Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:52

Bir ailə başçısı təsəvvür edin ki...


Rəşad Babalı
Rəşad Babalı

-

"Qızım 2 ildən sonra məktəbə gedəcək. Artıq indidən məni fikir götürüb ki, hansı məktəbə qoyacam.

Eybəcərləşdirilmiş, insan, vətəndaş deyil, debil yetişdirmək üzrə ixtisaslaşmış Azərbaycan təhsilinə uşaq tapşırmaq ət maşınına insanı diri-diri salmaq kimi bir şeydi."

Rəşad Babalı

SƏXAVƏTLİ XƏSİS

Bir ailə başçısı, ata təsəvvür edin ki, tez-tez dost-tanışa qonaqlıqlar verir. Özü də ən bahalı məkanlarda.

Üstəgəl çalışır ki qonaqları tanınmış adamlar olsun. Verdiyi ziyafətlərdən çox adamın xəbər tutmasını istəyir. Bundan əlavə, ondan pul-para istəyənlərə səxavətini əsirgəmir.

Amma hər adama vermir ha! Əgər bilsə ki, həmin kəs onun bərkgedən, yeyib-içən, yaxşı oğlan olması barədə məlumatlar yayacaq, həmin adama cibləri sonuna qədər açıqdır.

Toylarda hamı görsün deyə, şabaş yağışı yağdırar, ictimai ianə kampaniyalarında ən böyük məbləği yazdırar.

Bu ata sevgili saxlayar. Özü də gözəl və məşhur olsun. Amma məşuqəsinin olmasını da tam gizlətməz. Çalışacaq “lazım” olan adamlar bunu bilsin. Onlar da “lazım olan” yerlərdə danışsınlar.

Qısacası, bu ailə başçısı kənara xeyli səxavətlidi. Üstəgəl, səxavətli görünməyi üçün də səxavətlidi. Amma di gəl, evdəkilərə belə deyil.

Yoldaşı zəruru ehtiyaclara görə ondan zorla pul qopardır. Elə verir ki, sanki dilənçiyə pul atır. Uşağı dondurma üçün pul istəyəndə çımxırır:

“Bezdim eee, anan da, sən də boğaza yığdınız lap. Dondurma boğazını ağrıdar. Bundan sonra verilənlə qane olun”.

Ümumiyyətlə, ailənin xərci “ailə başçısı”na dağ boyda görsənr.

Bu cür ailə başçısı təmsili tipi 1-ci Avropa Oyunlarına ev sahibliyi edən Azərbaycandır. Birbaşa eyniləşdirməsəm də, aşağı-yuxarı eyni tipajdı.

Evdən çölə əliaçıq hökumətimiz var. Avropada qayırtdırmadığı kilsə, muzey, qala qalmadı. Ölkədə ekzotik adla tədbirlər keçirib dünyanın avaragor ekslərini yığıb tədbir adına tədbirlər keçirdirik.

Nədi-nədi desinlər ki, Azərbaycan filan tədbirlərə ev sahibliyi edir. Dünyanın uzaq durduğu bahalı idman aksiyalarını Azərbaycan göydə qapır.

Özünü göstərmə kampaniyasının siftəsini elədik. Adımızı reklam etmək adıyla sırıdılar bizə. Bu “ölkəmizi tanıdırıq” trendi nəyə xidmət edir?! Hansı müsbət nəticələri olacaq?! Qarabağ məsələsinin həllində nə işə yarayacaq?!

Bu barədə hökumətdə belə aydın təsəvvürlərin olmadığına inanıram. Populyarlığın bu cür problemlərin həllində hansısa əsas və ya ciddi rol oynadığı rastıma çıxmayıb.

Həm də ki, Azərbaycanın can atdığı tanınma “dolma”, “Sarı gəlin”, “qonaqpərvərlik”, “təbiət mənzərələri”, "gözəlləşən şəhər” anlayışlarından uzağa getmir.

Dünyaya tanıdaq ki, dadlı yeməklərimiz var, insanlarımız mehribandırlar, şəhərimiz dəhşət gözəldi, inkişafda bizə çatan yoxdu və s. Ola bilər vermək istənilən mesaj başqadı. Lakin ortada bu görüntü var. Belə bir imicin geopolitikada elə də çəkisi yoxdur.

Evdən çölə səxavətli olan “ata”nın ailəsində insanlar artıq kreditləri ödəməkdən imtina edirlər. Keflərindən deyil, yoxdu, ödəyə bilmədiklərindəndir.

Vəziyyət o hala gəlib ki, bankların məhkəmələrə göndərdikləri işlər dağ boyda qalaqlanır. Çevik tərpənən borclular məhkəmə katiblərinə xırda cibxərci verirlər ki, onların işini ən alta salsın. Yəni işinə baxılmasını bir müddət gecikdirsin.

İnsanlar kreditləri heç də bir-birilərilə mal-mülk yarışması üçün almayıblar. Ən zəruri ehtiyaclar üçün alınıb. Ölkənin adam günündə olan bir sahəsi olmadığından özləri əlac qılmaq istəyirlər.

Yer əkən kəndli toxum və yanacaq üçün, xəstə elementar naxoşluqlardan tutmuş ağır bəlalara qədər, evsiz başının üstündə uçuq-sökük dam üçün, kimisi toy etməyə alır o kreditləri.

Halbuki normal, sözün həqiqi mənasında inkişaf etməyi qarşısına məqsəd qoymuş ölkələrdə kəndli ya güzəştli kreditlərdən istifadə edir, ya da dotasiyadan. Bizdə rəsmi olaraq bu ikisi var guya. ancaq kar sultana da bəllidi ki, necə verilir.

