Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:56

Rusiya “Cənub Dəhlizini” hədələyir, amma gücü yoxdur


Avropa Komissiyasının vise-prezidenti və enerji komissarı Maros Sefcovic.
Avropa Komissiyasının vise-prezidenti və enerji komissarı Maros Sefcovic.

Bir çox ekspertlər neft qiymətlərinin aşağı, rublun isə zəif olduğu bir şəraitdə Moskvanın son ultimatumunu “blef” adlandırırlar.

Avropa İttifaqının enerji məsələləri üzrə yeni komissarı Maros Sefcovic-i Moskvada çox soyuq və bəzi müşahidəçilərin fikrincə, bir az da “hörmətsiz” qarşılaylıblar.

Bundan əvvəl Rusiyanın qaz nəhəngi “Gazprom”-un rəhbəri Alexey Miller innən belə Rusiyadan Avropaya Ukrayna vasitəsilə qaz nəql olunmayacağı barədə şok bəyanat vermişdi.

Bununla belə, bu bəyanatı gözləmək olardı, çünki Vladimir Putin “Cənub axını” layihəsinin dayandırıldığını elan edəndə, həm də bildirmişdi ki, Rusiya öz qazını bazarlara Türkiyə vasitəsilə çıxaracaq.

Əslində yeni Avropa komissarının Moskvaya səfəri də Rusiyanın əsl niyyətlərinin öyrənilməsi idi.

Bir çox ekspertlər neft qiymətlərinin aşağı, rublun isə zəif olduğu, üstəlik Rusiya üzərinə maliyyə sanksiyalarının qoyulduğu bir şəraitdə Moskvanın son bəyanatlarını “blef” adlandırırlar.

Rusiya rəsmilərinin konkret olaraq dedikləri budur ki, onlar innən belə Avropaya Ukrayna ərazisi ilə qaz satmayacaqlar və əgər Avropa bundan sonra da Rusiya qazını almaq niyyətindədirsə, onu Türkiyə-Yunanıstan sərhədindən qəbul etməli olacaq.

“Bizim Bakıda çox mühüm görüşümüz olacaq…”

Moskva həmçinin bildirib ki, əgər Avropa Rusiya qazını Türkiyə-Yunanıstan vasitəsilə almaq istəmirsə, onda onlar qazı başqa yerə satacaqlar. Vladimir Putinin bu yeni hədələrini götür-qoy edən Maros Sefcovic Moskva səfəri zamanı vəziyyəti aydınlaşdırmağa cəhd göstərib.

O deyib ki, Rusiya ildə 63 milyard kubmetr qazın nəqlini Ukraynadan çıxararaq, Türkiyə üzərinə keçirmək istəyir.

“Biz inanmırıq ki, bundan nəsə hasil olsun, - deyib Sefcovic, - Bu, iqtisadi baxımdan sərfəli deyil. Dünyanın bu hissəsində bu qədər qaza ehtiyac yoxdur. Türkiyənin əlavə olaraq ildə 15 milyard kubmetr qaza ehtiyacı var. Cənub-şərqi Avropa ölkələrinin də ehtiyacı 15 milyard kubmetrdir. Bəs yerdə qalan 33 milyard kubmetr necə olsun?”

Ən maraqlısı budur ki, Maros Sefcovic Avropanın öz qaz təchizatını yeni qaz mənbələrinin və başlıca olaraq Azərbaycandan gəlməli olan qazın hesabına şaxələndirmək niyyətində olduğunu açıq etiraf edib.

“Biz yeni mənbələrdən, yeni marşrutla, yeni qaz əldə etmək üçün çox iş görürük və bu, Cənub Qaz Dəhlizidir. Bizim tezliklə Bakıda çox mühüm görüşümüz olacaq. Orada əlaqədar ölkələrin konsorsiumu kəmərin tikintisinin vaxtında başa çatıdırlması üçün …yol xəritəsini, konkret hərəkət planını razılaşdıracaq…”

Millerin “boş” hədələri

TransCaspian Layihəsinin təsisçisi Borut Grgic ingilisdilli “Daily Hurriyyet” saytında yazır ki, Rusiyanın da hədələdiyi elə bu Cənub Dəhlizidir, lakin hədələrini reallaşdırmaq üçün Moskvanın hazırda potensial qüvvəsi yoxdur.

Borut Grgic bu hədələri “boş” adlandırır və qeyd edir ki, Rusiyanın qazı başqa yerə satacağı barədə hədələri də hədədən başqa bir şey deyil.

“Rusiya bu əlavə qazı Avropada olmasa, başqa kimə satacaq, - yazır Grgic, - Bunun Türkiyə olmayacağı dəqiq bəllidir. Onun bu qədər qaza ehtiyacı yoxdur. Çinəmi? Çinə hazırda qaz nəql edəcək kəmər infrastrukturu yoxdur, lap belə bir kəmər tikilsə də, Çin qaz üçün Avropa qiymətlərini ödəməyəcək”.

Təhlilçinin fikrincə, bütün bunlara görə Avropa bazarı Rusiya qazı üçün hələ də ən sərfəli bazar olaraq qalır.

Avropa Moskvaya təzyiqi artırmalıdır

Borut Grgic yazır ki, Millerin hədələrinə baxmayaraq, Rusiyanın öz qazını Türkiyə vasitəsilə satması üçün də infrastrukturu, belə bir infrastrukturu yarada biləcək qədər pulu yoxdur.

O qeyd edir ki, üzərindəki sanksiyalara görə Avropada heç bir bank belə bir infrastruktur üçün Rusiyaya kredit verməyəcək.

Təhlilçinin fikrincə Avropa Rusiyaya təzyiq göstərmək üçün hələ də vasitələrə malikdir. Bunlardan biri Rusiyadan öz qazını Ukrayna vasitəsilə satmaqda davam etməsini tələb etməkdir.

“Əgər desələr ki, Ukraynada sabitsizlikdir, onda Moskvaya demək olar ki, bu sabitsizlik sizə görədir” – yazır analitik.

Məqalədə deyilir ki, ən azı bu qış üçün Avropanın kifayət qədər qazı və deməli Rusiya ilə sərt danışmaq imkanı var.

Erdoğanın dostu Putin

Borut Grgic-in fikrincə ən pis ssenari Avropanın Rusiya qazını Türkiyə-Yunanıstan üzərindən almağa razılıq verməsi olardı.

Məqalədə deyilir ki, bu halda Cənub Dəhlizi kəsilər və Avropa özünü rəqabətli qiymətlərə malik qazdan məhrum etmiş olardı.

Təhlilçinin qənaətinə görə, Rusiya “Cənub axını”nı yeni qiyafədə ortaya çıxarıb və özünün siyasi çıxarlarına xidmət edən bu layihənin üstəlik Avropanın cibindən ödənməsinə çalışır.

Məqalədə qeyd olunur ki, Avropa həm də Ankara üzərinə təzyiq göstərməlidir.

Müəllifin fikrincə Recep Tayyip Erdoğanın Vladimir Putinin simasında yeni dost tapması Türkiyəni etibarlı tranzit kimi gözdən sala bilər.

Azərbaycan Qərb-Rusiya seçimi etməli olacaq

Bir sıra təhliçilər bu qənaətdədirlər ki, nəticə etibarilə bütün bu gedişlər Rusiyanın Azərbaycana təzyiqlərinə yol aça bilər.

Neft qiymətlərinin aşağı olduğu və öz neftinin pik nöqtəsini keçmiş Azərbaycanın hakimiyyəti gözünü Şahdəniz layihəsinə dikib.

Burada söhbət hakimiyyətin öz varlığından gedə bilər deyə, Azərbaycan istər-istəməz Rusiyanın təzyiqlərinə müqavimət göstərməli və nəhayət uzunmüddətli tərəddüddən sonra geosiyasi seçim etməli olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG