Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:54

Ekspertlər hökumətin «ASAN»laşmasını istəyir


Heydər və İlham Əliyevlərin posteri.
Heydər və İlham Əliyevlərin posteri.

-

Mərhum prezident Heydər Əliyevin siyasi fəaliyyəti, Qarabağ münaqişəsi, vətəndaşların kredit borcları və «Asan Kommunal» mərkəzlərinin yaradılması bu gün medianın aparıcı mövzusudur.

AZƏRBAYCANIN RƏMZİ

Keçmiş prezident Heydər Əliyevin 93-cü ildönümü ilə bağlı «Azərbaycan» qəzeti silsilə yazılarını davam etdirir.

Qəzetin bugünkü sayında Ağsaqqallar Şurasının sədri, deputat Fəttah Heydərovun imzası ilə «Azərbaycanın rəmzi» adlı məqalə dərc edilib. Yazıda Fəttah Heydərov Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə bağlı öz düşüncələrini bölüşür: «Azərbaycançılıq ideyası Heydər Əliyev tərəfindən milli kimliyimizin ideoloji göstəricisi miqyasını aşdı. Eyni zamanda, artıq bu ərazidə yaşayan bütün etnosların birləşdirici gücünə çevrildi. H.Əliyevin azərbaycançılıq ideyası həm də mükəmməl bir ideologiyadır. Azərbaycanda yaşayan bütün insanları ayrı-seçkilik qoymadan, vahid amal, vahid dövlət, vahid maraqlar ətrafında birləşdirir».

F.Heydərov yazır ki, deputat seçildiyi Qəbələ rayonunda müxtəlif millətlərin nümayəndələri əsrlərdir qarşılıqlı hörmət və ehtiram şəraitində yaşayır.

Onun fikrincə, «Multikulturalizm azərbaycanlıların həyat tərzidir» deyimi tamamilə real əsaslara söykənir: «Uzağa getməyək, elə şifahi və yazılı xalq ədəbiyyatı nümunələrimizdə, dastanlarımızda azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar mövcuddur. Bizim «qonaqpərvərlik», «hörmət», «əsl azərbaycançılıq» dediyimiz dəyərlər dünyanın siyasi leksikonunda məhz «multikulturalizm» adlanır».

Kredit. Foto arxiv.
Kredit. Foto arxiv.

XALQLA MÜHARİBƏ

«Azadlıq» qəzeti kredit borcları ilə bağlı vəziyyəti təhlil edib.

Bu mövzuda dərc olunan məqalədə deyilir ki, kredit borcunu ödəməyənlərə qarşı daha sərt cəzalar nəzərdə tutulur və Milli Məclisdə bu məsələ müzakirəyə çıxarılacaq. Müəllif bunu «xalqla müharibə» kimi dəyərləndirir: «Deməli, kredit borcunu ödəyə bilməyənlərə «qəsdən ödəmirsən» ittihamı irəli sürüləcək və bu yolla vətəndaş daha böyük borcla yüklənəcək. Dünənə qədər borcunu vaxtında ödəyən adam bu gün bu qabiliyyətini itirib və bunun faktiki əsasları var. İri market sahibləri üsyan edirsə, böyük şirkətlər fəaliyyətlərini dayandırırsa, sadə vətəndaşların vəziyyətini təsəvvür etmək çətin deyil».

Məqalədə qeyd edilir ki, hökumət islahatlara getməkdənsə, cəzaları sərtləşdirmək yolunu seçib: «Hökumət yaranmış problemin həllinə nail olmaq, həqiqi anti-böhran tədbirləri həyata keçirmək əvəzinə xalqla müharibə elan edir. Mənasız layihələrə milyardlar xərcləyən zehniyyət əhalinin borc yükünü azaltmaq üçün heç bir addım atmır».

Müəllifin düşüncəsinə görə, əgər hakimiyyət güzəştlərə getmirsə, o zaman xalq da 120 milyard neft pulunun hesabını hakimiyyətdən tələb etməlidir: «Əks halda, bu kredit bataqlığı çoxları üçün cəhənnəmə çevriləcək».

S.Sarkisian Xankəndində.
S.Sarkisian Xankəndində.

TƏXRİBAT

«Novoye Vremya» qəzeti «Ermənistan müharibə təxribatı törədir» sərlövhəli məqalədə bu ölkədə «Dağlıq Qarabağ Respublikası»nı qanunvericilik səviyyəsində tanımaqla bağlı müzakirələrdən bəhs edir.

Məqalədə vəziyyətin bu həddə çatmasına görə ATƏT-in Minsk Qrupu ciddi şəkildə tənqid edilir: «Minsk Qrupu yalnız apreldə əməliyyatlar başladıqdan sonra buna reaksiya verir. Amma Azərbaycanın təmas xəttinə yaxın yerdəki əhalisi atəşə tutulanda, susurdu».

Müəllif sonradan bu sənədin parlamentin müzakirəsinə çıxarılmasının dayandırılmasını isə Ermənistanın irimiqyaslı hərbi əməliyyatlardan çəkinməsi kimi izah edir: «Amma heç kəs zəmanət verə bilməz ki, bu məsələ bir də qaldırılmayacaq. Odur ki, vasitəçilər məsələyə vaxtında reaksiya verməlidirlər».

ASAN Xidmət
ASAN Xidmət

HÖKUMƏTİN «ASAN»LAŞMASI LAZIMDIR

«Bizim Yol» qəzeti isə «ASAN Kommunal» mərkəzlərinin yaradılması haqda dövlət başçısının fərmanını ekspertlərlə müzakirə edib.

İqtisadçı Natiq Cəfərli qəzetə deyib ki, «ASAN Xidmət» özünü müsbət tərəfdən doğruldub. Onun yeni sərəncama münasibəti isə belədir: «İstər Bakıda, istər ölkənin rayonlarında kommunal xidmət sahəsində çoxsaylı problemlər var».

İqtisadçı bir təklif də verir: ««ASAN Xidmət» uğurlu modeldirsə, özünü doğruldursa, hər şeyi ona verməkdənsə, hökumətin özünü «ASAN»laşdırmaq lazımdır. Yəni, «ASAN Xidmət»in təcrübəsindən hökumət və dövlət qurumlarında da istifadə etmək lazımdır. Tək kommunal sahədə yox, digər sahələrdə də işlər getməlidir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG