Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 01:50

İş adamlarının həbsində qaranlıq məqamlar


Hacı Ibrahim Nehrəmli
Hacı Ibrahim Nehrəmli

-

«Azadlıq» qəzeti yazır ki, sahibkarların ardıcıl həbsi ilə bağlı son hadisələr cəmiyyətdə bir sıra suallar doğurub.

«Banklara külli miqdarda kredit borcu olan iş adamlarının kütləvi həbsi bu olayların arxasında ictimaiyyətə açıqlanmayan gizli məqamların olduğuna dair şübhələri günü-gündən artırır. Maraqlıdır, həbs olunan iri iş adamları kredit borcuna görə saxlanılmamışdan əvvəl xəbərdar olunub və ya mülki qaydada məhkəmə prosesinə cəlb edilibmi? Yoxsa birbaşa həbs qərarı verilib?

Hüquqşünas Əyyub Kərimov deyir ki, kreditin qaytarılmasıyla bağlı problem yarananda, ilk növbədə mülki məhkəmə icraatı qaydasında iş qaldırılır. Dələduzluq faktı varsa, bu halda, cinayət məsuliyyəti seçilir: «Konkret son hadisələrə gəlincə, açıq-aşkar görünür ki, burada ictimaiyyətdən gizlədilən məqamlar var. Həbslərlə bağlı verilən açıqlamalar məsələnin mahiyyətini tam açmadığı üçün konkret hökm vermək çətindir».

Hüquqşünas deyir ki, sivil qaydada iş aparılsaydı, onların əmlakına həbs qoyula, məhkəmə çəkişməsi yarana bilərdi.

«Beynəlxalq Bankın rəhbəri hələ də azadlıqdadır. Baxmayaraq ki, bütün proseslərə o, rəhbərlik edib. Oradan kredit götürənlər həbs olunursa, maraqlıdır, Cahangir Hacıyev niyə həbs olunmur? Onlara kredit verilməsi barədə bank rəhbərinin göstərişi olmasaydı, onlar bu krediti ala bilməzdi. Kredit verəni deyil, kredit götürəni həbs edirlər. Hacı Ibrahim Nehrəmliyə bu qədər pul kimin göstərişi ilə verilib? Bu şəxs «Xəzər adaları»na 1 milyard 157 milyon pul qoyduğunu, onun 57 milyonunu bankdan götürdüyünü, 1 milyard 100 milyonun isə öz vəsaiti olduğunu deyir. Bu qədər pulu necə, haradan qazanmaq olar? «Xəzər adaları»na bu qədər vəsait qoyan adam necə olur ki, banka 57 milyonu qaytara bilmir?» –hüquqşünas sual edir.

MƏMUR OLİQARXLARIN GÜCLƏNDİRDİYİ MÜXALİFƏT

«Yeni Müsavat» qəzeti yazır ki, son günlər müxalif düşərgədə maraqlı proseslər başlayıb:

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

«Resursları kifayət qədər zəifləmiş, dağılmış və daha çox daxili çəkişmələrlə məşğul olan ölkə müxalifətində canlanma yaranıb. Prinsipcə, bu prosesdə qeyri-adi heç nə axtarmamaq da olardı, çünki məntiqlə hakimiyyət daxilində baş verən olaylar, yaranmış siyasi şərait müxalifəti hərəkətə gətirməyə səbəb ola bilər. Amma bu yalnız aysberqin görünən hissəsidir, ortada daha ciddi hədəflər, daha doğrusu, maraqlar var».

Qəzet adını açıqlamadığı mənbəyə istinadən yazır ki, ölkəni silkələyən Beynəlxalq Bankdakı yüz milyonlarla manatlıq korrupsiya sxeminin aşkarlanması, iş adamlarının və məmurların kütləvi həbs dalğası nəticəsində yaranmış siyasi şərait bir neçə müxalifət liderlərinin toplantısında müzakirə edilib.

«Müzakirələrdə iki kəskin fərqli yanaşma meydana çıxıb.

Bunlardan biri hadisələrin fors-major kimi dəyərləndirilməsi və bunlardan istifadə edərək iqtidara qarşı fəal, təsirli addımların atılmasına başlamaqdan ibarətdir. Bu istiqamətdə ilkin addım olaraq bu gün passiv mövqe tutan bəzi ictimai əhəmiyyətli şəxslərin də iştirakı ilə müxalifətin birliyinin yaradılmasının elan olunması təklif edilib. Təklifə görə, birliyin elan olunmasından sonra konkret hədəflər müəyyənləşməli və hakimiyyətin istefası tələbi ilə kütləvi aksiyalar başlanmalıdır».

Qəzet yazır ki,bəzi müxalifət liderləri oliqarxların kömək vədləri barədə danışaraq bundan istifadə etməyi təklif ediblər. «Digər liderlər isə deyiblər ki, vəzifəli məmurlardan gələn bu təklif daha çox tələyə bənzəyir və prezidentə, sadəcə, təzyiq göstərə bilmək, həbslərdən qorunmaq üçün müxalifətdən istifadə etmək məqsədi daşıyır».

Bahar Muradova
Bahar Muradova

BAHAR MURADOVA: DAĞLIQ QARABAGLA DİGƏR MÜNAQİŞƏLƏR ARASINDA FƏRQ QOYULUR

«Avropa İttifaqının indiyə qədər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyi olmadığına görə Riqada keçirilən «Şərq Tərəfdaşlığı» sammitində də münaqişə ilə bağlı birmənalı mövqe ortaya qoyulmadı».

yap.org.az-ın yazdığına görə, bu fikri Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, Avropa İttifaqının bu mövqeyi Azərbaycanı narahat edir. Onun fikrincə, Avropa İttifaqının bu mövqeyi paradoksal bir münasibətdir.

«Çünki ərazi bütövlüyü prinsipinin tətbiq olunması məqamı olan məsələlərdə Dağlıq Qarabağ münaqişəsi ilə digər münaqişələr arasında fərq qoyulur. Ona görə də, bu məsələyə haqlı narazılığımızı ifadə edirik. Dövlət rəhbərliyi səviyyəsində dəfələrlə bəyan olunub ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birmənalı mövqeyini ortaya qoymalıdır. Dünyada mövcud olan münaqişələri aradan qaldırmaq istəyiriksə, beynəlxalq hüququn prinsipləri bütün münaqişələrə eyni səviyyədə tətbiq olunmalıdır»- vitse-spiker vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG