Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:46

Dini bayramlar: Kimə olar, kimə yox?


Atlanta kilsəsində dua edirlər
Atlanta kilsəsində dua edirlər

-

«The Washington Post» qəzetinin sütun yazarı Petula Dvorak-ın məqaləsi müasir Qərb dünyasının üzləşdiyi problemlərdən birinə həsr edilib.

Müasir Qərb demokratiyasının dəyərləri dedikdə, bura bütün insanların din, etiqad azadlıqlarının təmin edilməsi də daxildir. Lakin söhbət bir insandan yox, həm də bütöv icmalardan, həm də dini icmalardan gedəndə, məsələ bir qədər qəlizləşir.

Demək olar, hamısı xristian olan Qərb demokratiyaları ölkə vətəndaşlarının əsas dini ilə yanaşı, digər dinlərin də bərabərliyini təmin etməlidir. Həm də elə bir şəkildə ki, bu icmalar bir-birlərinə kin-küdurət bəsləməsinlər.

Petula Dvorak-ın məqaləsində söhbət ABŞ-ın kiçik Montqomeri dairəsinin təhsil şurasından gedir. Lakin bu kiçik dairənin təcrübəsi bütövlükdə Qərbin üzləşdiyi böyük problemin kəskinliyini nümayiş etdirir.

EYBİ YOX, HEÇ NƏ OLMAZ?

Jurnalist yazır ki, söhbət idarəçilikdən gedəndə, «eybi yox, heç nə olmaz»la iş aşmır.

Məqalədə deyilir ki, bu yaxınlarda Montqomeri məktəblərinin müsəlman valideynləri şuradan Eyd əl-Ədhan – Qurban bayramının da yəhudilərin Roş Haşana (İlbaşı), Yom Kippur (Tövbə və ya günahların yuyulması günü), xristianların Milad, pasxa və Mübarək cümə bayramları ilə yanaşı, gələn ilin məktəb təqviminə salınmasını xahiş ediblər. Nəticədə şura 7 səs lehinə, 1 səs əleyhinə olmaqla, ümumiyyətlə... bütün dini bayram adlarının məktəb təqvimindən çıxarılması barədə qərar qəbul edib.

Əslində, məktəb şurası bu bayramların yalnız adlarını ləğv edib. Məsələn, izah edilib ki, dekabrın 25-i əsas xristian bayramı ilə eyni günə düşdüyü üçün həmin gün məktəb yoxdur, Pasxaya gəlincə isə, o, yaz tətilinə düşür, Yom Kippur isə «xəzanı seyr etmək vaxtı»dır. Payızı hamı sevir.

YOM KİPPUR İLƏ QURBAN BAYRAMI 2015-DƏ TOQQUŞUR

Məqalənin ən maraqlı məqamlarından biri də budur ki, Montqomeri məktəbləri 2015-ci il sentyabrın 23-də, yəni Qurban bayramı günü bağlı olacaq. Amma səbəb Qurban bayramı yox, elə həmin günə təsadüf edən Yom Kippur bayramıdır. Müsəlman valideynləri qəzəbləndirən də elə bu olub.

KARDASHIAN FIRTINASINDAN BETƏR

Petula Dvorak yazır ki, dini bayram adlarının məktəb gündəliyindən çıxarılmasının sosial şəbəkələrdə necə bir hay-küyə səbəb ola biləcəyi barədə heç kim düşünmür.

«Müsəlmanlar Miladı ləğv etdirdilər», «Məktəblər müsəlmanlara etiraz olaraq Milad günündə tətil edirlər» və nəhayət, «Gəldiyiniz yerə qayıdın!» kimi xoşagəlməz söhbətlər...

Müəllif yazır ki, belə bir mübahisə internetdə Kim Kardashian-ın çılpaq gündəyməzinin yaratdığı fırtınadan daha betərini yaradardı.

GƏRƏK 20 İL ƏVVƏL AYILAYDILAR

Məqalədə qeyd olunur ki, əslində, Montqomeri məktəbləri gərək 20 il bundan əvvəl ayılaydılar.

O zaman, 1997-ci ildə bir müəllim yəhudi Pasxasının da xristianların Mübarək cüməsi kimi məktəb təqviminə salınmasını tələb etmiş və məktəbi məhkəməyə vermişdi.

Axı, Merilend ştatının qanunlarında da yəhudi Pasxasının rəsmi qeyd olunması tələb edilir.

SADƏ VƏ YAXŞI QƏRAR

Petula Dvorak bu qənaətdədir ki, yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu sadə bir qərarla Qurban bayramını da təqvimə daxil etmək olardı.

Jurnalist yazır ki, Amerika məktəblərində dərs keçilməyən çox bayramlar var. Bəziləri mühüm, bəziləri bir az mühüm. Lakin elə bayramlar da var ki, uşaqları onun gətirdiyi sevincdən məhrum eləmək olmaz.

Məqalədə deyilir ki, Amerika uşaqlarına bütün yay tətil kimi bağışlanır, çünki bir əsr bundan əvvəl onlar məhsul yığmaqda böyüklərə kömək edərdilər.

UÇAN SPAGETTİ DİVLƏRİ

Petula Dvorak-ın fikrincə, bəlkə də bəziləri Qurban bayramına görə başqalarının da, məsələn, Uçan Spagetti Divləri Kilsəsinin (ABŞ-dakı çoxsaylı təriqətlərdən biri) də istirahət günü istəyə biləcəyindən narahatdırlar.

«Ola bilər, lakin gəlin nəzərə alaq ki, bu məsələ çox söz-söhbətə səbəb olacaq, çünki xahiş edən tərəf müsəlmandır», -–jurnalist yazır.

P.S. Petula Dvorak-ın məqaləsində bir mühüm məqama çox az toxunulub.

Müsəlman bayramları qəməri təqvimlə qeyd edildiyindən daim yerini dəyişir. Ola bilsin ki, həm də buna görə onu müasir Qərb məktəblərinin təqvimlərinə daxil etmək müəyyən texniki çətinliklər yaradır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG