilliyə baxışların dəyişməsinə çalışır. Əngəllilərin dilindən səslənən bir şüarla: «Bizim üçün bizsiz heç nə»- deyərək.

SON DEYİL

Rəsmi statistika göstərir ki, Azərbaycanda azı yarım milyon əngəlli insan var. Belə əngəllilərdən, azı, 30 minə qədərinin, bəlkə də çoxunun (statistika çox detala varmayıb) görmə, eşitmə, gəzmə problemi var. Onlar, sadəcə, müxtəlifdirlər. İndi ölkənin problemi bu müxtəlifliyi cəmiyyətdə görüb-görməməkdir. Bir də bütün bunlardan «təcridolunma qoxusu»nun gəlib gəlməməsi...

XS
SM
MD
LG