Sosial şəbəkələrdə tez-tez xəstələr üçün yardım kampaniyalarının keçirilməsi qarşımıza çıxır. Bu qədər xərc töküb gurultulu Avropa Oyunları keçirən ölkənin insanı niyə yardım dilənməlidi?!

Fişənglərə doldurulub sovrulan milyardlarla səhiyyə sahəsində sığorta sistemini işə salmaq olardı. Maaş azdı deyə, qatillərə çevrilən Azərbaycan həkimlərinin bəhanəsini rahatlıqla əllərindən almaq olardı.

Özünün və yaxınlarının canıyla əlləşən, çarəsiz vəziyyətdə olanların vecinə deyil bayraq elə qalxdı, filan qədər qızıl medal aldıq, cart-curt.

Ölkədə vicdanlı statistika aparılsa onkoloji və şəkər xəstələrinin miqyasından dəhşətə düşmək olar. Hələ mən digər xəstəlikləri demirəm. “Möhtəşəm” oyunlar keçirən ölkənin vətəndaşları qonşu ölkələrdə şəfa axtarışındadırlar.

İnsanlarımızın həyatı xaricdən idxal etdiyiniz dılğır idmançılardan önəmsizdimi?!

İnsanlarımızın həyatı xaricdən idxal etdiyiniz dılğır idmançılardan önəmsizdimi?!

Fəaliyyətiniz göstərir ki qara qəpiyə də dəymirik.

Qızım 2 ildən sonra məktəbə gedəcək. Artıq indidən məni fikir götürüb ki, hansı məktəbə qoyacam. Eybəcərləşdirilmiş, insan, vətəndaş deyil, debil yetişdirmək üzrə ixtisaslaşmış Azərbaycan təhsilinə uşaq tapşırmaq ət maşınına insanı diri-diri salmaq kimi bir şeydi.

Maşından keçənlərin durumu da göz qarşısındadı. Seçkilərdə saxtakarlığa cəlb edilən müəllim tayfasını daha şərəfli maaşa layiq etmək olardı. Adım kimi bilirəm belə bir istəyiniz yoxdu. Lakin mən yenə deyim, sonra orda-burda deməsinlər ki təkliflər vermirsiniz.

İstənilən inkişaf etmiş ölkənin bel sütunu kitabdır. Kitabsız böyüyən, dünyada sayılıb seçilən ölkə olmaq mümkün deyil. Kitab sahəsinin inkişaf etdirilməsi barədə xüsusi dövlət proqramları olur.

Yaxşı anlyırlar ki, kitab sektoru özbaşına, kommersiya qanunları ilə irəliləyə bilməz. Mütləq dəstək lazımdı. Məsələn, kitab nəşrinə aid olan bir çox sahələrə (nəşriyyatlar, yayım, satış obyektləri, "book cafe"lər və s) vergi güzəştləri edilir.

Şəhərlərin ən bahalı yerlərində açılan kitab mağazalarının kirayəsi bəzən qismən, bəzənsə tam olaraq dövlət və ya fondlar tərəfindən ödənilir.

Almaniya "kimi ölkə belə", hər il şagirdlər arasında oxu müsabiqələri keçirir. Allahın “acından ölən” Gürcüstanında belə, dövlətin əli daim kitab sektorunun üstündədi.

Maksimum 5 milyon oxucu arealı olan gürcü dilində nəşr olunan kitabların çeşidi və tirajını Azərbaycanla müqayisə etmək…. nəysə, cəhd etməyə belə dəyməz.

Yerə göyə sığdırmadığınız AO-nun keçirildiyi Azərbaycanın Bakıdan, Sumqayıtdan və Gəncədən başqa hansı şəhərində kitab mağazaları var?! 2-3 cərgə kitab satılan dəftərxana ləvazimatları dükanlarını saymıram.

Ən tirajlı kitab 9 milyonluq respublikada 10 mini ötmürsə, asiyalısınız. Siz haranızla özünüzü avropalı sayırsınız?!

Ola bilər daha bir neçə rayon mərkəzində kitab mağazası olsun.

Ancaq özünü Avropanın bir hissəsi sayan ölkənin 30 minlik yaşayış məskənində niyə kitab dükanı olmasın?!

Ən tirajlı kitab 9 milyonluq respublikada 10 mini ötmürsə, asiyalısınız. Siz haranızla özünüzü avropalı sayırsınız?! Qlamurluqla bir yerə qədər.

Onu ərəblər Avropa şəhərlərində edirlər. Lakin heç bir rəğbət qazanmırlar. Hər rayonda cəmi bir kitab mağazası saxlamaq üçün cəmi illik 10 min pul lazımdı. Bu da 1-2 illik. Yəni yer haqqına və işçilərin xərci.

Tədricən satış qaydasına düşsə, o xərc də azalacaq. Bütün rayonları da götürsək, ildə heç bir milyon da etməz. Daha bir milyon da nəşriyyatlardan alın ƏDV-ni kompensasiya etsin. Bilirəm, gözünüzə bu məbləğ çox görsənəcək. Çünki siz qısa müddətə əldə olunan parıltını nailiyyət istəyirsiniz.

AO-na xərclənən (burada sovrulan da oxumaq olar) pulu kiçik və orta sahibkarlığın inkişafına da xərcləmək olardı.

Mexanizmləri barədə dəqiq bir söz deyə bilməyəcəm. Çünki mütəxəssis deyiləm. Amma ən azından güzəştli kreditlər vermək olardı.

Bir sözlə “möhtəşəm” deməkdən doymadığınız Avropa Oyunlarının hansı bədxərclik hesabına başa gəldiyini bu tezliklə anlamayacağıq. Hələ bir müddət keçməlidi.

Nələrin olacağını proqnozlaşdırmıram, lakin ən optimist ekspertlər belə, yaxşı heç nə vəd etmirlər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG