Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 12:52

Vaqif Səmədoğlu: «İqtidarın vəziyyəti elə deyil ki, mən onlara həsəd aparım»


Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Şair Vaqif Səmədoğlu bu günlərdə Azərbaycan Kinematoqrafçılar İttifaqına üzv oldu. Bu, təbii ki, kino aləmində bir neçə ssenari müəllifi kimi tanınan 73 yaşlı şairin yeni sevdasından soraq vermirdi. Bu, ittifaq sədri Rüstəm İbrahimbəyova bir dəstək idi deyəsən. Amma yaxşı olar ki, səbəbi öz dilindən eşidək.

Beləliklə, Vaqif Səmədoğluna zəng vurdum və məlum oldu ki, Nardarandakı bağında istirahət edir. Yarızarafat, yarıgerçək tonda bir söhbət alındı...

- İki köpək, bir mən və bir külək...

- Bu, şeir oldu artıq.

- Artıq hə, sərbəst şeir.

- Vaqif müəllim, şeir yazırsızmı bu günlərdə? Əvvəl deyirdiz ki, hər gün yazıram.

- Hər gün demək olar ki, yazıram. Mütləq deyil ki, kağıza yazasan, insan dilində, Azərbaycan dilində yazasan. İndi külək əsir, külək dilində şeir yazmışam. Yağış yağsa, yağış dilində yazacam. Ölürəm də bulud ləhcəsində şeir yazmaqdan ötrü. Amma heyf ki, lüğətlər yoxdur. Məsələn, yağış-Azərbaycan dili izahlı lüğəti yoxdur.

- Sizinlə danışmaq istəyənlər həm də «Facebook»a gəlirlər. Nədir bu «Facebook» sevgisi? Yazıçılar İttifaqının sədri Anar da dedi ki, çoxillik dostu – sizi onun əlindən «Facebook» ala bildi.

- Anar müəllim onu paxıllıqdan dedi. Çünki özü «Facebook»a-zada girə bilmir. Ümumiyyətlə, bu texniki məsələlərdə Anar ləng düşünən adamdır. Özü girə bilmir, mənə paxıllıq edir.

- Bu sosial şəbəkədə Sizi cəlb edən nədir?

- «Facebook» olmasaydı, disput.az olmasaydı, mən indi gərək gedib bulvarda yaşıdlarımla oturub domino, nərd oynayaydım. Onlarla söhbətdə sovet hakimiyyətini yada salıb nostalji hissiylə, səsim əsə-əsə deyəydim ki, bax, onda tibb pulsuzuydu, təhsil pulsuzuydu. Yalandır! Sovet dövründə heç vaxt tibb pulsuz olmayıb, təhsil pulsuz olmayıb. Rüşvət, pul-pay necə o vaxt alıblarsa, indi də alırlar... «Facebook»da isə gənclərlə söhbət edirəm, məsləhət verirəm. Gənclərin mənə yönəlmiş təhqirlərini oxuyuram, güclənirəm. Məsələn, o gün biri yazıb ki, sənin 73 yaşın var, «Facebook»da nə işin var? Heyrətə gəldim. Bizim cavanlara nə olub belə aqressivdirlər? Amma əksəriyyət burda məni çox sevir, etibarlarını qazanmışam.

- Bu günlərdə Rüstəm İbrahimbəyova da dəstək verdiz, kinoittifaqa üzv olduz. Səbəb nəydi, niyə belə jest etdiz?

- Səbəb... Bax o gün bir oğlana demişəm ki, mənim kino sahəsində elə də böyük nailiyyətlərim yoxdur, bir neçə ssenarinin müəllifiyəm. Götürüb yazıb ki, guya mən kinoda çox böyük nailiyyətlərim olduğunu demişəm. A bala, o sözü Charlie Chaplin deməz, Federico Fellini deməz. Mən niyə elə idiot ifadə işlədim? Müəyyən uğurlarım var. Bir də Rüstəm müəllimlə uşaqlıqdan dostuq, bir yerdəyik. Mən də istədim onun yanında olum, ayrı düşməyim. Yaxşı deyil. Sonra xatirələrimiz, gəncliyimiz mənə də, Rüstəmə də nə deyər, hə?

- Nə deyər? Vəfasız?

- Deyər ki, mən elə bildim siz böyüyəndə kişi olacaqsız. Siz də belə çıxdız.

- Kino ilə bağlı əlavə qurumun yaradılmasına necə baxırsız?

- Mən onlara uğur arzulayıram. Səmimi-qəlbdən, yaradıcılıq, kino naminə yaradıblarsa (orda çox istedadlı, mənim dərin hörmət bəslədiyim adamlar var), onlara uğur arzulayıram.
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
Amma şeiri, romanı heç bir yazıçının yerinə Yazıçılar Birliyi yazmayıb. Filmi də Kinematoqrafçılar İttifaqı heç kimin əvəzinə çəkən deyil. Nə Rüstəm İbrahimbəyov onların yerinə film çəkəndir, nə də Şəfiqə xanım Məmmədova. Yaradıcılıq baxımından düşünülübsə, çox yaxşı. Amma Rüstəm İbrahimbəyovun son vaxtlar siyasi, ictimai məsələlər haqda dediyi fikirlərlə razılaşmayan hakimiyyət qüvvələri yaradıbsa, bu, çox pisdir.

- Rüstəm İbrahimbəyovun da üzvü olduğu bir təşkilat var – Ziyalılar Forumu. Onun işini izləyirsizmi, ora üzv ola bilərsizmi?

- Ora yox, yox! Görünür, Rüstəmlə yaşıd olsaq da, mən ondan çox qocalmışam... Onlara da uğurlar arzulayıram. Bircə arzum odur ki, yalnız siyasətlə məhdudlaşmasınlar. Ədəbi, tarixi, mədəniyyət problemlərindən də danışsınlar.

- Vaqif müəllim siyasətə qayıtmaq istəmirsiz? Vaxtilə deputat seçilmişdiz...

- Millət vəkilliyi siyasət deyil. Qanunvericilikdir. Mən o yerə qayıdaram ki, sözüm keçsin. İndi siyasətə qayıtsam dəqiq bilirəm ki, bir sözüm də nə iqtidarda keçəcək, nə müxalifətdə. Səbəb odur ki, öz fikrimi deyirəm. Son zamanlar ölkədəki durum haqqında danışanda müxalifətdən də, iqtidardan da dostlarım mənə zəng vurub eyni sözlərlə ittiham edirlər. Deyirlər ki, bunu səndən gözləməzdik.

- Nədir onları qıcıqlandıran?

- Deyəndə ki, müxalifətdə mitinqləri hazırlamağa nə zəmin var, nə həmin insanlar qalıb (çünki hamısını qaçırıblar, peşəkarları deyirəm, mitinq təşkil etmək ağır işdir) müxalifətdən zəng vurub deyirlər, ya da yazırlar ki, bu nədir, bizi niyə yerə vurursan? İqtidardan da biri zəng vurub dedi ki, bu nədir, onlara mitinq texnologiyasını öyrədirsən? Adam bilmir nə desin?

- Bəs iqtidara sözünüz nədir?

- Heç nə deməyəcəm. Sən də məndən söz ala bilməyəcəksən.

- Niyə müxalifətə deyirsiz, amma...

- Nə deyim axı? İqtidarın da vəziyyəti elə deyil ki, mən onlara həsəd aparım. Elə bilirsiz ki, Qarabağ problemi olan ölkədə iqtidar olmaq asandır? Belə, Şahnaz. Amma sən mənim dediklərimi yaz ha, beləliyimə baxma, ağıllı adamam.
XS
SM
MD
LG