Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:45

Belarusda 37-ci il qaydasını bərpa etdilər


Vital Yurchanka
Vital Yurchanka

-

Vital Yurchanka əvvəllər Homel şəhərində ayaqqabı dükanı işlədib. Alveri də yaxşı gedib.

Amma ölkədə getdikcə dərinləşən iqtisadi böhran onun da biznesini çökdürüb.

Normal ölkələrdə işsiz qalana müavinət verirlər. Belarusda yeni qəbul edilmiş qanun isə işsiz oturmağı qadağan edir. Yeni qanuna görə, Yurchanka “sosial parazit” sayılır. O, işsiz olduğuna görə ildə 245 dollar cərimə verməlidir.

Bu, faktiki olaraq Stalin dövründə tətbiq edilmiş və “tüfeyli həyat tərzi”ni qadağan edən qanunun bərpasıdır.

“Bu, lap 1937-ci ilə oxşayır: işlə, işləməsən, məcbur edəcəyik” – deyir Yurchanka – “Düşünürəm ki, insanlar buna qəti etirazlarını bildirəcəklər. Düz də eləyəcəklər. Çünki biz öz mənafelərimizi müdafiə etməliyik”.

Yeni qanunu Belarusun avtoritar prezidenti Alyaksandr Lukashanka bu ayın əvvəlində imzalayıb. Səbəbini də belə izah edib ki, “vətəndaşlar dövlət xərclərini maliyyələşdirmək işində iştirak etmək kimi konstitusion öhdəliklərini yerinə yetirməlidirlər”.

Lukashenkanın karikaturası
Lukashenkanın karikaturası

Bundan sonra, azı 183 günü əhatə edən gəlir vergisi ödəməyən şəxslər cərimələnəcəklər.

Cəriməni ödəməməyə görə də cərimə var. Bunu da etməyəni küçə süpürməyə, başqa icbari işlərə göndərəcəklər.

Bu qanun vətəndaşların bəzi kateqoriyalarına aid deyil. Tələbələrə, 3 və daha çox uşağa baxan valideynlərə, yetkinlik yaşına çatmayanlara, təqaüd yaşına çatanlara.

Belarusda polis ən xırda etirazları da amansızcasına yatırır. Amma Yurchanka bundan çəkinməyərək ABŞ-ın Change.org adlı populyar saytında mübahisəli qanunun ləğvi təşəbbüsü ilə çıxış edib. Onun petisiyasına artıq 25 min insan qoşulub.

Petisiyada deyilir ki, yeni qaydalar Konstitusiyanın vətəndaşların iqtisadi maraqlarının müdafiə olunması ilə bağlı müddəalarını pozur, eləcə də məhkəmə qərarı olmadan icbari əməyə cəlb olunmanı qanuniləşdirir.

Yurchanka deyir ki, Konstitusiya həm də hökumətin üzərinə iş yerləri yaratmaq, işsizlərin sosial müdafiəsini təmin etmək kimi öhdəliklər qoyur:

"Hökumətdə bir yığın adam işləyir, onların işinin adı yeni iş yerləri açmaqdır. Buna görə maaş alırlar”.

Petisiyaya qoşulanlardan bəziləri öz qəzəblərini açıq şəkildə də bildirirlər. “Deməli, üç uşaq anasına dəymirlər, amma iki uşağa baxan ananı sosial parazit sayılar?..” – deyir Natalya Kazak.

“Əgər şəhərdə iş yeri yoxdusa, belə bir fərman necə verilə bilərdi?” – bunu isə petisiyanı imzalamış başqa bir vətəndaş - Hrodno şəhərindən olan Danil Polyakov bildirir.

Belarusdakı yeni qaydaları sosial şəbəkələrdə də ələ salan çoxdur. Bəziləri rişxəndlə ulduzlara baxmağa görə də vergi tutulmasını təklif edirlər.

XS
SM
MD
LG