Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:48

İmişlidə intihara cəhd edən qadının hekayəti


Lalə Cəfərova
Lalə Cəfərova

.

Gözlə

No media source currently available

0:00 0:03:38 0:00
Direct-ə keçid

YORĞAN, DÖŞƏK, BİR ŞÜŞƏ BENZİN…

“Mənə dedilər ki, sabah gəlib səni evindən çölə atacağıq. Elə də etdilər. Əşyalarımla birlikdə atdılar məni küçəyə. Elə həddə gəlmişəm ki, daha yaşamaq istəmirəm”

İmişli rayon sakini Lalə Cəfərova başına gələnlərdən danışır. Deyir ki, məhkəmə qərarları icraçıları yanvarın 22-də gəlib, onu evindən çıxarıblar:

“Gecənin bir aləmi özümü də əşyalarımı da atdılar küçəyə. Səhəri gün- yanvarın 23-də bir qat yorğan döşək və bir şüşə benzin götürüb İcra Hakimiyyətinin önünə getdim. Mənə sığınacaq versin, ev versin. Tənha qadınam, qalmışam küçələrdə.”

Lalə Cəfərovanın 48 yaşı var. Əvvəllər xadiməlik edib özünü dolandırsa da bir ildən çoxdur ki, işsizdir. İndi həm də evsiz qalıb…

Şikayətçi xanım evsiz qalmasının tarixçəsini danışır. Deyir ki, əlindən alınan evə anası ilə birlikdə 26 il əvvəl köçüblər. O vaxtdan hər ikisi elə bu evdə qeydiyyatda salınıblar. 3 il əvvəl isə qardaşı ailəsi ondan evi boşaltmasını istəyib:

“Qardaşımın yoldaşı anam xəstə olnada bizə gəldi. Dedi ki, evi satıram, boşaldın. Ananı da özümlə aparıram. Anam xəstə yatağından etiraz edib dedi ki, qızımı qoyub heç yerə getmirəm. Ev də elə onundur. Mən də qardaşımın ailəsinə ev payını pulla ödəmişəm. O vaxt onlara 3 “paçka şirvan” vermişəm. Anam öləndən sonra məni məhkəməyə verdilər. Şirvan Appeliasiya Məhkəməsi evimi aldı.”

Lalə Cəfərovanın ev əşyaları
Lalə Cəfərovanın ev əşyaları

Məhkəmə qərarı Lalə Cəfərova yaşadığı evdən məhrum edilir. Qərar hələ şikayətçiyə verilməyib.

Lalə Cəfərova deyir ki, indi küçələrdə qalıb. Sığınacaq üçün üz tutduğu Rayon İcra hakimiyyəti ona 3 gün əvvəl birotaqlı ev verib. Ancaq Lalə Cəfərova orada da qala bilmir:

“Qonşulardan, doğmalarımdan da çox uzaqdır. Heç olmasa onlar mənim vəziyyətimi bilirdi, həyan olurdu. Çayım, çörəyim olmayanda yardım edirdilər, əlimdən tuturdular. İndi mənə təklif edilən evin işığı, qazı, suyu, ayaqyolu, ümumiyyətlə həyat üçün əhəmiyyətli olan heç nəyi yoxdur. Dünən də bir oğlan gəlib dedi ki, bura mənim evimdir. Qapısını da bağlayıb gedib. İndi siz deyin, mən hara gedim?”

QANUNA GÖRƏ... KÜÇƏDƏ QALMALIDIR!

İmişli rayon İcra hakimiyyətindən AzadlıqRadiosuna bildirdilər ki, Lalə Cəfərovanın İcra Hakimiyyəti binası önündə intihara cəhd etməsi xəbərləri yalan və böhtandır. Əlavə məlumatı isə məsələni araşdırandan sonra verəcəklər.

Namizəd Səfərov
Namizəd Səfərov

Hüquqşünas Namizəd Səfərovun sözlərinə görə, məhkəmə qərarı qadının əvvəlki mənzilində olan hüquqlarına xitam verir. Hüquqşünas belə durumda bir neçə çıxış yolu təklif edir:

“Qadının gedəcək başqa yeri yoxdur. Qərar verilibsə, bu durumda Azərbaycan qanunlarına görə o küçədə qalmalıdır. Qanunla İcra Hakimiyyətinin üzərinə onu evlə təmin etmək öhdəliyi qoyulmayıb. Ancaq İcra Hakimiyyəti ona ev veribsə, ev də mübahisəlidirsə onu başqası ilə əvəz edə bilər. Və ya onu kimsəsizlər evinə, qocalar evinə yerləşdirə bilər”.

QANUNSUZLUQ, ÖZBAŞINALIQ

İmişlidə ötən həftə daha bir nəfər İcra Hakimiyyəti önündə özünü yandırmağa cəhd edib. Namizəd Səfərov bildirir ki, belə intihara cəhdlərin kökündə əsasən ölkədə olan sosial, siyasi durum dayanır. Onlar düşdükləri çıxılmaz durumdan qurtulmağın yolunu intiharda görürlər:

“Ölkədəki qanunsuzluq, özbaşınalıq insanları pis vəziyətdə qoyur. Düşdükləri vəziyyətdən xilası intiharda görürlər. Dünyada belədir ki, son ümid yeri intihardır. İnsanlara verilən belə aşağı əmək haqları, pensia onların yaşayışını insanlıqdan çıxarır. Lalə Cəfərova da özünü təmin edə bilmir. Gedəcək yeri də yox... ”.

Lalə Cəfərova deyir ki, yanvarın 23-dən bəri küçələrdə gecələyir. Indi evini geri qaytarmaq üçün yenidən məhkəməyə müraciət etməyə nə maddi imkanı var, nə də gecələyəcək bir yeri... Tək istəyi qışın oğlan çağında başını salacaq isti bir yuvasının olmasıdır.

XS
SM
MD
LG