Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:36

Kosalar kəndinin sakinləri yolların düzəldilməsini tələb edir


Arxiv fotosu
Arxiv fotosu

-

Qazax rayonunun Kosalar kənd sakinləri AzadlıqRadiosunun "Qaynar xətt"inə kənd yollarının bərbad vəziyyətdə olmasından şikayətləniblər.

Kənd sakinlərinin deməsinə görə, Kosalar kəndində yaşayan azı 2000 min ailə illərdir ki, kənd yollarında əziyyət çəkir.

"Kəndin mərkəzi ilə yenə çəkilmiş İpək yolu arasındakı məsafə 4 kilometrdir. Kənd əhalisinin sayı son qeydiyyatlara görə təqribən 7000 nəfərdir. Bu, hələ sadəcə, qeydiyyatda olanlardır. Kəndə son dəfə asfalt çəkilişi sovet dövründə olub. Artıq neçə ildir ki, kəndimizin yolları bərbad gündədir. Maşın sürmək bir kənara qalsın, adicə ayaqla yol getmək belə imkansızdır. Bilmirik ki, problem niyə həll olunmur. Son bir neçə ildə yolumuzu buldozerlə guya təmir ediblər. Ancaq olan-qalan yolu daha da pis günə qoyublar. Yay günlərində tozlu havada kəndin yollarında getmək çəkilməzdir. Bu hal kənddə antisanitar vəziyyətin yaranmasına gətirib çıxarıb. Dəfələrlə kənd icra nümayəndəsinə şikayət etsək də bir nəticəsi olmayıb".

ƏN ÇOX ZƏRƏR MAŞINLARA DƏYİR

Kənd sakini Hidayət Məmmədovun sözlərinə görə, ​bu yollardan ikicə dəfə ötüb keçdinsə kifayət edir ki, maşın təmir sexinə getsin:

"Yollar çala-çuxurdur, yağış yağanda həmin çuxurlar su ilə dolur və çuxur görünməz olur. Maşın düşür dərin çuxura, mühərrik dağılır, təkərlər pis günə qalır və sair".

Başqa sakin Eltimad Müslümov:

"Bu yollar maşınlarımıza da, özümüzə də qənim kəsilib".

Bir neçə yaşayış məntəqəsini birləşdirən yollarda daha çox əziyyət məktəblilərə düşür. Bu üzdən də kənd sakini Töhvə Süleymanova övladlarını məktəbə buraxmır:

"Uşaq səhər evdən çıxır, 2 saatdan sonra üst-başı palçıqlı geri dönür. Geyimini yuyuram, qış vaxtı, həm də istilik olmadığından günlərlə qurutmaq mümkün deyil. Elə evdə otursalar yaxşıdır".

Qazax rayon icra hakimiyyətindən bildiriblər ki, rayonda yolların təmiri ilə bağlı layihələr həyata keçirilir. Bu işlər növbəli qaydada görülür. Yaxın gələcəkdə qeyd olunan yollar da düzəldiləcək.

"Kənd yolları da təmir olunur. O yol da dövlət proqramına daxildir. Yaxın vaxtlarda Kosalar-Qazax magistral yolunun təmirinə, asfalt çəkilişinə başlanacaq".

XS
SM
MD
LG