Keçid linkləri

Təcili xəbərlər

Azərbaycanda «Belarus sindromu»...


A.Lukashenka və İlham Əliyev
A.Lukashenka və İlham Əliyev

-

CƏMİYYƏT DƏ AİLƏYƏ BƏNZƏR...

Lev Tolstoy «Anna Karenina» romanının lap girişində yazır ki, bütün xoşbəxt ailələr bir-birinə bənzəyir, amma bədbəxtlərin hərəsi bir cür bədbəxtdir...

Düzdür, dərindən baxanda görürsən ki, elə bütün bədbəxtlər də bir-birinə bənzəyir – istər bədbəxt ailələr, istərsə bədbəxt cəmiyyətlər...

Əlbəttə, cəmiyyətlə ailələri eyniləşdirmək çox da doğru olmaz, amma bu müqayisədə bir məntiq də var, çünki «xoşbəxt» və «bədbəxt» anlayışlarını eyni uğurla cəmiyyətə də aid etmək mümkündür. Bu zaman prinsipial bir fərqi də gözardı etməməlisən: cəmiyyət necəliyinin fərqində olmaya bilər, ailələrsə yox...

KARTOF ƏKƏN PREZİDENT...

Bu yazıya hazırlıq görərkən, gözüm Belarusdan bir məlumata sataşdı. Demək, payızda bu ölkədə prezident seçkisi olmalıdır. Hələlik, yalnız bir nəfər qeydə alınmağa vacib 100 min imzanı «toplayıb» – indiki prezident Alyaksandr Lukashenka!.. Zəruri sayda imza toplamayan müxalifət namizədləri vaxtın bitməsinə bir neçə gün qalsa da, MSK-ya imza təqdim etməyəcəklərini bildiriblər...

A.Lukashenka-nın imzaları necə toplaması da maraqlıdır. Yayılmış fikrə görə, iş yerlərində insanların pasportları alınır və beləcə, onları prezidentin xeyrinə imza verməyə məcbur edirlər. Nə isə, bu dəfə Lukashenka əsas müxalifətin opponentliyi olmadan seçkiyə gedəcək. Başqa namizədlər ona elə bir təhlükə törətmirlər...

A.Lukashenka artıq indidən reklam videoçarxları yaymağa başlayıb. Bu çarxlarda prezidentin ailəlikcə kartof əkməsindən və bostanda işləməyindən söz açılır...

PREZİDENT PREZİDENTƏ BƏNZƏR...

Deyəcəksiniz, yazmağa daha sözü qurtarıb. Yox, elə deyil. Sadəcə, nə gizlədim, bir zəifliyim var - avtoritar rejimlərə və onların liderlərinə çox duyarlı yanaşıram. Üstəlik, bu il Azərbaycanda da seçki olacaq, axı. Düzdür, prezident seçkisi deyil, parlament seçkisi olacaq, amma nə fərqi? Seçki seçkidir və necə deyərlər, seçki də seçkiyə bənzər...

İndi Lukashenka da bu vaxtadək o qədər çox yalan danışıb və seçki saxtalaşdırıb ki, indən belə həqiqi seçki keçirməsinə necə inanasan?..

Bəli, bədbəxtlikdən seçki seçkiyə bənzəyir. Hətta bir qədər müxtəlif səviyyəli seçkilər olsa da...

İmza toplaya bilməyən müxalifətin fikrincə, Belarusda insanlar seçkiylə maraqlanmırlar. Niyə? Çünki hər şeyin öncədən bəlli olduğunu bilirlər və boş yerə vaxt itirmək, ən başlıcası, ümidlənmək istəmirlər...

A.Lukashenka-nınsa seçkidən gözləntiləri böyükdür. O ümid edir ki, bu dəfə, nəhayət ki, hamının seçdiyi və etiraf etdiyi prezident ola biləcək...

Amma bu yerdə yalançı haqqında bir məşhur lətifəni necə xatırlamayasan?!. Yadınızda olar, yalançı o qədər yalan danışır ki, bir gün evi həqiqətən yananda, heç kim ona inanmır...

İndi Lukashenka da bu vaxtadək o qədər çox yalan danışıb və seçki saxtalaşdırıb ki, indən belə həqiqi seçki keçirməsinə necə inanasan?..

DEYƏSƏN, VAXTIDIR, AMMA...

Azərbaycanda da müxalifətin tam zəifləyəcəyi və hakimiyyətin gerçək seçki keçirməyə ürək edəcəyi vaxt gələ bilər. Bəlkə də o məqam artıq yetişib – diqqətdən tam məhrum müxalifətdən fərqli olaraq, hakimiyyət daim göz önündədirsə və eninə-uzununa reklam olunursa, demək, gerçəkdən səs toplamaq imkanları çoxdur...

Hakimiyyət bu seçkidə də «ənənəvi» üsullarından yararlansa, bu o demək olacaq ki, artıq onun islah olunmasına ümid yoxdur.

Hakimiyyət istədiyi reytinqi bu il də qazana bilməyəcəksə, onun bu reytinqi daha heç bir vaxt qazana bilməyəcəyini qətiyyətlə demək olar. Yalnız Qarabağın azad olunması və ya ona bənzər bir olay iqtidarı bu cəmiyyətin gözündə qiymətə mindirə bilər...

Şəxsən mənim fikrimcə, hakimiyyət bu seçkidə də «ənənəvi» üsullarından yararlansa, bu o demək olacaq ki, artıq onun islah olunmasına ümid yoxdur.

Ən dramatik vəziyyətsə «Belarus sindromu»nun təkrarlanması ola bilər: Özünün şəksiz üstünlüyünü düşünən hakimiyyət düzgün seçkiyə qərar verər, buna inanmayan cəmiyyətsə seçkiyə gəlməz. Belə durumu təsəvvür edirsiniz? Bu halda hakimiyyət necə davranar?

Təbii ki, seçkiyə gəlməyənlərin də əvəzinə «səs verəcəklər2 və hər şey əvvəlki seçkilərdə olduğu kimi təkrar yaşanacaq...

Elə bu səbəbdən ölkəmizdə əsl seçki görmək ümidləri çox da gerçək görünmür...

Nə etməli? Sual heç vaxt olmadığı qədər ritorik görünür. Axı ancaq nəsə etmək istəyənlər bu sualı verər...

Ümid və arzulara gəlincə, nəyə ümid etsən, nəyi arzulasan, taleni yaşayacaqsan. Tale isə, necə deyərlər, xeyli qəliz məsələdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG