Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:38

"İslam Dövləti" 74 uşağı edam edib


"İslam dövləti" yaraqlıları (Arxiv)
"İslam dövləti" yaraqlıları (Arxiv)

-

"İslam Dövləti" adlandırılan təşkilat bir il bundan əvvəl özünü “xilafət” elan etdikdən bəri onun cihadçıları təxminən 74 uşağı “cadugərlik” və Ramazan ayında oruc tutmaqdan imtina kimi xətalara görə edam ediblər.

Jurnalist Malia Zimmerman Fox News şəbəkəsinin saytındakı məqaləsində bildirir ki, təşkilat, nəzarətində olan ərazilərdə sərt qaydaları qoruyub saxlamaq üçün nə qadınlara, nə də uşaqlara mərhəmət göstərmir.

Şiə olmaq küfr sayılır

Məqalədə deyilir ki, "İD" ötən ilin iyununda özünü dövlət elan etdikdən və sərt İslam qaydaları tətbiq olunduqdan bəri Suriya və İraq ərazisində ümumilikdə 3027 nəfəri edam edib.

Britaniyada mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupunun hesabatında deyilir ki, adamları küfr və casusluqla yanaşı, falçılıq, uşaqbazlıq, şiə müsəlman olmaq üstündə edam edirlər.

Təkcə son həftə ərzində Suriyanın Deyr əz-Zur əyalətinin Məyadin məntəqəsində yaşları dəqiq bilinməyən iki uşaq orucu lazımi qaydada tutmamaqda ittiham edilərək edam olunublar.

Uşaqların cəsədləri sonradan Məyadinin mərkəzində sərgilənib.

"Axirət döyüşü"

Suriya - İslam dövləti yaraqlısı
Suriya - İslam dövləti yaraqlısı

Hesabatda deyilir ki, Quranın orta əsrlərə xas təfsirinə əsaslanan "İD" əsl müsəlman təşkilatı olduğunu iddia edir və həyata keçirdiyi edamlara bununla haqq qazandırır.

Terrora Qarşı Əməliyyatlar, Araşdırma və Təhlil Konsorsiumunun Cənubi Afrika üzrə direktoru Jasmine Opperman deyib ki, "İD" bu edamları imanlılar və kafirlər arasında axirət döyüşü kimi izah edir.

Təhlilçi vurgulayır ki, "İD" öz fəaliyyətində uşaqlara xüsusi diqqət ayırır. Məhz buna görə də internetdə tez-tez uşaq cihadçıların təlim aldıqlarını və döyüşdüklərini göstərən videolar nümayiş etdirilir.

“Xilafətin küçükləri”

Hesabatda bildirilir ki, "İD" cihadçı uşaqları “xilafətin küçükləri” adlandırır.

BMT-nin Uşaq Hüquqları Komitəsinin ötən fevralda açıqlanmış başqa bir hesabatında isə "İD"nin kürd, yezidi, xristian və hətta müsəlman uşaqlara qarşı törətdiyi zorakılıqlardan bəhs olunur.

Bu uşaqlara işgəncələr verilir, onlar çarmıxa çəkilir və diri-diri basdırılır, onlardan bomba intiharçıları və seks kölələri kimi iastifadə olunur.

Hesabatda həmçinin qeyd olunur ki, İD qadınlara da mərhəmət göstərmir. Suriya Müşahidə Qrupunun məlumatına görə, elə bu həftə İD iki ailəli qadını “falçılıq” ittiham ilə ölümə məhkum edib və onların boyunları qılıncla vurulub.

"İslam dövləti" müqəddəs Ramazan ayı dövründə qəddar cəza və edamların sayını artırıb.

Bu da xəbər verilir ki, bu yaxınlarda İraqın Saluhiddin əyalətində bir “cadugər” də daxil olmaqla bir neçə nəfər edam edilib.

Floridada mənzillənmiş Terrorizm, Araşdırma və Təhlil Mərkəzindən Veryan Khan deyir ki, cadugərlik və falçılıq kimi “cinayətlərə” görə edamları həyata keçirməklə İD həm də bu şeylərə inandığını və onları təhlükə hesab etdiyini göstərmiş olur.

Oruca görə çarmıx

Məqalədə vurğulanır ki, İD müqəddəs Ramazan ayı dövründə qəddar cəza və edamların sayını artırıb.

İyunun 30-da əl-Məyadində 11 nəfər diri-diri çarmıxa çəkilib. Onların yaxasından asılmış lövhədə yazılmışdı: “Orucu bircə gün pozmağa görə 70 şallaq və çarmıx”.

Suriya Müşahidə Qrupu xüsusilə vurğulayır ki, bütün sözü gedən edamlar iyun ayının bir həftəsinin üç günü ərzində həyata keçirilib.

Təşkilat xəbər verir ki, İD-in yaydığı videoda 15 nəfərin üç üsulla edam edildikləri görüntülənir.

Onları qəfəs içində suya salmaqla, başlarında bomba partlatmaqla və diri-diri yandırmaqla edam ediblər.

“Diplomatik edamlar”

Ötən cümə günü "İslam Dövləti" adlanan təşkilat Tunisdə güllələnmiş 38 nəfərin ölümünə görə məsuliyyəti öz üzərinə götürüb. Daha 27 nəfər Küveytdə Şiə məscidinin partladılması ilə öldürülüb.

Veryan Khan bildirib ki, "İD"nin edamları əslində dini qaydaların pozulmasına görə cəza deyildir və bunlardan siyasi məqsədlərlə istifadə olunur.

“"İslam Dövləti" edamlardan yerli əhalini qorxu altında saxlamaq, dünya liderlərinə bir növ “diplomatik notalar” vermək və daha geniş səfərbərlik üçün təbliğat aparmaq məqsədləri üçün istifadə edir” – deyib Khan.

XS
SM
MD
LG