Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:14

Bazarda ərzaq qıtlığı


Bazar
Bazar

-

«Yeni Müsavat» yazır: «Bazarlarda ərzaq qıtlığı yaşanır, qiymətlər isə artmaqda davam edir».

Qəzetin əməkdaşı «Səkkizinci kilometr» bazarında gördüklərini belə təsvir edir:

«Bir vaxtlar adam əlindən tərpənmək mümkün olmayan bu bazarda indi tək-tük alıcı gözə dəyir. Alıcılığın azalmasının səbəbi isə qiymətlərin baha olmasıdır. Kartof və soğanın kiloqramı 1 manata qalxıb. Satıcılar deyir ki, bunun günahkarı onlar deyil: «Biz bu məhsulu topdansatış mərkəzindən 85-90 qəpiyə götürürük, üstünə 10 qəpik qoyub, satırıq. Alıcılar, sadəcə, qiymətlərə baxıb, keçirlər. Əvvəllər gündə 50 manat gəlirimiz olurdusa, indi heç 20 manat da olmur. Alıcılıq zəifdir. İcarə haqqını belə, çatdıra bilmirik»».

«Yeni Müsavat» yazır ki, kök və kələmin qiymətində də artım var. Kökün kiloqramı 1 manata, kələmin kiloqramı isə 80 qəpiyə təklif olunur. Xiyar və pomidorun qiyməti isə 4 manata qalxıb.

Qiymət artımın səbəblərindən biri də bazarlara çıxarılan məhsulun az olmasıdır. Satıcılar bunu bayram günlərində gömrük idarəsinin işləməməsi ilə izah ediblər: «Martın 19-dan etibarən xaricdən gətirilən məhsullar ölkəyə buraxılmır. Bazarda qıtlıq yarananda isə qiymət artır, çünki tələb çoxdur, təklif isə az...».

Əvvəl 2.3 manata satılan banan və kivi 2.6-3 manatdan təklif olunur. Əvvəl 1.5 manatdan satılan portağal və narıngi 1 manat bahalaşaraq 2.5 manata qalxıb. 1 manata satılan yerli alma 1.5 manata təklif olunur.

«BANK BÖHRANI GÖZLƏNİLİR»

«Azadlıq» qəzetinin baş məqaləsi belə adlanır: «Azərbaycanda ciddi bank böhranı gözlənilir».

Foto illüstrasiya
Foto illüstrasiya

Qəzet yazır ki, ölkədə 2.5 milyon nəfər kredit götürüb və onların götürdüyü məbləğ toplam olaraq 18 milyard manat təşkil edir:

«Hesablamalara görə, hər götürülən kreditin 18 manatdan 1 manatı ödənilməmiş qalıb. 2009-cu ildə ödənilməyən kredit borcu 303 milyon olub... 2013-cü ilin 11 ayının nəticələrinə görə, 800 milyondan artıq, 2014-cü ilin 11 ayının nəticələrinə görə, 970 milyon, 2015-ci ilin yanvar ayının nəticələrinə görə isə, 1 milyard manat ödənilməmiş kredit borcu var.

Göründüyü kimi, hələ 2009-cu ildən ödənilməyən kredit borclarının artması tendensiyası müşahidə olunur».

«Azadlıq» bir məqama diqqət çəkir: «Vətəndaşlar böhrandan illər əvvəl, hakimiyyətin iqtisadi inkişafdan danışdığı zaman kredit borcu ödəyə bilməyiblərsə, indiki böhran vaxtında bu problemin daha da dərinləşəcəyini söyləmək olar. Yeri gəlmişkən, hesablamalara görə, manatın devalvasiyasından sonra dollarla götürülən kreditlərin üzərinə təxminən 1.7 milyard manat əlavə pul gəlib. Bu o deməkdir ki, vətəndaşlar götürdükləri borcdan xeyli artıq pul ödəməlidir».

Qəzet yazır ki, bir neçə aya ödənilməyən kredit borclarının məbləği 2-3 milyarda çata və bu da bankların çöküşünə səbəb ola bilər.

Foto illüstrasiya
Foto illüstrasiya

«ELƏ BİLDİK Kİ, ERMƏNİLƏR ATIR»

ANS Tovuzun Əlibəyli kəndində partlayış zamanı yaralanan qadını danışdırıb.

1964-cü il təvəllüdlü Atlaz Şirinova meşədən qış üçün tədarük edilən odunu evə gətirib. Odunun içində partlamamış güllə olub. Odun sobaya atılan zaman güclü partlayış baş verib. Nəticədə qadın müxtəlif dərəcəli bədən xəsarəti alıb. Atlas Şirinova Tovuz Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Yaralı Atlas Şirinova deyir: «Bir neçə odun götürüb odun sobasına atıb yandırdım. Odun yanandan sonra qazı bağladım. Bu zaman partlayış baş verdi. Bir anlığa nəyin baş verdiyini anlamadıq, elə bildik ki, ermənilər atır. Nətıcədə odun sobası sıradan çıxdı, qəlpələr isə ayağımı ağır yaraladı».

Ehtimal olunur ki, Ermənistan Silahlı Qüvvələrinin atəşkəsin mütəmadi olaraq pozması nəticəsində atılan güllələrdən biri odunun içərisində ilişib qalıb. Bundan isə ev sahiblərinin xəbəri olmayıb.​

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG