Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:53

Avtoqəzalarda ölüm riski: Azərbaycanda 41, Gürcüstanda 9 % (İnfoqrafika)


.
AZƏRBAYCANDA AVTOMOBİL QƏZASINA DÜŞMƏK AZI 40 FAİZ ÖLÜM RİSKİDİR

Azərbaycanda avtomobil qəzasına düşən şəxsin ölüm riski təqribən 40 faizdir. Yəni, təqribən hər iki qəza hadisəsinin biri ölümlə nəticələnir. Qonşu Gürcüstanda bu risk 9 faizdir. Dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə isə vəziyyət daha acınacaqlı görünür. Məsələn, Britaniyada avtomobil qəzasında insan ölümü riski 1 faizdir.

Bu göstəricini il ərzində baş vermiş qəzalardakı insan tələfatı sayının həmin il ərzindəki qəzaların sayına nisbəti əsasında müəyyən etmişik.

Azərbaycan, Gürcüstan və Britaniyanın dövlət statistika idarələrinin rəsmi məlumatlarına görə 2012-2013-cü illərdə avtomobil qəzaları və bu qəzalarda yaralanma və tələfat aşağıdakı kimdiir:

Azərbaycan

Gürcüstan

Böyük Britaniya

2012-ci il

2013-cü il

2012-ci il

2013-cü il

2012-ci il

2013-cü il

Avtomobil qəzalarının sayı

2 892

2 846

5 359

5 510

145 571

138 660

Qəzalarda həlak olanların sayı (nəfər)

1168

1164

605

514

1 754

1 713

Yaralananların sayı (nəfər)

2997

2948

7734

8045

23 039

21 657

Bu rəsmi statistikada ilk baxışda görünən odur ki, Azərbaycanda avtomobil qəzalarının sayı Gürcüstandan təqribən 2 dəfə azdır.

Amma qəzalar az olsa da, daha çox ÖLÜMCÜLdür. Yəni, Azərbaycanda baş verən avtomobil qəzalarıın 41 faizində insan ölümü var:

Yaralanma riski isə Azərbaycanda baş verən qəzalarda demək olar qaçılmazdır – 104 faiz.

GERÇƏK MƏNZƏRƏ DAHA ACINACAQLI OLA BİLƏR...

Üstəlik, o da nəzərə alınmalıdır ki, Azərbaycanda qəzaların sayının rəsmi statisikada az göstərilməsinə dair şübhələr var.

BİRİNCİSİ,
Azərbaycan qanunvericiliyinə görə, yol hərəkətı hadisələri vaxtı xəsarət alan şəxs hadisədən sonrakı 7 gün ərzində vəfat edirsə, onun ölümünün səbəbi məhz həmin qəza kimi göstərilə bilər. Yaralı qəzadan 7 gün sonra – məsələn, qəzanın 8-ci günü keçinsə, onun ölümü yol qəzası hadisəsinin nəticəsi kimi qeydiyyata alınmır.

Müqayisə üçün qeyd edək ki, bu müddət Böyük Britaniya qanunlarına görə, 30 gündür.

Ərşad Hüseynov
Ərşad Hüseynov

İKİNCİSİ,
“Yol hərəkəti qaydalarına kommentariyalar” kitabının müəllifi, hüquqşünas Ərşad Hüseynov AzadlıqRadiosuna müsahibəsində deyir ki, hazırda DYP - nin işinin səmərəliliyi ölüm hallarının azlığı ilə müəyyən olunur. Bu halda nəzəri olaraq DYP üçün maraqlı ola bilər ki, statistika az göstərilsin: “Avropa ölkələrində belə bir təcrübə var - qəzaların və ölüm hallarının sayı nə qədər çoxdursa, dövlət büdcəsindən müvafiq quruma daha çox vəsait ayrılır. Yəqin ki, bu qaydanı Azərbaycanda da tətbiq edib, daha yaxşı nəticəyə nail olmaq olar. Statistikanı obtektiv aparmaq olduqca vacibdir.

1991- ci ildə Sovet hökuməti dağılanda açılaqlanan statistikaya görə, Azərbaycanda 1281 nəfər ölüm hadisəsi baş vermişdi. O vaxt ölkədə cəmi 200 min avtomobil var idi. İndi isə 1,2 milyon avtomobil var, keçən il qəzalarda ölənlərin sayı 1 164 nəfər olub. Məncə, Sovet hökuməti dağılanda aparılan statistika daha obyektiv olmalı idi. Çünki o vaxt hökumət dağılır, qorxu-hürkü də qalmırdı, bütün qurumlar rəqəmlər doğru-düzgün qoyulurdu ortalığa”.

Təkcə bu ilin ilk 3 ayı ərzində rəsmi məlumata görə, yalnız Bakıda 62 nəfər yol-nəqliyyat qəzası nəticəsində həlak olub, 263 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AZƏRBAYCANDA AVTOMOBİL QƏZASI NİYƏ BU QƏDƏR ÖLÜMCÜLDÜR?

Azərbaycanda avtomobil qəzalarını bu qədər yüksək ölüm riskli edən səbəblər haqqında da ekspertlər arasında müxtəlif fikirlər var.

Hüquqşünas Ərşad Hüseynov düşünür ki, ölkədə yol-hərəkəti qəzalarının səbəbi araşdırılarkən yolların vəziyyətinə ayrıca diqqət yetirilməlidir: “Almaniya kimi ölkədə yol qəzalarının 6-10%-i yolların vəziyyətinin pis olmasına görə baş verir. Azərbaycanda isə bu statistika ümumiyyətlə aparılmır".

Dövlət Yol Polisinin rəsmi saytında ölkədə avtomobil qəzalarının əsas səbəbləri kimi aşağıdakılar göstərilir:

YOL POLİSİNİN ARQUMENTLƏRİ...

Qəzaların səbəbləri barədə yol polisi rəsmilərinin də gətirdikləri xeyli arqumentlər var. Məsələn, Baş Dövlət Yol Polisi İdarəsininin şöbə rəisi Kamran Əliyev AzadlıqRadiosuna müsahibəsində sürücülərin naşılığını qəzalara ən başlıca səbəbi kimi görmədiklərini deyir. Kamran Əliyev sürücülük vəsiqəsi verilərkən rüşvət alınması barədə gəzən söz-söhbətləri də qəzalara səbəb hesab etmir: “Hansı ölkədə hadisə yoxdur, hansı ölkədə ölən yoxdur.

Kamran Əliyev
Kamran Əliyev

Yol qəzalarını çox vaxt 10-15 il təcrübəsi olan sürücülər törədirlər. Yəni, 10-15 il ərzində yol hərəkəti qaydalarını öyrənə bilmirlərmi?! Almaniyanın Münhen şəhərində ildə 51 min yol qəzası baş verir, amma 21 ölüm hadisəsi qeydə alınır. Çünki hava yastıqlarından, təhlükəsizlik komplektlərindən istifadə olunur, kəmərləri bağlayırlar. Bizdə təhlükəsizlik kəməri ilə bağlı sərnişini nə qədər cərimə edirsən, yenə də bağlamırlar. Bu işlə ictimaiyyət də məşğul olmalıdır”.

Kamran Əliyev deyir ki, Azərbaycanda yol-qəzalarına səbəb olan başqa bir amil təhlükəsizlik komplektləşdirilməsi zəif olan VAZ markalı avtomobillərdir: “Qəzaların təqribən 40 faizi bu cür avtomobillərdə baş verir. Bizim qanunvericiliyə görə vətəndaşa həmin avtomobillərdən istifadəni qadağan etmək olmaz”.

Hüquqşünas Ərşad Hüseynov deyir ki, son illər Azərbaycanda da yol-hərəkəti qəzalarını aradan qaldırmaq üçün təbliğat işləri gücləndirilib, amma bu, kifayət deyil.

XS
SM
MD
LG